Bənövşə (Miskin Əli)
Görünüş
Bənövşə Müəllif: Miskin Əli |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Mən sənə tərif deyərəm,
Bir neçə xana, Bənövşə.
Gözəlliyini öyərəm,
Gedər hər yana, Bənövşə.
Qaşların bənzəyir yaya,
Sənsən gözəl, ağca maya,
Gəl gedək bizim saraya,
Bax kərəmkana, Bənövşə.
Köksün dağda qara bənzər,
Turuncların nara bənzər,
Səni qucan sara bənzər,
Sığın tərlana, Bənövşə.
Can görmədim sən həvəsdə,
Deyib gülürsən ahəstə,
Dərdindən olmuşam xəstə,
Yetir dərmana, Bənövşə.
Dər gətir dəstə nərgizi,
Sanc telin üstə nərgizi,
Bağışla dosta nərgizi,
Mərdi-mərdana, Bənövşə,
Miskini salma ayağa,
Boyum boyuna sadağa,
Qəbul qılsan sən çırağa,
Ollam pərvana, Bənövşə.