Məzmuna keç

Bənəfşəyə xitab

Vikimənbə saytından
Bənəfşəyə xitab
Müəllif: Mirzəcan Mədətov

Boynu buruq varıb yarın kuyinə,
Dərdi-dilim söylə yarə, bənəfşə!
Üzümə bax, rəngi-ruyim hər nə var
Ərz etgilən o xunxarə, bənəfşə!

Aparsalar səni yar otağına,
Qafil olma, bax soluna, sağına,
Üz sürtüb zülfünə, de qulağına,
Salmasın aşiqin narə, bənəfşə!

Sirr ilə üzündə baxgilən hər su,
Məskən sal telində, söylə mubəmu,
Görsün ki, cananım olmayıb bədxu,
Bir xələl qat o əğyarə, bənəfşə!

Neyləsin mən kimi fəqir əndəlib,
Sən bənəfşə olsan o gülə həbib?
Əgər sən də mənə olasan rəqib,
Görüm günün keçsin qarə, bənəfşə!

Bundan artıq yoxdur sənə bir cavab,
Layiq deyil etmək aşiqə əzab.
İstərsən edəsən dünyada səvab,
Eylə Mirzəcana çarə, bənəfşə!