Bənzər (Aşıq Fətulla)
Jump to navigation
Jump to search
Bənzər Müəllif: Aşıq Fətulla |
Mənbə: Yusif Səfərov (2011). Naxçıvan aşıqları və el şairləri (az). Naxçıvan: "Əcəmi" NPB. 2017-10-05 tarixində arxivləşdirilib. 2017-10-05 tarixində istifadə olunub. |
Sevdiyim, bənzərsən Misir şahma,
O kaman qaşların hilala bənzər.
Düz on dörd gecəlik aydı camalın,
O şəhla gözlərin piyala bənzər.
Bir sənsən, özgəyə gəlmir gümanım,
Sirrim, həm sirdaşım, dinim, imanım.
Yayımna gözümdən əzəli-canım
Sən getsən, işlərim zavala bənzər.
Buxağında əlvan-əlvan gülləri,
Vardır mənim kimi çox bülbülləri,
Məzədi ləbləri, şirin dilləri,
Bu qəndi-şəkərə, o bala bənzər.