Məzmuna keç

Bənzərsən (Nəbi Miskin)

Vikimənbə saytından
%75 tamamlandı
Bənzərsən
Müəllif: Nəbi Miskin
vücudnamə (Bu şeir 1930-cu illərdə toplayıcılar tərəfindən “Koroğlu” dastanına daxil edilib.)
Mənbə: Şair Nəbi Borçalı. Sığındım Mövlaya. Bakı, “Çıraq” nəşriyyatı, 2013. səh.109

Üç yaşından beş yaşına varanda,
Yenicə açılmış gülə bənzərsən.
Beş yaşından on yaşına varanda,
Pətəkdən sancılmış bala bənzərsən.

On dördündə sevda enər başına,
On beşində yaman girər tuşuna.
Çünki yetdin iyirmi dört yaşına,
Bozbulannıx axan selə bənzərsən.

Otuzunda kəklik kimi səkərsən,
İyitlik eyləyib qanlar tökərsən.
Qırxında sən əl haramdan çəkərsən,
Sonası ovlanmış gölə bənzərsən.

Əllisində əlif qəddin çəkili,
Altmışında ön dişlərin tökülü,
Yetmişində qəd-qamətin bükülü,
Karvanı kəsilmiş yola bənzərsən.

Səksənində sinnin enər dizinə,
Doxsanında qubar qonar gözünə.
Nəbim deyər çünki yetdin yüzünə
Uca dağ başında kola bənzərsən.