Bənzisən qızılgülə sən
| Bənzisən qızılgülə sən Müəllif: Mirzə Əli Möcüz |
Səni xuda yaradıb, dilbəra, deyib-güləsən,
Nəinki sallayasan qaşqabağuvi belə sən!
Mən aşiqəm sənə, ey yar, əndəlib kimi,
Cəhət odur ki, bala, bənzisən qızılgülə sən.
Yaralı, xəstə kimi biqərar olur könlüm,
Vuranda şanə, cəvanim, o zülfü kakilə sən.
İlan vuran yatar əmma mənim yuxum gəlməz.
Nolur ki, rəhmə gəlib bir gecə bizə gələsən!
Əgər deyəm: Mənə bir busə ver dodağından!
Deyər: Günahdı, bu, verməm, əgərçi lap öləsən!
Sənə namazi-cəmaət yaraşmaz, ey dilbər,
Firui-dini, qızım, çünki bilmisən hələ sən,
Günah bir bu deyil, aç risaləni bax bir,
Həzar heyf ki, sən bisavadü cahiləsən!
Xuda bahasına bir bistilik soğan verməz,
Əgər qiyamətədək müttəsil namaz qılasan.
Mənim dilimcə anan Fatmaya səlam eylə,
Ki, xəlq ilə edisən xeyli bəd müamilə sən.
Bacayi inki deyə: "Lailahə illəllah!",
Kişisiz övrətə söylər ki: Əclaf, hamiləsən!
Günorta vəxti gedir məscidi-Bərabə tərəf,
Xala, mənə de görüm, xəlqi salmısan ələ sən?
Kimin cəsarəti var yan baxa sizin tərəfə,
Əbəs yerə qoyusan, bacı, qapuva gilə sən.
Nə eybi var, ola gər "camə qəsbi, ca qəsbi".
Namaz vəqti keçir, qollaruvi çırmala sən!
"Dodağın öp balamın!"-söylisən məni-zara,
Həzar bar öpərəm, burnunu əgər siləsən.
Necə qucağa alım mən bu tifli-məsumi,
Üzü-gözü qaralıb, soxmusan bunu külə sən?
Alıb qucağına bir natəmiz uşaq, ey vay,
Çiçək, amandı yetiş, bu uşağı pörtələ sən!
Gənə gəlir Abacım naz ilə bizə mehman,
Gəl, indi ver bu kifir arvad ilə əl-ələ sən!