Şəninə dastan yazıram,
Ay qoşa duran, bəri bax!
Gürcüsən, aysorusan,
Yoxsa müsəlman, bəri bax!
Səf düşdüm, səbr elədim,
Mələksən, insan, bəri bax!
Xəstəyəm, yalvarıram,
Həkimi-loğman, bəri bax!
Gəzmişəm hər mahalı,
Gözəl yoxdu sən cürə, bax.
Yolunda məhbus olmuşam,
Gərdənində zəncirə bax,
Musayisən, Tövrat oxu,
İsayisən, İncilə bax.
İslamısan, and verirəm,
Ayeyi-quran, bəri bax!
Qaş qara, gözlər ala,
Yanaqların xalına bax.
Danışır şirin-şirin,
Ləblərinin balına bax.
Oynayıb-gülməkdədir,
Yoldaşının halına bax.
Yoldaşın bixəbərdir,
Sən təzə cavan, bəri bax!
Zülf tökülüb dal gərdənə,
Qabağa tellər yaraşır.
Burun püstə, dodaq qaymaq,
Yanağa güllər yaraşır.
Abdulla sadağadır,
Kəsməyə əllər yaraşır.
Hazarat, siz də deyin,
Gəlibdi qurban, bəri bax!