Bəs kişilər hanı

Vikimənbə saytından
Rəvayətlər. Bəs kişilər hanı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Teymurləng qoşunu ilə gəlib Azərbaycana çatır. O, qarşıdakı kəndə çapar göndərir ki, qadınlar qiymətli şeylərini götürüb kənddən çıxsınlar. Bizim işimiz kişilərlədir. Onlarla vuruşmağa gəlmişik.

Qoşun çöldə gecələyir. Sübh tezdən əsgərlər kəndə girirlər. Teymurləng kəndi bomboş görüb mat qalır. Əsgərlər bir qoca tapıb onu Teymurləngin hüzuruna gətirirlər. Teymurləng qocadan soruşur:

- Hanı bu kəndin kişiləri?

Qoca deyir:

- Hörmətli hökmdar, siz xəbər göndərdiniz ki, qadınlar ən qiymətli şeylərini götürüb kənddən aralansınlar. Onlar da sizin əmrinizə əməl etdilər.

Teymurləng qocanın sözünün canını başa düşməyib qeyzlə deyir:

_ Bəs kişilər hanı?

Qoca aramla deyir: - Ey hökmdar, dünyada qıza qardaşdan, anaya övladdan, qarıya ömür-gün yoldaşından qiymətli nə ola bilər ki?

Qocanın bu cavabından Teymurləng dərin fikrə gedir və qoşunun kənddən çıxmasına əmr verir.

Mənbə[redaktə]

Tarixi rəvayətlər. Bakı,2014, səh.93-94.