Bəs kim yanacaq?
Görünüş
Bəs kim yanacaq? (21.04.2022) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
Sən yanmasan,
Mən yanmasam, Biz yanmasaq, Nasıl çıxar qaranlıqlar aydınlığa? Nazim Hikmət |
Yanmasaq biz bəşərin halına, bəs kim yanacaq?
Danmasaq biz şəri, həm fitnəni, bəs kim danacaq?
Uçmasaq ülvi səmalarda açıb şəhpəri biz,
Qanadı sınmış o qartal necə pərvazlanacaq?
Dev desək cırtdana istehza yoluyla, lağ ilə,
Bir gün axırda o cırtdan özünü dev sanacaq.
Yaxşılıq qanmayana bir kərə üz versək əgər,
Dolaşıb boynumuza, bir zəlitək sallanacaq.
O kabab ki, sənə minnətlə verərlər kafedə,
O kababdan eyidir evdəki bir kəllə-bacaq.
O qədər zülmə sitayiş elədi cinsi-bəşər,
O səbəbdəndir ədalət obadan düşdü qaçaq.
Söz xiridarları, Teymur, necə gör süfrə açıb,
Bəlkə bir bəndə qonaq oldu deyə biz də açaq…