Məzmuna keç

Bəsdi (Nabina eynimə nəzər eyləyib)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bəsdi
Müəllif: Aşıq Alı


Nabina eynimə nəzər eyləyib,
Duyuram, ahəstə ağlama, Bəsdi.
Çarəsiz dərdimə çarə olmadı,
Yas tutub qaralar bağlama, Bəsdi.

Nadan olub, fərəh umma fələkdən,
Al əhlidi, əl götürməz kələkdən,
Kənar etdi məni arzu-diləkdən,
Dağ üstən sinəmi dağlama, Bəsdi.

Alı bülbül oldu, dünya - qəfəsi,
Çərxi-cəfadardan kəsilər səsi,
Zəngulədə yerin verməz özgəsi,
Daşqın çaylar kimi çağlama, Bəsdi.