Məzmuna keç

Bəsti və çoban

Vikimənbə saytından
Bəsti və çoban
Müəllif: Aşıq Bəsti
Mənbə: Aşıq Bəsti. "Bənövşələr" (PDF) (az.). Gəncə. 2013. 2018-09-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-14.

Xalq içərisində Aşıq Bəsti ilə çoban haqqında belə bir rəvayət də yaşamaqdadır.

Yayın oğlan çağı idi. El yaylağa köçmüşdü. Löyün alaçıqları Ağçınqılda qurulmuşdu. Aşıq Bəsti dağa gedirdi. Yolda bir çobana rast gəldi. Tanımadı. Çoban isə onu lap uzaqdan tanımışdı.

Çoban mindiyi eşşəyini yavaşıtdı. Bəstinin hazırcavablığını yoxlamaq üçün belə bir bayatı çəkdi:

Əziziyəm mən zamın,
Bağda gülə mən zamın.
Qız, gəl üzündən öpüm,
Ləkə düşsə mən zamın.

Bəsti çobanı heç nəfəsini dərməyə qoymadı. Zildən bayatıladı:

Əziziyəm mən zamın,
Bağda gülə mən zamın.
Düş, qoy atan otlasın,
Əgər qaçsa mən zamın.

Çobanı peşmançılıq təri basdı. O, bir bayatı da çəkdi:

Əzizim gördü günü,
Ay çıxdı, gördü günü.
Mərdlərin qaydasıdı,
Söyləməz gördüyünü.

Bəsti çobanı yenə də cavabsız qoymadı:

Əzizim gördü günü,
Ay çıxdı, gördü günü.
Aşığın qaydasıdı,
Dastan elər gördüyünü.

Çoban Bəstidən üzr istədi.