Bəxtiyar (nağıl)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Bəxtiyar Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bir vardı, biri yoxdu. Bəxtiyar adında bir qoca kişi vardı. Bu kişi
çox kasıb idi. Günnərin bir günündə bı kişi işdən yornux gəlib bir az
çaddan, kütdən yeyip yatdı, gecə bir yuxu gördü, səhər tezdən buran
kimi dedi:
– Ay arvad, heybəyə birəz caddan1, şordan qoy, səfərə gedəcəyəm.
Arvat dedi:
– A kişi, nə səfər, hara səfər eliyirsən?
Dedi:
– Ay arvat, sən kişi işinə qarışma. Bir yuxu görmüşəm, gedirəm o yuxunu tapam.
Arvat nə qadır elədi ki, a kişi dəli olma, yuxuya da tamah olarmı? Hər gecə adam min cürə yuxu görür. Olmadı, kişi dedi:
– Ay arvat sən qarışma, mənim dediklərimi hazır elə.
Arvat qalxıb yol tədariki gördü.
Kişi heybəni atıb çiyninə, arvadnan xudahafizləşib düşdü yolun ağına. Çəkib çarığın davanını, qırıp yerin amanını, günə bir mənzil, teyi mənazil, “nağıllarda mənzil olmaz”. Az getdi, çox getdi, getdi çıxdı bir biyabana. Gördü bir çoban ağır bir sürü qoyun otarır. İtinən eşşəyinən hamı binəsi bırdadı. Bir təhərinən ilə işdərin görünən yaynı özün saldı qoyunun içinə, çobana yaxınnaşıb dedi:
– Bərəkətdi olsun, çoban qardaş. Diyəllər: “Azdın çobana, yoruldun sarvana”. Neçə gündür yol gəlirəm, birəz cadım var qurudur.
Çoban o saat biləylərin çirmiyib bir neçə qoyun sağdı, bir qavlama süd gətirib qoydu Bəxtiyarın qavağına. Bəxtiyar caddan doğruyub qavlamıya toqqanın altın bərkidib istədi getsin, çoban dedi:
– Əmi, hardan gəlib, hara gedirsən? Bəlkə yolun uzaxdı, gözdə birəz yağdan, yavannıxdan hazırrıyım.
Bəxtiyar gördü bı çoban bir yaxşı oğlandı, dedi:
– Bala, mən bir yuxu görmüşəm, gedirəm o yuxunun dalıncan.
Çoban dedi:
– Əmi, nə yuxudu? Yuxunun da dalıncan gedəllərmi? Adam hər gecə min yuxu görür.
Kişi dedi:
– Bəli, oğul, mənim o gördüyüm yuxu elə yuxudu ki, onun dalıncan getməlidi.
Çoban dedi:
– Əmican, gətir o yuxunu maa sat.
Kişi dedi:
– Nə olar, sataram.
Yuxunu çobana açıb, bütün sürüsünü, hətta itini, eşşəyinəcən aldı. Addarın da dəyişib – çoban oldu Bəxtiyar, kişi də oldu Məlik Məmməd. Bəli Bəxtiyar heybəni atıb çiyninə bir biyabannan getməydə olsun. Məlik Məmməd də qoyununu yığıb yavaş-yavaş öz kəndlərinə tərəf gəldi.
Paho, arvad baxdı gördü ki, əri bıdı çoban olub bir sürü qoyun otara-otara gəlir. Dedi:
– A kişi, bı qoyun kimindi, indi də camahat diyəcək Bəxtiyar kişi ağsaqqal çağında gedib xalxa çoban oldu.
Məlik Məmməd dedi:
– Ay arvat, dəli-zad olmamısan, əvvəla xalx kimdi, mən çoban olam. Qoyun özümündü, yuxum ilən deyişmişəm. İkiminci, mən Bəxtiyar deyiləm, mənim adım Məlik Məmməddi.
Arvat elə bildi ki, bı öz əri deyil, ona oxşayan bir adamdı. Dedi:
– Qardaş, bağışda, mən helə bildim sən mənim ərim Bəxtiyarsan, ona görə belə dedim.
Məlik Məmməd arvadının gicdiyin əvvəldən bilirdi, dedi:
– Ay arvat, karıxmısan? Bəs mən sənin ərin deyiləm, kiməm? Yuxunu dəyişəndə adımı da dəyişmişəm.
Arvat o saat başa düşüb, səvindiyinnən ərinin başına fırfır fırlanırdı. Elə bil cəhrə talğalağıdı.
Məlik Məmməd ilən arvadı bırda kef eləməkdə olsunnar, sizə kimnən xəbər verim Bəxtiyardan. Bəxtiyar az getdi, üz getdi, dərətəpə düz getdi, gəlib axşamçağı çıxdı bir şəhərin qırağına. Onda yetdi gördü ki, şəhərin dərvazaları təzəcə bağlanıb, Bəxtiyar nə qədər elədi, onu şəhərə bıraxmadılar. Çəkilib yoldan kanar difarın dibində həybəni qoydu başının altına uzandı.
Çoban adamdı, çöldə yatmağa adət eləmişdi, o saat yuxu tutdu yatdı. Səhərə yaxın gördü bir adam, “Bəxtiyar, Bəxtiyar!” diyib çağırırlar. Ağa durup o yana, bı yana baxıb gördü ki, kim isə qalanın başınnan çağırır. Qalanın başınnan genə səsləndi ki, niyə durubsan, gəl tut, səhər açılır, mən də bu saat gəlirəm. Bəxtiyar irəli yeriyip gördü bir xurcun ağır şeydi. Xurcunu yerə qoydu. Bir az keçmişdi ki, gördü həmən adam yedəyində iki at bir balaca qapını açıb hasardan çıxdı çölə, genə qapını bağladı. Üzün Bəxtiyara tutub dedi:
– Nə durmusan, tez ol, xurcunu bağla atın tərkinə! Min atına, qaçax. Bı saat atam duyuğ düşər, ikimizi də tutdurub öldürdər. Axşamnan bəri neçə dəfə gəlib qalanın başına işarə iləmişəm, görmişəm yoxsan, axırmıncı dəfə istəyirdim evə qayıdam. Ağlıma gəldi ki, bəlkə yatıb, qayıdıp difarın başınnan baxam görəm nə, yatırsan! Neynək, tay əvdən çıxmışam. Tez ol, atı min qaçax.
Bəxtiyar qalmışdı mat, bilmirdi bı neçə sirdi. Nə desin, bının adın bı hardan bilir, bı adam kimdi? Axırda “Allaha pənah” diyib mindi atı, bı adam qabaxcan, Bəxtiyar da bının dalıncan başladılar qaçmağa, ta sabah oluncan qaçdılar.
Səhər açıldı. Bəxtiyar gördü bı bir qızdı ki, yemə-işmə bının xəttixalına, gül cəmalına tamaşa elə. Qız dönüb geri baxanda nə gördü, bının dalıncan gələn elə bir çobandı ki, heç ömründə alça turşsu dadmayıb. Qız mat-məhətdəl qalıp bilmədi nə disin. Birəz sora özün yığışdırıp dedi:
– Oğlan, adın nədi?
Bəxtiyar cavab verdi:
– Xanım, neyə gecə özün çağırmırdın, indi bəs niyə tanımırsan?
Qız dedi:
– Sənin də adın Bəxtiyardı?
Oğlan dedi:
– Xanım, bəli, necə məndən də başqa Bəxtiyar var idi? 73 Xanım cavab verdi:
– Bəli, var idi. Bil, agah ol, ey Bəxtiyar, mən həmən şəhərin paçcahının qızıyam. Adıma da Pərizad xanım diyəllər. Atamın vəkilinin bir oğlu vardı, adına Bəxtiyar diyərdilər. Biz bir-birimizi sevirdik. Amma atam məni Bəxtiyara vermək istəmirdi. İstəyirdi versin vəzirin oğluna. Mən də ona getmək istəmirdim. Odur ki, Bəxtiyarnan vədə qoyduq ki, bu gecə həmən sən yatan yerə gəlsin, mən də atam-anam yuxuya gedəndən sora gəlim qaçax. Mən dediyim kimi elədim, iki at, iki xurcun da qızıl götürüb gəldim. Qəzadən vəkilin oğlu qorxub, ya nə olubsa gəlmiyip, sən gəlib həmən yerdə yatıbsan. Mən də səni vəkilin oğlu Bəxtiyar bilip qaçmışıq. İndi neyniyək, qismət beləymiş, sür atı qaçax atamın torpağından. Nə qədər ki çıxmamışıq, atdan düşə bilmərik.
Bəxtiyar ata bir şallaq vırıb düşdü qabağa, qız da onun dalıncan. Qaçhaqaç “asta qaçana imam qənim olsun” axşama kimi qaçdılar. Axşam günün saraltısı qalanda, başqa bir paçcahın yerinə çatıb atdan düşdülər. Birəz çörəkdən-zaddan yedilər, dincəldilər.
Qız öz-özünə dedi:
– Əyər Bəxtiyar çoban olubsa, genə onnan bir şey olar, yox əyər naxırçı olubsa, axırı heç olacaq. Vaxtıkan bını əkmək lazımdı.
Üzün Bəxtiyara tutub dedi:
– Bəxtiyar, dədəmin güclü ılxısı var, de görüm, ılxıçı ola bilərsənmi? Bəxtiyar dedi:
– Ilxı nədi?
Pərizadxanım dedi:
– Belə bı altımızdakı atın sürüsünə ılxı diyillər. İlxını otarana da ilxıçı diyillər.
Bəxtiyar dedi:
– Xeyr, xanım, mən ılxıçılıq bacarmaram.
Qız dedi:
– Onda atamın çoxlu qaramalı var, naxırçı ola bilirsənmi?
Bəxtiyar dedi:
– Xanım, qaramal nədi, necə olan şeydi, onu da bilmirəm, mən naxırçı ola bilmərəm.
Qız dedi ki, neynək, dəvəçi ol, o da helə, qatırçı ol, o da helə. Qız gördü Bəxtiyar bılların heç birin görmüyüp, dedi:
– Bəxtiyar atamın çoxlu qoyunu var, de görüm, qoyuna getmək bacararsanmı? Qoyun adı tutulan kimi Bəxtiyarın sümüyü oynamağa başladı. Dedi:
– Xanım, elə mənim dədə-baba sənətim çobançılıxdı. Qoyunun lap ölüsünün üstə düşsəm, dirildərəm.
Qız bı cavabı eşidənnən sora bir qədər təskinlik tapdı. Gecənin bir qədərini yatdılar, sabah olana yaxın atdara minib düşdülər yolun ağına. Dərələrdən yel kimi, təpələrdən sel kimi at qavıp gün cəşt olanda bir şəhərə çatdılar, atdarın sürüp bir karvansaraya düşdülər. Atdarın rahlıyıb xurcunnarın götürüp bir hücrə kiralayıp, hücrədə qərar tutdular.
Qız dedi:
– Bəxtiyar, karvansara elə yerdi ki, ora hər adam gəlir. İndi sən çıx bazara bir dəllal tap, əvvəl atdarı sat, onnan sora bir minasip mənzil tut yığışax ora, gətirdiyimiz maldan-dövlətdən xırıd eliyip yeyək dolanax, Allah kərimdi.
Bəxtiyar o saat şəhərə çıxıp bir dəllal tapıb atdarı yaxşı qiymətə satdı. Sora da xana baxçalı-zaddı gözəl bir imarət alıp yığışdılar ora. Pərizad xanım o saat qazı gətirdip öz kəbinin Bəxtiyara kəsdirdi. Bəxtiyarı hamama yolladı, bir dəstə taciryana paltar alıp Bəxtiyara geydirdi ki, Bəxtiyar oldu bir gözəl oğlan. Başdadılar Pərizad xanımnan kef iləməyə.
Bir müddət belə yaşayannan sora, bir gün dəllək gəlmişdi Bəxtiyarın başın qırxsın, nə təhər oldusa, gözü Pərizad xanıma sataşdı. Az qaldı bihuş olsun, bir təhərnən Bəxtiyarın başın qırxıb haqqın almağa da dayanmıyıp özün yetirdi paçcaha. Dedi:
– Paçcah, taxtın tarac olsun, yəhərin qannan dolsun, nə yatırsan?
Paçcah dedi:
– Hə, nə var, söylə görüm!
Dəllək birinin üstə də beşin qoyup qızı o qədər tərif elədi ki, paçcah görməzə-bilməzə qıza aşıq oldu.
Dedi:
– Vəzir, tədbir! Mən gərək nə təhər olsa, o qızı görəm.
Vəzir gülüp dedi:
– Qibleyi-aləm sağ olsun, onnan hasan nə var? Çağırrıx Bəxtiyarı, diyərik sabah günorta saa qonağıq. Qoyduğumuz vaxtdan bir saat qabax gedərik, qəfildən içəri girip qızı görərik.
Paçcah vəzirin tədbirini bəyənip, o saat Bəxtiyarı hüzurına çağırtdırıp dedi:
– Bəxtiyar, eşitmişik, bir yaxşı oğlansan, özün də qəribsən. Saa heç kim sataşmasın diyə, sənnən dost olmaq istəyirəm. Get hazırraş, sabah düz günorta saa qonağıx.
Bəxtiyar baş əyip geri qayıtdı. Yolnan gedə-gedə fikir edirdi ki, bı necə işdi? Taki gəlib evə çatdı. Qız baxan kimi gördü Bəxtiyar bikafdı. O saat durup Bəxtiyarın boynun qucaxlayıp dedi:
– Bəxtiyar, qadan alım, de görüm niyə bikefsan? Bı qərib eldə sən bikaf olanda gör mən nə hala düşərəm. Dərdini gərək maa diyəsən.
Bəxtiyar əhvalatı qıza mən sizə nağıl eliyən kimi nağıl elədi. Qız o saat başa düşdü ki, bu dostuq məsələsi deyil, ayrı məsələdi, özü də əngəl dəlləkdən keçip. Bəxtiyarın ürəyin sıxmamaq üçün dedi:
– Bəxtiyar, qadan alım, niyə bikefsən, burada ki, bir pis şey yoxdu, neyə darıxırsan. Paçcahnan dost olsan, doğrudan da saa xeyri dəyər. Get bazara düyüdən, yağdan, turşudan-qırqovuldan al ver hambala getirsin əvimizə, sabaha ehtiyat görməliyik.
Bəxtiyar bazara çıxıb, tapşırılan şeyləri aldı, qayıtdı evə. O gecəni qıznan keçirdi. Səhər olan kimi başdadılar hazırrıx görməyə. Günortıya bir saat qalmış paçcahnan vəzir qapını açıp girdilər içəri ki, paçcah qızı baş açıx, qolu çırməyli gördü. Paçcah qızı görən kimi bir ox qızın iki qaşının arasınnan qutarıp dəydi paçcahın ürəyinin başınnan. Paçcah bıyılmı ölmüş, bildirmi yıxılıb ürəyi getdi.
Vəzir təz paçcahın üzünə su səpip, birtəhər baş qarışıx ikən özünə gətirdi. Qulağına dedi:
– Oğlu ölməmiş, nə qayırırsan, özünü yığışdır.
Paçcah özün yığışdırıp gəlip otdular ocağın qırağında. Xörək hazır oldu, bir təhərnən birəz zəhərrəndilər. Sonra durup getdilər. Paçcah evinə çatan kimi üzüqoylu yıxılıp dedi:
– Vəzir, tədbir! Bağrım çatdadı.
Dedi:
– Qibleyi-aləm, nə tədbir, sabah çağırıp diyərsən ki, maa gərək cənnət alması gətirəsən, o da hardan cənnət alması tapacax, gedər ya özü gəlməz, boş da gəlsə sən boynun vurdurarsan, ayrı təhəri yoxdu. Gücnən arvadını əlindən ala bilməzsən, səbəbsiz öldürə də bilməzsən, el nə deyər? Gərək bir səbəb tapax, onu da ki, görkəzirəm.
Paçcah vəzirin rəyin bəyənip durdu oturdu.
Səhər olcax Bəxtiyarı çağırtdırıp dedi: – Bəxtiyar, mən naxoşam, həkimlər maa cənnət alması dərman diyip. Qoçağım, gərək nə təhər olsa, maa cənnət alması tapasan.
Bəxtiyar dedi:
– Qibleyi-aləm sağ olsun, mən bir qərip adamam, cənnət almasın hardan tapım, öz vilayətinnən bələd olan bir adama desən yaxşı olar.
Paçcah qəzəplənip dedi:
– Uzun danışma, qırx günə kimi almanı gətirdin gətiribsən, gətirmədin boynunu vırdıracıyəm.
Bəxtiyar ölüsü ölmüş adam kimi qayıtdı əvə.
Qız Bəxtiyarı bı halda görəndə dedi:
– Bəxtiyar, nəyə bikefsən?
Bəxtiyar hamı əhvalatı qıza söylədi. Qız dedi:
– Qorxma, mən saa kağız verərəm, qibləyə tərəf gedərsən, üç gün gedənnən sora çıxarsan dev paçcahının vilayətinə. Mənim bacım bı paçcahın arvadıdır. Kağızı hansı devə görkəzsən səni aparacax paçcahlarının yanına, o nə disə əməl edərsən. Gərək maa söz verəsən ki, farağat duracaxsan, ta arvat-filan getirmiyəcəksən.
Bəxtiyar kağızı alıp Pərizad xanımnan görüşüp ayrıldı. Bazara çıxıb bir saz at alıp minip düşdü yola. Üç gün, üç gecə yol gedip çıxdı həmən dev paçcahın torpağına. Divlər bını gördülər, dedilər aparax bını paçcahımıza soqat, yesin.
Bəxtiyarı gətirdilər paçcahın yanına. Bəxtiyar kağızı verdi. Div gördü paho, bı öz bacanağıdı.
Dedi:
– Bəxtiyar, xoş gəlmisən! Sən hara, bıra hara?
Bəxtiyar əhvalatı paçcaha nağıl elədi.
Divlər paçcahı Bəxtiyarı qonax saxladı. Bir nəfər çağırıp Bəxtiyarı ona tapşırıb dedi:
– Bına cənnət alması lazımdır, bını apararsan hara lazımdı, ora. Sonra div Bəxtiyarı alıp kürəyinə tənur elədi. Üç gün, üç gecə yol gedəndən sora, bir yerdə düşdü. Bir çinar görkəzip dedi:
– Pərilər paçcahının qızı gəlip orada bir bulax var, o bulaxda çiməcəylər. Birinin donun oğurrarsan, onnan sora nə disən, onu iləyəcəklər. Bəxtiyar gəlip həmən yerdə ki, div demişdi, bılağa yavux bir kola girib gizləndi. Bir əzdən sora Bəxtiyar gördü üç göyərçin gəldi, qondu bılağın başına. Dil oldu başdadı bir-birinən danışmağa.
Böyük bacı dedi:
– Bacılar, di soyunun çimək.
Kiçik bacı dedi:
– Bacı, mən pis yuxular görmüşəm çimmiyəcəyəm.
O biriləri dedi:
– Ay bacı, ordan bıra gəlmişik, sən çimməsən, biz də çimmiyəcəyik. Gəl bizi peşiman eləmə.
Axırı kiçik bacı razı oldu. Soyundular çimməyə başdadılar. Bəxtiyar koğanı uzadıp kiçik bacının donun çəkdi. Qızdar çimip çıxdılar, böyük bacıynan ortancıl donnarın geydilər, kiçik bacının donu tapılmadı. Nə qədər gəzdilər, donu tapa bilmədilər. Axırı dedilər:
– Ay donu oğurrayan, səni and veririk nəyə inanırsan ona! Çıx, bizim donumuzu ver. And olsun Süleyman peyğəmbərin başının cıqqasına, nə istəsən verəcəyik.
Bəxtiyar o saat çıxıp dedi: – İndi ki, belədi, bı saat sizdən bir neçə dana cənnət alması istəyirəm, götirin bıra, donunuzu verim. Böyük bacı uçub o saat bir neçə cənnət alması gətirdi, verdi Bəxtiyara. Bəxtiyar da donu qaytardı qızdara, qayıtdı ki, geri gəlsin, gördü həmən donun oğurradığı qız da bının dalınca gəlir. Dedi:
– Ay pərizadə, sən hara gəlirsən?
Pərizad dedi:
– Bəxtiyar, maa adam əli dəyib, məni bir də pərilər öz işlərinə qoymazdar.
Bəxtiyar dedi:
– Nəyniyək, gəl gedək.
Qız bir löh oxuyub Bəxtiyarı elədi bir çöp, aldı cıynağına uçub gəldi düşdü Bəxtiyarın qapısına, genə də bir löh oxuyub Bəxtiyarı elədi adam. Girdilər içəri.
Xanım gördü paho, Bəxtiyar bıdı pərilər paçcahının da qızın gətirir.
Güldü dedi:
– Bəxtiyar, saa gedəndə nə tapşırmışdım?
Bəxtiyar dedi:
– Xanım, vallah, mən gətirmədim, özü gəldi.
Pərizad xanım gülüp dedi:
– Neynək, gəlip, xoş gəlip. Mən də qəribdim həmsöhbət ollux.
Bı qızın da adı Hurizad idi.
Səhər tezdən Bəxtiyar istədi almaları aparsın paçcaha, Hurizad dedi:
– Bəxtiyar, almaları hara aparırsan?
Bəxtiyar:
– Paçcaha, – deyə cavab verdi.
Qız dedi:
– Bəxtiyar dəli olmamışsan ki, o almaları hər kəs yesə, on beş yaşında cavan olar. Ala saa ona oxşayan üç alma verim, apar paçcaha, gətir oları özümiz yəyək.
Bəxtiyar almaları alıp qoydu cibinə. Cənnət almaların özdəri yedi, o biri almaları gətirib verdi paçcaha.
Paçcah gördü paho, Bəxtiyar sağ qayıtdı. Doğrudur, üzdən güldü isə də, amma qarnına sancı doldu. Almanı Bəxtiyardan aldı. Bəxtiyar paçcahdan izin alıp qayıtdı evinə.
Olar yeyip-içməkdə olsun, sizə kimnən xəbər verim, dəlləkdən. Dəllək gəlmişdi Bəxtiyarın başın qırxmağa, gördü paho, Bəxtiyar bir qız gətirip vallah, yemə-işmə onun xətti-xalına, gül camalına tamaşa elə. O biri qız bının əlinə su tökməyə yaramaz. Bir təhərnən Bəxtiyarın başın qırxıp özün yetirdi paçcaha. “Paçcah sənin taxtın tarac olsun, yəhərin qannan dolsun. Həmən Bəxtiyar bu dəfə bir qız gətirip o qabaqkı heç onun əlinə su tökməyə də yaramaz”.
Paçcah dedi:
– Ah, yox.
Dəllək dedi:
– Başın üçün, necə diyirəm, elədi ki var.
Paçcah dedi:
– Vəzir, nə təhər eləyək ki, bir o qızı da görək.
Vəzir dedi:
– Onnan asan nə var, genə qabaqkı kimi qonax gedərik, görərik.
O saat paçcah xəbər yolladı ki, Bəxtiyar sabah axşam saa qonağıx, hazırraş. O biri gün paçcah axşam demişdi, günorta gəldi. Qəflətən elə gəldi ki, qızdarın ikisini də gördü.
Paçcah gördü bı qız, doğrudan da o birinnən min kərrə gözəldi. Bir təhər çörəyi-xörəyi yeyip, qayıtdılar geri.
Paçcah dedi:
– Vəzir, tədbir. Mən paçcah, gədənin biri belə gözəllərə sahab ola, mən ola bilmiyim.
Vəzir dedi:
– Qibleyi-aləm, heç fikir eləmə, onu elə yerə göndərərəm ki, geri qayıtmaz. Sabah sən çağır Bəxtiyarı, deyinən ki, gərək maa Gülüstani baği-İrəmnən gül gətirəsən, yoxsa boynunu vırdıracıyam. Onda o gedər, bir də qayıtmaz.
Səhər tezdən paçcah Bəxtiyarı çağırtdırıp dedi:
– Bəxtiyar, qoçağım, görürəm sən bir qoçaq oğlansan, gərək maa Gülüstani-İrəmnən gül gətirəsən. Qırx gün saa möhlətdi, getməsən boynun vırılacaxdı.
Bəxtiyar gördü ki, danışıqdan bir mırad hasıl olmıyaçax, bıkef, məlul qayıtdı evə. Qızdar gördülər Bəxtiyar çox məyusdı, dedilər:
– Bəxtiyar, niyə bikefsən. Sən bilmirsən ki, sən bikef olanda bı qərib ölkədə biz nə hala düşürük?
Bəxtiyar əhvalatı qızdara nağıl elədi.
Hürizad gülüb dedi:
– Elə bı?
Bəxtiyar dedi:
– Bəli.
Qız dedi:
– Onda, gəl qırx günün hələ otuz doqquzunu yeyək-içək, kef iləyək, qırxımcını da Allah kərimdi.
Başdadılar otuz doqquz gün kef elədilər, qırxımcı gün Hurizad xanım bir löh oxuyub Bəxtiyara dedi:
– Bı löhü oxuyarsan gözünü yumarsan, ha vaxt ayağın yerə dəydi, açarsan, ora Gülüstani-İrəmdi. Bir dəstə qız görəcəksən. Ala bı kağızı, oların içində bir Güli Qah-Qah xanım var, ver ona, o saa gül verər. Amma bizi yadından çıxartma. Bir də bizə gərək söz verəsən ki, farağat duracaxsan. Qız-zad gətirmiyəcəksən. Sora genə bu löhü oxuyarsan, olacaxsan öz evimizdə.
Bəxtiyar löhü alıp düz çıxdı şəhərin kənarına, löhü oxuyup gözdərin yumdu. Bir vaqt gördü, ayağı yerə dəydi, gözin açıp gördü paho, bı elə bir yerdi ki, diyəsən cənnətin bir guşəsidir. Bülbüllər cəh-cəh vırır, güllər pəh-pəh vırır, tamaşasınnan doymax olmır. Bı halda gördü, paho bıdı qırx incə qız çala-çala, oynaya-oynaya gəlir. Diyəsən, Allahtaala xoş günündə, xoş saatında bılları yaradıp.
Bəxtiyar bılları görəndə paçcah da, gül də – hər şey yadından çıxdı. O qədər tamaşa elədi ki, bir vaqt gördü ki, az qalıp gün yatsın, kağızı-zadı da yadından çıxardıp, tez geri döndü. Löhü oxudu, gözün yumdu. Bir vaxt gördü əyağı yerə dəydi, gözün açıp gördü ki, öz qapısındadı. İstədi evə girsin, birdən yadına düşdü ki, ədə sən nəyə getmişdin. Bəs gül hanı, kağızı niyə vermədin. İstədi qayıda Hurizad xanım daldan çağırdı:
– Bəxtiyar, hara qayıdırsan. Bir gəl evə, görək nə olub? Bəxtiyar qayıtdı evə. Gördü paho, həmən Gülüstani-İrəmdə gördüyü qız bıdı bırda oturub.
Hurizad xanım dedi:
– Bəxtiyar, nə qayırdın?
Bəxtiyar əhvalatı nağıl elədi:
– Qayıdırdım, gül gətirim.
Bını eşidən kimi Güli Qah-Qah xanım güldü. O saat ağzınnan bir neçə tabax gül düşdü. Dedi:
– Bəxtiyar, di götür, apar paçcaha ver.
Bəxtiyar gülü götürüp apardı paçcaha.
Paçcah gördü paho, Bəxtiyar ölmiyip, bıdı güli gətirdi. Genə qarnına sancı doldu. Tay bir şey demədi.
Bəxtiyar da rüsxət alıp əvinə gəldi, qızdarın üçünü də başına yığıp başdadı söhbətə.
Səhər açıldı yenə dəllək gəldi Bəxtiyarın başın qırxmağa. Gördü nə, bı dəfə bir qız gətirip ki, o biriləri bının yanında heç nədi. Bəxtiyarın başın ala-tələsik qırxıp özünü yetirdi paçcaha, dedi:
– Paçcah evin yıxılsın, xəbərdən xəbərin var? Sən Bəxtiyarı göndərmişdin ki, ölsün, o bı dəfə bir qız gətirip, o biriləri bının yanında bir köpiyə də dəyməz.
Paçcah bını eşidən kimi dedi:
– Vəzir, gərək bir də Bəxtiyargilə qonax gedək, görək bı qız necədi? Bəli, Bəxtiyara xəbər yolladılar ki, filan gündə, filan saatda saa qonağıx, ehtiyatını gör.
Bəxtiyargil ehtiyat görməkdə olsunlar.
Paçcah vəziri də götürür elə gəldi ki, qızdar xəbər tutmamış evə girip qızın üçünü də gördü. Ta paçcahın boğazınnan xörək keçə bilərdimi? Bir təhər xörəkdən daddı. Durup qayıtdılar əvlərinə.
Paçcah dedi:
– Vəzir, ta mən tifladım, bir əlac. Bını hara göndəririk, sağ gəlir. Neyniyək ki, bının başın batıraq?
Vəzir dedi:
– Qibleyi-aləm, neyniyə billik? Əyər bını öldürdüp arvadın alsan, bı olacax ağ. Xalx da üz döndərər. Gərək bını elə yerə göndərək ki, bir də bıralara gələ bilməsin. Taki, sən də mətləbinə çatasan.
Paçcah dedi:
– Hara göndərək?
Vəzir dedi:
– Qibleyi-aləm sağ olsun, bını göndərək qırx qullunnu at südü gətirsin, bəlkə at bını birtəhər eliyə.
Paçcah vəzirə “afərin” diyib təzədən Bəxtiyarı çağırtdırdı. Dedi:
– Qoçağım, mən naxoşam, həkimlər mənə Qırx qullunnu at südü dərman diyip. Gərək nə təhər olsa onu gətirəsən.
Bəxtiyar fikirrəşip dedi:
– Paçcah sağ olsun, onda maa qırx gün möhlət ver, görüm başıma nə gəlir?
Paçcah möhlət verib dedi:
– Bax, qırx günün tamamında gəlməsən, boynunu vırdıracağam.
Bəxtiyar genə bikef evə qayıtdı. Qızdar Bəxtiyarı bı halda görəndə hərəsi bir yannan yapışıp dedi:
– Bəxtiyar niyə bikefsən, bı nə haldı?
Bəxtiyar əhvalatı nağıl elədi.
Hurizad dedi:
– Elə bı? Hələ gəl otu, otuz doqquz gün kef eliyək, ondan sora Allah kərimdi.
Bıllar otuz doqquz gün kef elədi, qırxmıncı gün Hurizad xanım bir löh oxuyub Bəxtiyara dedi:
– Çıxarsan şəhərdən kanara, bı löhü oxursan, gözdərini yumarsan. Gözüvü açanda görərsən ki, bir təpənin dibindəsən. Təpənin başında bir qalaça var, gedərsən o qalaçaya. Görərsən bir qoca nurani kişi var, o qədər qocalıp ki, onu pambıq arasına büküb qoyuplar uşax kimi beşiyə, onun pambığın dəyişdirərsən. Yırğalayarsan, yatar, dincələr. Ayılanda dərdini ona deyərsən. O saa əlac elər.
Bəxtiyar qız diyən kimi elədi. Gözün açanda gördü doğrudan da bir təlli dibindədi. Yavaş-yavaş təllin başına çıxıp gördü bir qalaça var, qalaçaya girip gördü qız diyən kimi bir pirani qoca kişi var. O qədər qocalıp ki, yumağa dönüb. Tez qocanın yerin aşdı, pambığın dəyişdi, qız deyən kimi rahat elədi.
Qoca yatıp dincələnnən sora gözün aşdı dedi:
– Bəxtiyar, bala xoş gəlmisən! Nə dərdin var?
Bəxtiyar təəccüb elədi ki, bı hardan məni tanır, irəli yeriyib ədəbnən dərdin qocaya dedi.
Qoca dedi:
– Bala, bı çox qorxulu işdi, o paçcah səni öldürmək istəyir. Amma qorxma, mənim qulağımın kirinnən bir az pambığa sürtüp götürərsən. Qarğıdan da bir ney qayırarsan, gün çıxanında bir göl var, gedərsən o gölün qırağında bir quyu qazarsan, girərsən o quyuya. Günortanın istisində atdar gələcək su içməyə, yaxınnaşanda pambığı atarsan suya, su köpürüyüp qalxacax. Onda atdar hürküşüp çəkiləcəklər. O saat sən başdarsan ney çalmağa, onlar toplanacaxlar quyunun başına. Yalvaracaxlar ki, bir də çal, onda sən denən ki, and iç ki, maa dəymiyəcəksən, çıxım çölə çalım.
Hər nəyə and içsə inanma. Amma, elə ki, su pişigi Qəribin canına and içdi onda çıxarsan. Sora nə desən, əməl edər. Bəxtiyar yavaş-yavaş gəlib gölün qırağında bir quyu qazdı. Qoca diyən kimi qarğıdan da bir ney qayırıp gətirdi. Girdi quyuya, başdadı gözdəməyə, elə ki, günorta oldu, Bəxtiyar gördü, bıdı at dalında da qırx qulunu gəlir. Elə ki gölə yaxınlaşdılar, Bəxtiyar pambığı atdı gölə, gölün suyu o saat köprüyüp qalxdı. Atdar bını görən kimi xorruyup geri çəkildilər. Bəxtiyar başdadı tütəyi bir əl çalmağa. O saat atdar yığışdılar quyunun başına. Bəxtiyar təz kəsdi. Ana at başdadı yalvarmağa ki, genə çal.
Bəxtiyar dedi:
– And iş ki, maa dəymiyəcəksən, özü də nə disəm yerinə yetirəcəksən. Çıxım çölə, nə qədər istəyirsən, çalım.
At hər nəyə and işdisə, Bəxtiyar qəbul eləmədi, dedi ki, ta Qəribin canına and içməsən, çıxmaram.
At əlacı kəsilip dedi:
– Qəribin canı üçün saa dəymərəm, özü də nə istəsən müzayiqəm yoxdu.
Bəxtiyar bını eşitcək, çölə çıxdı, başdadı tütəyi çalmağa. Birəz çalannan sora dedi:
– Bilirsən nə var? Bizim paçcahımız azarrıdı, ona sənin südünü dərman diyiblər. Gərək maa o südünnən verəsən.
At dedi:
– Bilirsən, nə var? O paçcah səni öldürmək istəyir. Gəl sən min mənim dalıma. Bərk-bərk tut yalmanımnan. Sən diyinən bıdı atı getirmişəm, gəlin özünüz sağın, qoy gəlsinnər özdəri sağsınnar, görək sağa biləcəklərmi? Hər kim mənim südümü yesə, həmişə cavan olar. Onlara bir gilə də süd vermərəm. Sənin işin o olsun ki, məni paçcaha təhvil vercək get, onnan oyanı mənim işimdi.
Bəxtiyar at diyən kimi elədi, minip atın belinə, gözdərin yumup yapışdı atın bərk yalmanınnan. At qanad bağladı. Bir saat çəkmədi at dedi:
– Bəxtiyar, indi gözdərini aç!
Bəxtiyar gözdərin açıb gördü, paho öz şəhərindədi. Atı sürüp paçcahın qapısına səs elədi ki, atı gətirmişəm. Paçcah nə qədər istəyir, sağsın.
Paçcah çıxıp gördü nə, Bəxtiyar bıdı atı qulunnarıynan gətirip. Dedi ki, atdarı bir möhkəm yerə salın, axşam sağarıx. Atı möhkəm bir yerə salıp, Bəxtiyarı da bıraxdılar getdi evinə.
Elə ki, Bəxtiyar o yana getdi, at qulaxların qələm eliyip harayasa sıçradı. Qulunları da dalıycan üz qoydu bərri-biyabana. Ay qoymayın! Ay qabağın kəsin! Nə olacaqdır? At qabağına gələnin də başın üzüp çıxdı getdi. Xəbər paçcaha getdi ki, atdar belə-belə qaçdı.
Paçcahın dərdi atdaydı ki, onun qarnının ağrısı ayrı idi. Dedi:
– Nə bilim, qaçdı. Qaçanı saxlamax olmaz ki.
O biri tərəfdən vəziri çağırıp dedi ki, vəzir, belə olmaz. Bını hara yollasax, genə gəlip çıxacaq, tədbir! Amma bı dəfə gərək elə tədbir tökəsən ki, bı tələf ola, yoxsa mənim bağrım çatdar.
Vəzir birəz fikirləşib dedi:
– Qibleyi-aləm sağ olsun, sabah Bəxtiyarı çağırtdır, de ki, gərək gedip o dünyadan mənim ata-anamnan xəbər getirəsən. Onda görək nə eləyəcək?
Paçcah tədbirdən şad olub səhər olan kimi Bəxtiyarı çağırtdırdı.
Dedi:
– Bəxtiyar, görürəm, sənnən qoçax adam yoxdu, gərək gedip o dünyadan mənim ata-anamnan maa bir xəbər gətirəsən.
Bəxtiyar dedi:
– Paçcah, ədalətinə güc eləmə, o dünyadan da xəbər getirmək olar? Paçcah bını eşitcək qəzəblənip çığırdı ki, mən saa nə buyururam əmələ gətirməlisən. Qırx gün saa möhlətdi. O dünyadan maa xəbər gətirdin gətirdin, gətirmədin boynunu elə vırdıracağam ki, bir damcı qanın yerə düşməsin.
Bəxtiyar mürəxxas olup gəldi əvinə.
Arvatlar baxdılar gördülər nə? Bəxtiyar ölüp, yerdən götürən yoxdu. Dedilər, Bəxtiyar, gənə nəyə fikirlisən, nə olup, dərdini bizə de bilək.
Bəxtiyar dedi:
– Ay arvat, paçcah, hələ bir nadəhim iş buyurup ki, heç əlacı yoxdur. Maa deyir ki, gərək o dünyadan gedip ata-anamnan bir xəbər gətirəsən, gətirməsən qırx günnən sora boynu vırdıraciyəm. İndi bilmirəm nə eləyim?
Güli Qah-Qah xanım dedi:
– Bəxtiyar, qorxma, get paçcaha deyinən ki, odun toplatsın səni də qoysun üstə. Dörd tərəfinə nefit töküb od vursun. Odunu ancax çox yığdır ki, sən ortasında oturasan, tüstü hər tərəfi bürüyəndə mən səni löh oxuyup bir çöp iləyip gətirəciyəm evə. Ta sorasıynan sənin işin yoxdu. Gör, o paçcahın başına nə iş getirəciyəm?
Bəxtiyarın kefi başdadı şıtırıx çalmağa. Özün paçcaha yetirip dedi:
– Qibleyi-aləm, buyur şəhərdənkənar bir yerdə qırx qatır yükü odun yığsınnar, mən sabah çıxıp odunun üstə oturacıyəm. Dörd tərəfdən neftdiyip od vırsınnar, gedip o dünyadan saa xəbər getirəciyəm. Bəxtiyar qırx yük demişdi paçcah buyurdu, yüz yük yığdılar. Dedi qoy lap sümükləri də yansın.
Səhər Bəxtiyar, paçcah, vəzir, vəkil hamı camahat yığışıp gəldilər həmən yerə. Bəxtiyar çıxıp otdu həmən odunun üstə, dörd tərəfdən nefti tökdülər. Paçcah öz əliynən od vırdı. Odun alışıp tüstü bürüyəndə Güli Qah-Qah xanım bir göyərçin olup düşdü qondu Bəxtiyarın yanına bir löh oxuyup Bəxtiyarı elədi bir çöp, vırdı caynağına birbaş gətirdi evlərinə, bir löh oxuyup genə ilədi adam. Dedi
– Bəxtiyar indi bı şəhərdə lap qoca kimdi, onu tap gətir bıra. Bəxtiyar şəhəri gezip elə bir qoca tapdı ki, tay qocalıqdan yeriyə bilmirdi, bını gətirdi evə. Xanım bınnan soruşdu ki, paçcahın atasını görmisənmi?
Qoca cavab verdi ki, lap babasını da görmüşəm. Güli Qah-Qah xanım şad olup qələm kağız alıp paçcahın yeddimci babasınnan bərinin siyahisini tutdu, vəzirin də elə, vəkilin də elə, dəlləyin də elə. Götürdü onların dilincə paçcaha bir kağız yazdı ki, üzün qara olsun oğul, Bəxtiyarcan da yoxsan, o gəldi bizi yoxladı, sən bizi bir yada da salmırsan? Birin vəzirə, birin vəkilə, birin də dəlləyə öz ata-analarının dilinnən belə yazdı, bir şeyə qoyup asdı Bəxtiyarın böyrünnən. Otuz doqquz gün keçdi, qırxmıncı gün tezdən gəlip külün lap ortasında Bəxtiyarı basdılar külə, arvatdar özdəri qayıtdılar əvlərinə.
O biri tərəfdən paçcah vəzirə əmr elədi ki, gedək o külü dağıtdırax Bəxtiyarının sümüyünün yanığından-zaddan tapax, hamı bilsin ki, o ölüp, sora arvatdarın toyuna başdarıx.
Belçidən, körəncidən götürüp gəldilər külün yanına. Paçcah buyurdu, külü başdadılar kürüməyə. O qədər kürüdülər ki, lap ortaya çatanda, Bəxtiyar birdən külün ortasınnan pırtdayıp çıxdı. Gördülər paho Bəxtiyar bıdı sağdı, böyründə də yekə bir bağlama var.
Bəxtiyar paçcaha baş endirip dedi:
– Qibleyi-aləm sağ olsun, ata-ananı gördüm, kefləri çox sazdır, yaxşıdı, behiştə oturup bir yannarınnan bir süd gölü axır, bir yannarınnan bal gölü axır. Özləri də sənnən çox gileylidilər.
Vəzir dedi:
– Mənimkini də gördünmü?
Bəxtiyar dedi:
– Səninkini də, vəkillərin də, dəlləyin də ata-anasını gördüm. Hamısı paçcahın ata-anasının qulluğunda idilər. Özdəri kağız verib, bıdı bağlamadadır, açın oxuyun.
Bağlamanı aşdılar. Gördülər pə, ulu babalarından bəri hamısının bırda kağızı var, hamısı da giley eləyir ki, sizin üzünüz qara olsun! Bəxtiyarcan da olmadınız, o gəldi, heç olmasa bir bizi gördü. Siz heç yadınıza da salmırsınız.
Paçcah dedi:
– Bəxtiyar, mən getsəm, nə qədər odun lazımdı?
Bəxtiyar dedi:
– Qibleyi-aləm sağ olsun, sən böyük adamsan, gərək sənin odunun on dəfə artıx ola.
Vəzir də, vəkil də hamısı dedilər ki, biz də gedəciyik.
Bəxtiyar dedi:
– Onda gərək odunu lap çox yığasınız.
Paçcah əmr elədi bir dərənin arasına o qədər odun yığdılar ki, ta heç olmıyan kimi. Sora vəzir, vəkil, dəllək, paçcah hamısı bütün qohum-əqrəba, arvat uşaxlarıynan yığışıp otdular. Odunun üstən dörd tərəfdən neft töküb odu vırdılar. Hamısı çığır-çığır yandılar. Qırx gün- nən sora gəlip külü dağıtdılar. Gördülər ki, paçcah nə gəzir, vəzir nə gəzir. Hər yerdən bir ütülmüş adam sümüyü tapılır. Bildilər ki, yanıplar. Yığışıp özdərinə paçcah tikdilər.
Bəxtiyar başdadı bırada paçcahlıx eləməyə. Elə ədalətnən paçcahlıx elədi ki, camahat dedi:
– Ay Allah, elə bı iş çoxdan olaydı? Hamısı Bəxtiyara duaçıdı. Bir gün Bəxtiyar divanxanadan evə gəldi, gördü xanımlar üçü də yatıplar, ta bılları qıymadı oyatsın, elə yıxılıp üçünün ortasında bir şeyə bürünüp yatdı. Bir vaxt Hurizad xanım oyandı, gördü bir dələngavazın biri yıxılıp bırda yatıp, o biri qızdarı da oyadıp əhvalatı dedi olara. Olar da baxıb gördülər doğrudur. Məsləhət qoydular ki, öldürsünnər. Birdən Pərizad xanım dedi:
– Ay aman, dəymiyin bı elə Bəxtiyar özü olacaxdı, çünki o çobannıx eliyip. Bı yatış onun yatışıdı. Qızın biri sağda, biri solda, biri də Bəxtiyarın başının üstə oturup o qədər gözdədilər ki, Bəxtiyar oyandı. Bəxtiyar bıları görən kimi qah-qah çekip güldü. Qızdar dedilər ki, Bəxtiyar niyə gülürsən? Gərək bizi agah eliyəsən.
Bəxtiyar dedi:
– Bırda bir sir var.
O yuxu ki, mən almışdım, indi zahir oldu, ona gülürəm. O kişi görmişdi ki, bir gün onun sağınnan bir ay, solunnan bir yıldız, başının üstünnən bir gün doğub. İndi Hurizad xanım gün, Güli Qah-Qah ay, sən də yıldızsan. Mənim də əsli adım Məlik Məmməd idi ki, o kişiynən dəyişmişdim.