Bəy
Görünüş
Bəy Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Zavallı kasıbı çox incitmə bəy,
Nə dinə xoş gedər, nə də şəryətə.
Şallağı az işlət, nə pis söyüş söy,
Danlanmaq yaraşar deyərlər itə.
Neyləmişdi yazıq Əhməd o günü,
Qaldırdın qamçıda zolaq gönünü.
Yaman insan bəd iş ilə öyünü,
Yaxşı adam kəm baxar bu adətə.
Muzdur Sarı yazıq, fağır kimsədi,
Bir parça çörəyi tapmaqdı əhdi.
Yarırsan başını, azdımı dərdi,
Kim deməz ki, sən layiqsən nifrətə.
Nə sayım, nə deyim çoxdu əməlin,
Pis işə səyriyir həmişə əlin.
Bil ki, çox ağırdı töhməti elin,
Zaman ötər, sən də dönərsən lütə.
Məmmədhüseynə nə varlı var, nə yoxsul,
Qananlara ömür boyu quldu, qul.
Bir səfər et mərifətdən xəbər bul,
Meşə ayısından olmusan ötə.