Bəyistan
Görünüş
| Bəyistan Müəllif: Aşıq Ələsgər |
| Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Qoşma |
Dodağın qönçədi, dişlərin sədəf,
Qaşların qüdrətdən qara, Bəyistan!
Gəl, elə süzdürmə ala gözləri,
Vurma ürəyimə yara, Bəyistan!
Eşq əhliyəm, dərd çəkməkdən üzülləm,
Nəsildən nəcibsən, əslini billəm,
Bir saat camalın görməsəm ölləm,
Görsəm də yanaram nara, Bəyistan!
Qəza-qədər məni kəc dolandırar,
Sevəni sevəndən tez usandırar.
Bülbül özün oda vurar, yandırar,
Qönçə meylin versə xara, Bəyistan!
Ələsgərəm, doğru yoldan azmaram,
Hərcayı gözələ tərif yazmaram,
Yüz il keçsə, əlim səndən üzmərəm,
Çəksələr dilimdən dara, Bəyistan!