BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi
822 saylı qətnamə (1993) Müəllif: BMT Təhlükəsizlik Şurası |
Mənbə |
BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi səbəbi ilə qəbul olunmuşdur. Qətnamə əsasən Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın tarixi ərazisi olan Kəlbəcər rayonunu işğal etməsindən,sonra qəbul olunmuşdur. Qətnamədə deyilir:
Təhlükəsizlik Şurası, Dağlıq Qarabağ münaqişəsinə dair Təhlükəsizlik Şurasının Sədri tərəfindən edilən 1993-cü il 29 yanvar 1 və 6 aprel 2 tarixli bəyanatlarına əsaslanaraq,
Baş Katibin 14 aprel 1993-cü il 3 tarixli məruzəsini nəzərə alaraq,
Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək,
Silahlı hərbi əməliyyatların genişlənməsini və, xüsusilə, yerli erməni qüvvələrinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna sonuncu hücumunu həyəcanla qeyd edərək,
Belə vəziyyətin regionda sülh və təhlükəsizliyə təhlükə yaratması ilə əlaqədar narahat olaraq,
Böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və regionda, xüsusilə Kəlbəcər rayonunda, fövqəladə humanitar vəziyyətlə bağlı ciddi narahatçılığını ifadə edərək,
Regionda bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini bir daha təsdiq edərək,
Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək,
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi çərçivəsində həyata keçirilən sülh prosesini dəstəklədiyini bəyan edərək, və silahlı hərbi əməliyyatların genişlənməsinin bu proses üçün dağıdıcı nəticə verə biləcəyindən dərindən narahat olaraq,
1
[redaktə]Möhkəm atəşkəsin əldə edilməsi məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal dayandırılmasını, həmçinin bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər bu yaxınlarda işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb edir;
2
[redaktə]Münaqişənin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Minsk qrupunun sülh prosesi çərçivəsində həll edilməsi məqsədilə maraqlı tərəfləri danışıqları dərhal bərpa etməyə və problemin sülh yolu ilə həllini çətinləşdirən hər hansı hərəkətlərdən çəkinməyə çağırır;
3
[redaktə]Mülki əhalinin əzablarını yüngülləşdirmək üçün regionda, xüsusilə münaqişəyə məruz qalmış rayonlarda, humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsinə çağırır, bütün tərəflərin beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət etməyə borclu olduqlarını yenidən təsdiq edir;
4
[redaktə]Baş Katibdən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Fəaliyyətdə olan Sədri, həmçinin Müşavirənin Minsk qrupunun Sədri ilə məsləhətləşmədə regionda, xüsusilə Azərbaycanın Kəlbəcər rayonunda, vəziyyətin qiymətləndirilməsini aparmağı, və Şuraya növbəti məruzəni təqdim etməyi xahiş edir;
5
[redaktə]Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır.