Məzmuna keç

Baş nazir İrakli Qaribaşviliyə açıq məktub

Vikimənbə saytından
Baş nazir İrakli Qaribaşviliyə açıq məktub (2015)
Müəllif: Elvin Bantürk


Cənab nazir! Sizə bu müraciəti sadə, işgüzar, vergi verən, aktiv, nəhayət etnik azərbaycanlı olan Gürcüstan vətəndaşı gənclər kimi yazırıq. Sizin işinizin çox, vaxtınızın az olduğunu nəzərə alaraq, müraciətimizi qısa və konkret bildirməyə çalışacağıq. Biz bu müraciəti sizə yazmaq qərarına Gürcüstandaki azərbaycan dilli kəndlərdəki problemləri araşdıraraq gəldik. Kəndləri gəzdiyimiz zaman çox problemlər gördük, amma o problemlərin əsası, kökü, özəyi olan təhsil problemi haqqında sizə məlumat vermək istəyirik. Zənn edirik ki, bu problemləri sizə nazirliyinizdəki Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyasından məsul məmurlarınız bildirmişdir. Xüsusən də özləri o icmadan olan məmurlarınız.

Amma əgər bildirməmişdirlərsə, düşünürük ki, bu müraciətdən sonra həm onların özləri, həm də siz onları bu problemlərin həll edilməsi üçün təlimatlandıracaqsınız.

Cənab nazir! Yuxarıda qeyd etdiyimiz kimi, əsas problem təhsil problemidir. Kəndləri gəzdikcə anladıq ki, kənd məktəblərindəki kadrlar həm çox yaşlı, həm də çox konservativ, sovet dönəminin bilik və dünyagörüşü ilə hərəkət edən, heç bir yeni ixstisaslaşma kursları və atestasiyadan keçməyən müəllimlərdir. Belə acınacaqlı durumda əlbətdə ki. nə Gürcüstan ali təhsil ocaqları, nə də Gürcüstan cəmiyyəti üçün savadlı, mövqeli və yaradıcı gənclər yetişə bilməz.

Cənab nazir! Sizə bu acınacaqlı durumun yaratdığı bəzi sosial, ictimai, siyasi problemləri bildirmək istəyirik:

1.Məktəblərdə təhsilin azərbaycan dilində olması və kadrların çoxunun gürcü dilini bilməməsi, Gürcüstanın ictimai, siyasi, mədəni həyatından bixəbər olması onların öz şagirdlərinə Gürcüstan və gürcü dili haqqında kifayət qədər bilgi verə bilməmələrinə və bunun əksinə həm özlərinin, həm də təhsil verdiyi gənclərin lokal və ən yaxşı halda Azərbaycana yönəlmələrinə gətirib çıxardır. Hətta bəzi məktəblərdə qonşu ölkə prezdentinin portretlərinin və bayraqlarının olması buna sübut deyilmi?

2.Yerli və ümumi seçkilərin hamısında kəndlərdə seçki prosesini təşkil edənlərin çoxu həmin məktəb müəllimləri olduğu üçün və onların da kənd əhalisi arasında nüfuzlarını nəzərə aldıqda, onların hər zaman iqtidaryönlü hərəkətlərinin demokratik seçki keçirilməsinə hansı mənfi təsirlər göstərdiyini təxmin etmək olar. Hər seçkidən sonra o məktəblərdə yerləşən seçki məntəqələrindəki saxtakarlığı nümayiş etdirən kadrların olması buna sübut deyilmi?

3. Təhsildəki bu acınacaqlı durum gənclər arasında təhsilin səviyəsini azaltdığı kimi, dini fanatizmin də artmasına səbəb olmuşdur. Cenab nazir, nəzərinizə çatdıraq ki, o kəndlərdə ən oxumuş, dünyəvi dəyərləri mənimsəyən və xalq arasında bu dəyərləri yaymalı olan müəllimlərdir, amma biz gəzdiyimiz kəndlərdə həmin məktəbdəki müəllimlərin nə qədər mühafizəkar, nə qədər dünyəvi dəyərlərdən uzaq düşdüyünü gördük.

4.Cənab nazir! Hələ Sovet İttifaqı zamanı əhalinin çoxu rus dilini bilməsə də, cəmiyyətin rus dilini bilən ziyali kəsimi (adətən məktəbdəki müəllimlər) mərkəzdə olan siyasi və mədəni yenilikləri əhaliyə çatdırırdılar. Ancaq bu gün bizim gəzdiyimiz kəndlərdə cəmiyyətin ziyalı kəsimi hesab olunan müəllimlərin gürcü dilini bilməməsi onların mərkəzdə baş verən siyasi, ictimai və mədəni hadisələri cəmiyyətə çatdırmaq funksiyalarının da itirilməsi ilə nəticələnib. Bölgədə əhalinin seçkilər zamanı səs verdiyi namizədləri tanımaması buna sübut deyilmi?

5.Cənab nazir, bu acınacaqlı bir təhsil sistemindən çıxan gənclər axı necə bəşəri dəyərləri mənimsəyə bilərlər? Onlar necə tam anlamda Gürcüstan vətəndaşı ola bilərlər? Vicdanlı məmur ola bilərlər? Mövqeli vətəndaş ola bilərlər?! Şəffaf QHT qura bilərlər? Və nəhayət necə Gürcüstanla bütövləşə bilərlər?! Onların işğal olunmuş Çxinvali bölgəsi və Abxaziyadan daha çox Qarabağ üçün ağrımaları buna sübutdur.

Cənab nazir! Əlbətdə ki, zamanla bu köhnəlmiş kadrlar yox olacaqlar və azərbaycandilli kadrların olmadığı üçün bu məktəblər ya bağlanacaq, ya da gürcü dilli təhsil ilə əvəz olacaqdır.

Cənab nazir! Amma biz istəməzdik ki, məktəblərin gürcü dilli təhsil sisteminə keçməsi acı stuasiyadan doğan sonuc olsun, əksinə, biz istəyərdik ki, bu qərar siyasi hakimiyyətin iradəsindən doğan Gürcüstanın bütövləşməsi üçün olan proqramın tərkib hissəsi olsun.

Cənab nazir! Əslində məktəblərdə təhsilin gürcü dilində olması Gürcüstan müstəqil olandan başlamali idi. Ancaq günümüzə qədər Gürcüstanın heç bir siyasi iqtidarı bu siyasi iradəni nümayiş etdirə bilməyib və bu yükü həmişə gələcək iqtidarlara ötürdü və nəticədə biz üç yüz mindən (300 000) çox Gürcüstan vətəndaşı olub, ancaq gürcü dilini bilməyən, öz ölkəsində özünü yad hiss edən vətəndaşlarla üz-üzə qaldıq.

Cənab nazir! Biz özümüz o icmanın içindən gələn, o təhsilsizlik problemini yaşayan aktiv gənclər kimi artıq sizdən xahiş yox, tələb edirik ki, o məktəblərin bir çoxunun tədris sistemi gürcü dilində olsun (hər gün bir saat azərbaycan dili tədrisinin qalmasını nəzərə alaraq) və insanlarımız gürcü dilini o qədər yaxşı öyrənsin ki, gənclərin ali məktəblərə qəbulu zamanı heç bir ayrı-seçkiliyə ehtiyac qalmasın. Cənab nazir! Bəlkə də, fikirlərimiz çoxluq tərəfindən anlaşılmayıb, qəbul olunmayacaq. Ancaq vəziyyətin xəstənin komada olduğu kimi, həkimlərin isə onu komadan ayıltmaq üçün bütün vasitə və metodları istifadə etməli olduğunu nəzərə alaraq və ifadə özgürlüyümüzdən istifadə edərək bu açıq müraciəti yazdıq.

Ümid edirik ki, bizim bir vətəndaş kimi sizə çatan SƏSimiz cavabsız qalmayacaq!

Yazıdakı fikirlər müəlifin şəxsi mülahizələridir. Meydan.Tv qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır…

Mənbə

[redaktə]
  • Elvin Bantürk. "Baş nazir İrakli Qaribaşviliyə açıq məktub" ((azərb.)). meydan.tv. 2015-02-19. 2015-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-22.