Məzmuna keç

Babacıq kişi

Vikimənbə saytından
Rəvayətlər. Babacıq kişi
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir kənddə arvadların paltarları oğurlanırmış, amma heç kim oğrunu tapa bilmirmiş. Babacıq adında bir kişi dərənin yanından keçirmiş. Görür ki, dərədə toy var, çoxlu adam yığışıb. İki arvad gəlir Babacığı da aparırlar ora. Babacıq görür ki, burdakı adamların heç birini tanımır. Amma paltarları kənddən oğurlanan paltarlara oxşayır. Bir arvad da bunun gəlininin paltarını geyinib. Xörək yeyəndə Babacıq əlini yağa batırıb vurur bu paltara, sonra pismillah deyir. Bir də baxır ki, dərədə heç kim yoxdu, bu da tək oturub daşın üsdündə. Qayıdır gəlir evinə.

Səhərisi gün Babacıq atı tövlədən çıxaranda baxır ki, at qan tər içindədi. Bilir ki, dünənki cinlər eləyib. O birisi gün qır əridib tökür atın yəhərinə. Obaşdan gəlir ki, bir gəlin oturub atın üstündə, əynində də o gün əlini yağlı-yağlı vurduğı paltar. Tez bunun yaxasına iynə-sancaq taxıb gətirir evə, başlayır onu işlətməyə. Amma bu cinə nə deyirmişlərsə, tərsinə eləyərmiş. “Tez gəl” deyəndə gec gələrmiş, “gec gəl” deyəndə tez gələrmiş.

Bir neçə vaxt keçir. Bir gün cin yağlı əppək pişirib çıxır eşiyə. Uşaqları çağırıb deyir ki, yaxamdan iynə-sancağı açın, sizə yağlı əppək verim.

Uşaqlar iynə-sancağı çıxaran kimi cin uçub qonur Babacıqgilin damına. Babacığı çağırıb deyir ki, nə vaxtdı burdayam, məni ya zibilə göndərdin, ya suya. Amma məndən üç dərdin – boğazağrısının, vırmanın, bir də qəfil ölümün dərmanını soruşmadın. İndi mən gedirəm. Görüm sənin həyətindən zibil əskik olmasın, səhəngində su tapılmasın.

Babacıq deyir ki, ay cin, səni and verirəm, mənim yeddi göbəkdən olanıma xətər toxundurma.

Cin deyir ki, arxayın ol, mən sənin çörəyini yemişəm, sizdən heç kimə dəymərəm.

Cin uçub gedir. O vaxtdan Babacığın həyətində həmişə zibil təl dururmuş. Bunların suyunu da ki çatdırmaq olmurmuş.

Mənbə

[redaktə]