Bacı-qardaşa aid
Bacı-qardaşa aid Müəllif: Şifahi xalq ədəbiyyatı |
Mənbə: "Azərbaycan Folkloru Antologiyası. XVIII kitab. Şəki folkloru. III cild" (PDF). AMEA Folklor İnstitutu (az.). folklorinstitutu.com. 2008. 2016-03-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-12. |
Qardaş dərdi yaman ağır olur bacı üçün.
Bacıların fəxri qardaşdır. Qardaş-bacı yaman gündə adamın arxasıdır.
Qardaşlarım məni tək qoydular.
Qardaşı qara daşa dönən bacılara qurban. Mərd qardaşım laylay.
Sözü ilə söz tutulan, sözü ilə söz pozulan, dağ olub dalımda duran qardaşım laylay. Qardaş deyəndə dilim yandı deyən bacılar ağlasın.
Qardaş apar bazara məni,
Öldün saldın məni azara qardaş
Aç belindən kəməndi,
Salla bacını məzara qardaş.
Eldə bir misal var: Əri eldən taparlar, oğulu beldən alarlar, bəs qardaşı hardan alarlar? Dağlarda dağım qardaş, bağlarda bağım qardaş, sərin yaylağım, qaranlıq yollarımın işığı qardaşım lay-lay.
Acılar acısıyam,
Şirin nar acısıyam
Hər kəsin qardaşı ölüb
Mən onun bacısıyam
Ay qardaşını yazda itirən bacılar. Sirdaş qardaşının üzünə, səsinə həsrət qalan bacılara qurban.