Bacılar
Bacılar Müəllif: Mirzə Əli Möcüz |
Qulaq verin, sizə var bir-iki sözüm, bacılar!
Gedin, yazın, oxuyun, ey iki gözüm, bacılar!
Əlimdə namə zibəs ki, dolanmışam kəndi,
İki dizim gözü sızlar sızım-sızım, bacılar!
Dadaşlar evdə deyil, mollalar gedib dərsə,
Beş-altı gündü qalıb bağlı kağızım, bacılar!
Gərək kağız yazana yalvaram mən hər həftə,
Və dolduram cibinə bir çərək üzüm, bacılar!
Evimə gəlsə, deyərlər dalımca bir para söz,
Nə qaynanam, nə nənəm var, nə baldızım, bacılar!
Boyumu görməz, eşitməz səsimi naməhrəm,
Əgər yazam, oxuyam, kağızı özüm, bacılar!
Necə deyim ona mən hər sözü belə yerdə?
Utanıram, ölürəm, doğrudur sözüm, bacılar!
Əgər deyəm: Yaz, uşaqlar qalıbdı tumançaq,
Necə deyim bu sözü, tərlir arizim, bacılar!
"Eşitmirəm səsüvi, gəl xanım, bir az irəli!"
İtaət eyləməyim, neyləyim, quzum, bacılar?
Gəhi əlim görünür, gəh bilək, gəhi biləzik,
Gəhi çənəm, gəhi qaşım, gəhi gözüm, bacılar!
Zibəs ki, təngə düşər qəlb, razıyam, buna ki,
Gedim cəhənnəmə, əmma kağız yazım, bacılar!
Oxur, yazır hamı millət xanımları, lakin,
Əlif görəndə dirək zənn edir bizim bacılar.
Nişan verin mənə, mən Möcüzə o mollanı
Ki, ta qafasını bu daş ilə əzim, bacılar!
Olaydı kaş, oxudaydım bərəqmi axundan,
Həzar heyf ki, yoxdur mənim qızım, bacılar!