Məzmuna keç

Bahalıq (Aşıq Ələsgər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bahalıq
Müəllif: Aşıq Ələsgər
müxəmməs

Görməmişdik səksən ildə
Bir belə yaman bahalıq.
Dad! Həzər dad! Əlindən
Çəkirik aman bahalıq!
Mal satan taxıl satan
Satırlar iman bahalıq
Gen dünya bizim üçün
Olubdu zindan bahalıq!
Günü-gündən dərdimiz
Eyləyir tüğyan bahalıq!
                                         
İndən belə başımızda
Namərdlərin töhmətidi
Hansı məclisə gedirsən
Arpa darı söhbətidi:
Qartop ilə ayran aşı
Süfrəmizin nemətidi:
Buraya bahalıq salan
Qeyri yerin millətidi:
Nə işə əl atırıqsa
Oluruq peşman bahalıq!
                                        
Nə mal yoxdu sataq yerdə
Nə də keçi toğlu qoyun:
Əkmədik qardalı darı
Başımıza gəldi oyun:
Ağ lavaşı bəyənməyən
İndi arpa cadı yeyin
Ələsgərin bu dərdini
Gedin dərd bilənə deyin:
Ac susuz açıq çılpaq
Sürürük dövran bahalıq!