Baharın gəldiyin nədən biləyim
Görünüş
Baharın gəldiyin nədən biləyim Müəllif: Şah İsmayıl Xətai |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Baharın gəldiyin nədən biləyim,
Gül dikəndə bitər, bülbül daldadır.
Əyyubun tənində iki qurd qaldı,
Biri ipək sarar, biri baldadır.
Könlünə gətirmə şəkk ilə güman,
Seyid Nəsimiyə de, ol oldu şan.
Tanrı ilə minbir kəlam söyləşən,
Əli Mədinədə, Musa Turdadır.
Şəriət yolunu Məhəmməd açdı,
Təriqət gülünü Şah Əli seçdi.
Şu dünyadan neçə yüz min ər keçdi,
Onlar ittifaqda, Mehdi yoldadır.
Adəmin, Hatəmin zat-i Fəzlullah,
Əşyayi qərq etmiş bu bir sirrullah.
Şahənşahi-qütbi-aləm zillullah,
Qüdrət-i nəzəri mömin quldadır.
Şah Xətai aydır: sirrini yayma,
Qıla gör namazın qəzayə qoyma,
Şu fani dünyada heç sağam demə,
Tənin tənaşirdə, sirrin saldadır.