Məzmuna keç

Bahar oldu, gəl ey dilbər, tamaşa qıl bu gülzarə

Vikimənbə saytından
Bahar oldu, gəl ey dilbər, tamaşa qıl bu gülzarə
Müəllif: İmadəddin Nəsimi


Bahar oldu, gəl ey dilbər, tamaşa qıl bu gülzarə,
Buraxdı qönçələr pərdə bəşarət bülbüli-zarə.

Şəqayiq pərdədən çıxdı, boyandı bağ ilə bostan,
İrişdi gülşənin hüsnü boyandı rəngi əzharə.

Məni mən’ etmə, ey zahid, güvənmə zikrə, ey sufi
Ki, sən məğrurisən zikrə, mənəm müştaq didarə.

Ki, hər bəlhüm əzəl bilməz nədir kim, eşqin əhvalı,
İrişməz qasirin əqli bu müğləq sirri-əsrarə.

Əbirü mişkü ənbərtək rəyahindən çəmən doldu,
Səhərdə tə’n edər saçın nəsimi mişki-tatarə.

Ki, çıxdı qönçədən sünbül giriban çak edər məntək,
Dəlindi qüssədən bağrım, sən etmə yürəgim yarə.

Çəmənlər müxtəlif oldu həzar əlvan çiçəklərdən,
Açıldı laləvü nəsrin, şükufə gəldi əşcarə.

Açıldı nərgisü lalə, tutubdur yasəmən çadır,
Söyütlər, ərğəvan titrər, qamışlar mindi ənharə.

Bənövşə, gül tamaşası qənimət bil ki, beş gündür,
Satar mə’şuqə gül hüsnün, xəridar ol bu bazarə.

Yaxıldı canına canı dəmi-İsa Nəsiminin
Vüsali dərdinə dərman, irişdi cani-bimarə.