Məzmuna keç

Bakıda bir kənddə mühavirə

Vikimənbə saytından
Bakıda bir kənddə mühavirə
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


Kəndli:
— Denilir, elm oxuyun, sözləri hər anda bizə,
Bunu təsdiq ediyor ayeyi-Quran da bizə,

Axund:
— Hansı Qurandır о ki, onda yazılmış bu xəbər?
Şiə mollası yazan türkicə Quransa əgər,
Mən onun yazdığı Qurana yavıq durmayıram,
Maşa ilə yapışıb, əl də belə vurmayıram.

Kəndli:
— Xub, buyur sünni yazan bir neçə təfsiri oxu,
Elmin icabı üçün ondakı təqdiri oxu!

Axund:
— Ox, apar bir yana at sünni yazan təfsiri!
Başına dəysin onun tərcüməsi, təhriri!
Bizlərə molla filankəs yazan asar gərək!
Biz olaq ondakı məzmunə xəbərdar gərək!

Kəndli:
— О yazıb: yer öküzün buynuzu üstündə durur,
Biz gərəkdir inanaq ki, kişi boylə buyurur?!

Axund:
— Buna şübhən də var?

Kəndli:
— Əlbəttə, inanmam bu sözə!

Axund:
— Nələtulla, a gavur, şəkk ediyorsan öküzə?!