Məzmuna keç

Balaca İsmayılın böyük istedadı

Vikimənbə saytından
Balaca İsmayılın böyük istedadı (2019)
Müəllif: Araz Yaquboğlu
Mənbə: Araz Yaquboğlu. "BALACA İSMAYILIN BÖYÜK İSTEDADI" (az.). karabakhmedia. 2019-02-18. 2019-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-23.

Ürəyimdən hansısa bir aşıq haqqında yazı yazmaq keçəndə nəsə birinci xəyalıma Göyçə aşıqları gəlir. GÖYÇƏ və AŞIQ sözləri bir-birilə elə bağlıdır ki, bunları ayrı-ayrılıqda təsəvvür etmək mümkün deyil. Elə son məqaləm də Göyçənin azman aşıqlarından biri – Aşıq Nuriddin haqqında idi. Bu dəfə ünvanı dəyişməli oluram. Çünki həmsöhbətim olan 13 yaşlı oğlan məni sözün həqiqi mənasında təəcübləndirdi. 13 yaşın ola, 5 musiqi alətində ifa etməyi mükəmməl bacarasan. Fikirləşdim ki, bu balaca aşıq haqqında yazmasam olmaz. Axı gənc istedadlara dəstək olmaq, onları təbliğ etmək, sənətə həvəsləndirmək hamımızın mənəvi borcudu.
Yuxarıda dediyim kimi, yazılarımın böyük əksəriyyəti Göyçə aşıq mühitinin sənətkarları haqqındadır. Bu o demək deyil ki, Azərbaycanın digər aşıq mühitlərinin nümayəndələri haqqında bir iş görməmişəm. Xeyr, belə deyil. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, Borçalı, Tovuz, Gəncə-Şəmkir, Qarabağ, Cənubi Azərbaycan, eləcə də Şirvan aşıq mühiti nümayəndələri haqqında Azərbaycanca Vikipediyada, onların yaradıcılıqları barədə isə Vikimənbədə kifayət qədər işlər görmüşəm. Haqqında yazmaq istədiyim İsmayılın da gələcəkdə Şirvan aşıq mühitinin layiqli nümayəndələrindən olacağına heç bir şübhəm yoxdur.
İmanverdiyev İsmayıl Fəxrəddin oğlu 25 oktyabr 2006-cı ildə Bakı şəhərində anadan olub. Bakıda doğulmağına baxmayaraq onların ailəsi Şirvan şəhərində yaşayırlar. Özündən böyük Gülnar, Aygün, Şəhla adında üç bacısı var. Ocağın sonbeşiyi və yaşca da bacılarından xeyli kiçik olduğundan ailənin ən sevimli üzvüdü. Atası Fəxrəddin uzun müddət Şirvan NQÇİ-də işləyib. Anası Minayə xanım isə sazın-sözün vurğunudu. Gənclik illərindən poeziya aşiqi olan Minayə İmanverdiyevanın 2017-ci ildə 50 illik yubileyi ilə əlaqədar “Həyatım sənə bağlıdır” adlı 134 səhifəlik şeir kitabı çap olunub. Onu da qeyd edim ki, Minayə xanımın qardaşı Mirzəyev Mahir Talıb oğlu Qarabağ müharibəsində şəhid olub. Şirvan şəhərində yaşadığı küçəyə Mahir Mirzəyevin adı verilib.
İsmayıl 2012-ci ildə Şirvan şəhər Tahir Bağırov adına 11 nömrəli tam orta məktəbin I sinfinə gedib. Elə ilk günlərdən dərslərini yaxşı mənimsəməyə başlayıb. Hazırda həmin məktəbin VII “d” sinfində yaxşı və əla qiymətlərlə oxuyur.
İsmayıl İmanverdiyev III sinifdə oxuyandan doğmalarının məsləhəti ilə musiqi dərsləri də almağa başlayıb. Şirvan Folklor evində Nizami İsmayılovdan gitara, saz və nəlbəkidə ifa etməyi çox yaxşı mənimsəyib. Tez bir zamanda Nizami müəllimin üzünü ağ edib desək, yanılmarıq. İsmayılı tanıyan bütün Şirvanlılar onun nəlbəkilər üzərində çalğısını dinləyəndə istər-istəməz Salyanlı Həsənağa Sadıqovun bənzərsiz ifasını xatırlayır, sanki onu dinləmiş olurlar. Fikrimcə, bu da təsadüfi deyil. Axı İsmayılın anası da əslən Salyanlıdır. Elə onun sazı yaxşı mənimsəməyi də, fikrimcə, buradan qaynaqlanır. “Əslində olan dırnağında bildirər” el misalına əsaslansaq İsmayıl da Aşıq Bəylər Qədirov, Aşıq Pənah kimi məşhur Salyanlıların adını, sənətini yaşadacağını qarşısına məqsəd qoyub. İsmayıl ilk dəfə ənənəvi simli musiqi alətləri olan gitara və sazı öyrənməyə başlasa da, 2014-cü ildən Nailə Vəliyevadan dərs alaraq sintizatorun da sirlərinə yiyələnib və 2017-ci ildə sintizator kursunu bitirib.
İsmayıl hazırda Şirvan şəhər Uşaq Musiqi məktəbinin V sinfində oxuyur, təhsili 7 illikdi. Məktəbdə pianino dərslərini və notu Fəridə Həsənovadan öyrənir. Eyni zamanda musiqi məktəbində həm də “Simayi-şəms” ritmik muğamının mahir ifaçısı olan İrşad İbişovdan xanəndəlik dərsləri alır.
İsmayıl bir çox musiqi alətlərində ifa etməyi bacarmaqla, yaşı az olsa da Şirvan şəhərində artıq gənc musiqiçi kimi tanınır. Yazdıqlarım gəlişi xoş sözlər yox, həqiqətdir. Dediklərimin təsdiqi üçün İsmayılın bir neçə dəfə dəvət olunduğu televiziya verilişlərini siz oxucuların da nəzərinə çatdırım: Space TV-nin “Zəhmətkeş ulduzlar” (16.04.2017), “Yerimdəyəm” (15.12.2017), Dünya TV-nin “Sənin ulduzun-4” (23.03.2018) verilişlərində iştirak edib. Saz və nəlbəkilərlə ifası çoxsaylı tamaşaçıları heyran edib. Televiziyada daha uğurlu çıxışı isə layihə rəhbəri Aşıq Namiq Fərhadoğlu olan, Lider televiziyasında yayımlanan “Köklə sazı” aşıq müsabiqəsinin 2017-ci ildə keçirilən 7-ci layihəsində olmuşdur. İsmayıl Şirvanlı müsabiqənin finalçısı olmuş, 2-ci yeri tutmuşdur.
13 yaşlı balaca aşıq İsmayıl Şirvanlı bir neçə Fəxri Fərman və diplomlarla da təltif olunub. Onlardan bəzilərini qeyd etmək yerinə düşərdi. “Şirvan şəhər Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan bütün tədbirlərdə fəal iştirakına görə”, “1 iyun “Uşaqları Beynəlxalq müdafiə günü” münasibətilə”, “Məktəbdaxili ictimai işlərdə fəal iştirakına görə” “Fəxri Fərman”la təltif olunmuşdur. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqının Rəyasət Heyətinin qərarı ilə təltif edildiyi diplomda yazılır: “Çox istedadlı, talantlı, bacarıqlı, intizamlı, kübar şagirddir. 5 musiqi alətlərində gözəl ifa edir. Fitri istedada malikdir. Tədbirlərdə, tele-verilişlərdə milli alətimiz olan sazla ifalarına görə ən yüksək nəticələr qazanıb. Həm 5 musiqi alətində, həm də nəlbəkilərdə ifası hərarətlə qarşılanır.”
Meyxanaya və repə də böyük marağı olan İsmayıl Şirvanlı özəl günlərdə, el şənliklərində, şəhərdə keçirilən dövlət tədbirlərində sevimli alətləri ilə iştirak edir. Şirvan şəhər Mədəniyyət Mərkəzinin “Şirvan” Folklor evi İsmayılın doğma məkanıdır. Sazı, gitarası və başqa alətləri ilə şəhər sakinlərini solo ifaları ilə feyziyab edir.