Balalarıma (Əhməd Cavad)
Görünüş
Balalarıma (Əhməd Cavad) Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27. |
Aydın olsun gözləriniz,
Gəldi bahar gülə-gülə!
Gedər qışdan qalmaz bir iz,
Gəldi bahar gülə-gülə!
Oldu bahar gülə-gülə!
Çıxsın kəfəndən təbiət,
Yaz yağışı böyük nemət.
Qoy olsun yer üzü cənnət,
Gəldi bahar gülə-gülə!
Oldu bahar gülə-gülə!
Çal qış! Buyur, uğur olsun,
Qır saçım cinlər yolsun!
Gəl, ay Durna, gəl, ay Dursun;
Oldu bahar gülə-gülə!
Gəldi bahar gülə-gülə!
“Yaman günün ömrü azdır”!
Mövsimlərin gülü yazdır,
Oldu bahar gülə-gülə!
Gəldi bahar gülə-gülə!
Böyük dərddir Vətən dərdi,
Bu qış sizə ağır gəldi.
Gəlin, quşlar, yazdır indi, -
Oldu bahar gülə-gülə!
Gəldi bahar gülə-gülə!
Toplayıb bir dəstə çiçək
Di gəlin m əktəbə gedək.
Tənbəlliyə lənət edək,
Oldu bahar giilə-gülə!
Gəldi bahar gülə-gülə!