Bangeşin yolu

Vikimənbə saytından
Bangeşin yolu
Müəllif: A.Fezi-Jilinskaya
Tərcümə edən: Əbülhəsən


                                          Muti Sinqxin gəzməyi

Hindistanın ən isti vaxtı olan may ayının qızğın, boğucu günləri başlanmışdı. Hər tərəfdə yer qurumuş, bozarmışdı. Qızğın külək durmaq bilmədən dağlıq yerlərdən közərmiş kibi qızğın tozlar gətirir, yollarda heç bir imkan əsəri görünmürdü. İştə belə bir vaxtda mülkədar Muti Sinqx öz düzlərini dolaşmaq fikrinə düşmüşdü. Muti Sinqxin böyük və boz fili meşələri yara-yara gəlib Satpur kəndinə yetişdi. Bələdçi filin hamar, sürüşkən boynunda oturmuşdu. O, iti naçaq zərbələrilə ağıllı heyvana yol göstərirdi. Mülkədar isə yəhərə bərkidilmiş olan, qızıla tutulu kəcavədə rahat-rahat yerləşərək mürgüləyirdi. Fil xortumunu sallaya-sallaya öz iri başı ilə, qalın qamış qollarını ehtiyat və aramla aralayıb yeriyirdi. Fil irəliləyərək özünü yapışqan palçıq gölməçəsinə soxduqda mülkədar: - Bayquş oğlu bayquş! – deyə bələdçiyə qışqırdı. – Harada görülmüşdür, ağanı aparıb bataqlığa əyləndirsinlər? - Ağa, fil suya gedir! İsti və susuzluq yazığı bərk incidir – deyə bələdçi cavab verdi. Muti Sinqx filin arxasında yellənərək özünü çox rahat və yaxşı hiss edirdi. O, günlüklə günəşin isti, yaxıcı şüalarından daldalanmış, gizlənmişdi. Acı və boğucu toz isə onun ipək geyiminin altına nüfuz edə bilmirdi. Lakin, bələdçinin halı yerində deyildi. Qılçasına doladığı cın-cındır nəzərə alınmazsa, demək olardı ki, o, tamam çılpaqdır. Bundan başqa, o acdı da... Doğrudur, yoxsul aclığa alışmışdır. Onun ömründə heç olmasa doyunca yediyi bir gün olmuşdumu? - Bələdçi, yaxşısı budur ki, fili qov! Bu tənbəl heyvanı yaxşı kötəklə! Yoxsa, sənin öz dabanların ağac yeyəcəkdir – deyərək, mülkədar bələdçini hədələdi. Fil bələdçinin zərbələrinə tabe olaraq cəld yüyürürdü.

                                                ***

Filin tozlu izi ilə yerə əyilə-əyilə cır-cındır geyinmiş bir şəxs gəlirdi. O zavallı, kirli adam gah kolluqda gizlənərək, gah da sallanğıc ködəklər qalınlığında saxlanaraq sürünürdü. Onun uzun saçları dolaşıq pürçümlərlə alnın tökülmüşdü, arıqlığı isə daha müdhişdi. Baxana elə gəlirdi ki, o bədbəxtin bütün sümükləri, qabırğaları, dirsəkləri və dizləri, bu saat, darçını rəngli tutqun dərisini yırtıb dışarı fırlayacaqdır. Onun gözəl gözləri, xəstə isitməli, bir adla parlayırdı. Sol əlində iki orta barmağı əvəzində yaranın nazik bir tikiş yeri qızarırdı. Mülkədar yarpaqların düşərkən çıxartdıqları xışırtını eşidərək: - Bələdçi, bizim işimizlə düşüb dalımızca gələn yoxdur ki? – deyə soruşdu. Yoğun və tox ağa dönüb baxmaya belə tənbəllik edirdi. - Ağa, yoxsul bir dilənçidir. - Dilənçi? Boş sözdür! Bu, yəqin, meymundur – deyə Muti Sinqx dodaqaltı mırıldandı. Səfil ürkmüş bir halda özünü meşənin dərinliyinə ataraq yoğun bir xurma ağacı gövdəsi arxasında büzüldü. O, uzaqda filin ayaq səsi kəsilənə qədər tərpənməməyə və nəfəs almamağa səy edirdi. - Bədbəxtəm! – gündüz getmək təhlükəlidir... Görüb tanıyarlar... Bir yanda gizlənib gecəni və qaranlığı gözləmək lazımdır. – deyə düşündü. O, beləcə tikanlı qolların, tikanlı əlini didib qan içində buraxana qədər yüz addım süründü. Meşə burada tamam kəndə yetişirdi. Artıq xurma ağacları ilə əhatə olunmuş komalar görünürdü. Harda isə, yaxında söyüş, danlaq və qamçı səsi eşidilirdi. Səfil diksinərək dayandı. Yaşıl çəpər üzərindən aşaraq o səssiz-səmirsiz bir halda hələ tamamilə qurumamış tütün yarpaqları yığını içinə gömüldü. Bürkülü tütün iyi səfilin başına vurdu. O, boğulur, qalağın altından çıxmağa çalışırdı. Sonra gücdən düşdü. Əllərilə qalağı aralayaraq hava üçün yol açdıqdan sonra sakitcəsinə yığılıb qaldı. Mülkədar isə bu aralıq öz mülkünün yarısını keçmişdi. O, kəndliləri daha çox qorxutmaq üçün özü ilə kənd dükançısını da götürmüşdü – bütün kənd bu iki dövlətliy borclu düşmüşdü. Alverçi, sələmçi bir adam olan Mukunda fil ilə yan-yana gedən atının üstündə qorxaqcasına oturur, mülkədarın bütün dediklərini “Bəli, bəli” – deyə təsdiq edirdi. Muti Sinqx iti nəzərlərlə süzülmüş düzlərə baxır, özündən razı bir surətdə gülümsəyirdi. - Mukunda, sən necə düşünürsən? Yəqin bu əkinlər mənə az mədaxil verməyəcək, ha? Alverçi yaltaqcasına dedi: - Ağa, sən yoxsulların hamısına pul sərf etməkdən çəkinmirsən. Bu, çox yaxşı işdir. Bələdçi isə qulaq asaraq düşünürdü: - Bu böyük hünər deyildir. Sən kəndlilərin dərisini soyur, onlardan on qat artıq vergi alırsan. - Mukunda, yadındadırmı, hələ bir az əvvəl burada yaman bataqlıqlar vardı? Amma, indi onlar qurudulub, yaxşı, bərəkətli torpaqla doldurulmuşdur. Hələ bir dayan, bu harasıdır ki! Mən hələ meşədən də torpaq qoparacağam. Ağacları kəsəcək, kötükləri çıxaracağam – deyə Muti Sinqx lovğalandı. Bələdçi: “Ay kor yapalaq, bunlar kimin, kimin əli ilə ediləcəkdir?” deyə düşünürdü. Ətraf göz işlədikcə mülkədara məxsus yerlərdi. Bu qara torpaq, yaxşı qüvvətli və sulanmış yerlər yalnız onundu. Kəndlilər bu yeri kotan, xış... yaxud da, sadəcə, dəridən çıxan öküz arxasına bağlanmış dəmir yaba ilə sürmüşdülər. Düzlərə yayılmış quyular da, quyulardakı sular da, meşə kənarında qamış komalar da... lüt çılpaq əzgin-üzgün kəndlilərin evi, ev müxəlləfatı da hamısı, hamısı bu mülkədarındır. - Bu qədər də işsizlik, tənbəlliklə böyrü üstə yatmaq olarmı? Mukunda, bir de görüm, yaxşı işgüzar sahibkar heç rahat ola bilərmi? – deyə mülkədar tərli üzünü ipək yaylıqla sildi. O, öz filinin intizam bərpa edərək, qorxu saça-saça bu nöqtədən o nöqtəyə keçirdi. Muti Sinqx hər yerdə nöqsan və yalnışlıq görürdü. O, gah bitmiş olan şitildən toxumun alçaq cins olduğunu meydana çıxarır, gah da əvvəl iki öküz qoşulan xışa indi bir öküz qoşan qaşqabağlı tutqun hindlinin üstünə düşür: - Alçaq, kəli satdınmı? Bəs pullar haradadır? Nə etdin? Yoxsa, vergini verməmiş olduğunu unutdunmu? – deyə bağırırdı. Alverçi isə hədələyici bir surətdə əlavə edirdi: - Abani, yağ və toxumun pulunu verməyin vaxtıdır... Sələmi, faizləri də bax, yaddan çıxartma, ha! Şiddətli istiyə baxmayaraq, düzlərdə iş günorta zamanı belə ara kəsmədən, istirahətsiz gedirdi. Quyuların çarxları dayanmadan çıxardılırdı. Əl tulumbaları düzlərə bölüşdürən xəndəklərə axıtmaq üçün su çəkirdi. Tutqun sudaşıyanlar yavaş-yavaş sərhədlərdə dolaşır, düzləri nazik lülələrlə sulayan meşin torbaları qarınlarına sıxırdılar. Yol üstündə əlverişli olmayan bir məntəqədə Nat-Çandra əlləşirdi. O, qupquru, qozbel, çalışqan bir qoca idi. Onu bir dəstə nəvə və kiçik oğulları əhatə etmişdi. Gündən yanmış olan yarıçılpaq uşaqlar xışa qoşulmuşdular. Altısı bir cöngənin yerini tuta bilməyirdi. - Aşağı əyilin! Yerə, tamam yerə! Sahibkar gəlir! Mərhəmətli göy, onun filini uzaqdan keçir! – deyə Nat-Çandra alnını yumşaq, gübrələnmiş zolağa dayayaraq, niyaz edirdi. Bu dua kömək etmədi. Mülkədar hələ uzaqdan Natın düzündəki intizamsızlığın fərqinə vardı. O, filini yaxına sürdürərək hədələyici sözlərlə: - Sən belə bir şeytan dəstəsi ilə hələ də çəltiyi yetişdirə bilmədin, hə? Qoca, sənin ağlın çaşmamışdır ki? Birdən yağış vaxtından əvvəl gəlsə nə olar? – deyə acıqlandı. - Öz kölənin üzərinə hirslənmə! Xış indi axırıncı zolağı sürür... - Xış düzün üzərində birə kimi tullanır! Sənin bu cır-cındır uşaqların kəli əvəz edə bilməz, bu nə sürməkdir ki! - Mərhəmətli əfəndim, bizim cöngə tamam əldə düşmüşdür... Sünbüllər, zatiniz buyuran kimi hələ yerləri dəyişilərək çıxarılmış və sulanmışdır. Ey göydən yaranan əfəndim... acıqlanma... Tələsərik... - Hə, heçnə əkməsən də vergini tamam verməlisən. Budur, buğdanı biçmisən ki, yəqin, satıb yemisən?! Qoca, bax sənə yeddi gün möhlət verirəm ha! – deyə mülkədar qəzəb iərisində qışqırdı. - Əfəndi, su daşqınını bir xatırla! – deyə Nat yalvardı – Axı, bizim çaycığaz məcrasını dəyişmişdi?! Mənim məntəqəminyarısı demək olar ki, su altında qalmışdır! Buğda tələf oldu, qonşulardan kənd yüzbaşısından soruş – deyə sürünən qoca hayqırırdı. Natın arvadı Bequmoya başında cır-cındır bir örtü olduğu halda kənarda dururdu. O, düzə əri üçün nahara böyrü əyilmiş qazanda duru şorba gətirmişdi. Hind adətinə görə qadının kişi söhbətinə qarışması yaramazdı. Lakin, Bequmoya davam gətirməyərək, mülədarın, daha doğrusu filin ayaqlarına yıxıldı: - Lütf et! Mərhəmət qıl! Biçinə qədər gözlə! Göy sənə iki yüz ilik ömr əta etsin! – yaxarışı ilə qocalar inləyirdilər. Ağlayış, yalvar-yaxar və acı şikayətlər fayda vermədi. - Nat, bizim əfəndimiz hələ sənin üçün həddindən çox mərhəmətli oldu. – sözlərilə alverçi Mukunda mülkədardan geri qalmırdı. – Mən sənə yeddi gün yox, üç gün möhlət verirəm. Mənim bütün borclarımı qaytar. Pulu da, toxumu da... və bir boçka da paxla yağı. Bunu da bil ki, bizimlə zarafat etmək yaxşı deyil! Hamı bilir ki, Muti Sinqx polis müdirinin özü ilə dostdur. – deyə alverçi sözünü hədə ilə bitirdi. - Acımaram? Nankorları məntəqədən rədd edərəm! Ondan sonra de get, tənbəl çılpaq, meşədə pələngin pəncəsinə düş! Onda öz əfəndini puça çıxarmağın dadını bilərsən! Mülkədar bu sözləri hündürdən, öz qızıla tutulmuş kəcavəsindən aşağıya toz içində çırpınan yoxsullara baxaraq deyirdi. Bələdçi naçaqla filin qulağının ardına vurdu. Mülkədar və sələmçi Satpurun kəndarı ilə oyana yeridilər. Onların borcluları kəndlilər isə yenə qızğın düzlərdə çırpınır, əsirdilər.

                                         Natın ailəsi.

Satpur kəndi minlərlə başqa hind kəndlərinə bənzəyirdi. Şabalıd ağacları salınmış yolun arxasında geniş surətdə becərilmiş düzlər açılırdı. Əkin yerlərinin oyan bu yanında yüksək çardaqlar görünürdü. Qoca qarovulçular, hündür qarovul damlarında oturub quşları və kəsəyənləri ürkütür, qovurdular. Düzləri sulamaq üçün su qaldıran tulumbaların iri çarxları cığırdayırdı. Axşamüstü Satpur kəndliləri düzlərdən evlərinə dönürdülər. Qozbel cöngələr kənd küçəsilə ağır kotanları çəkirdi. Zınqırovlarını zınqıldadaraq qıvırcıq qoyun sürüsü keçirdi... Gənc qızlar alabəzək dəstələrlə meydana quyuya tərəf yüyürürdülər. Hər birinin çiynində şişkin, yaxşı təmizlənmiş mis səhəng parlayırdı. Onların qayğısız gülüş və laqqırtıları sakit hava içərisində uzaqlara uçurdu. - Subaşini, sən quyunun bütün suyunu aparacaqsan. - Düz deyirsən, Şayla, evdə nə içməyə, nə də yuyunmağa bir damcı su yoxdur! - Bir baxın, Durqanın yeni bilərzikləri var! Xoşbəxtdir! Gör bilərziklər necə də səs salırlar! - Atam mənə bunları həftəbazardan gətirmişdir. Toxunmayın, giclər, bu, xalis gümüşdür – deyə dükançının qızı əllərini silkələyərək lovğalanırdı. Onun tünd mixəyi dərisində bilərziklər ağ, oynaq ilan kimi görünürdü. Həsəd aparan səslər səbirsizlik içərisində cingildədi. - Göstər, göstər görək! Mənə də maraqlıdır, Durqa, əzizim, göstər görüm! Durqanın bilərziklərilə xoşhallanan qızlar onu öz bəzəklərilə tutuşdurmağa başladılar. Satpur kəndliləri nə qədər yoxsuldursalar a, qızlarına cehiz olaraq zınqırov və bu kimi xırda-xuruş almışdılar. Qızların əllərində, ayaqlarında belə yarım düjün mis bilərziklər sallanırdı. Uzun sırğaları çiyinlərinə qədər enirdi. Barmaqlarında üzük boyunlarında isə boyunbağı qızarırdı. Onların hətta, burunlarının sol deşiyində iri üzüklər işıldayırdı. Hamısından kənarda, üstünə qışqırılan vəhşi heyvan balası kimi çəkinən, on iki yaşlı, yaxşı bir qızcığaz ağaca qısılmışdı. Burasını da demək lazımdır ki, Hindistanda Lakşmini heç kəs kiçik qız yerinə qoymazdı. Buraların adətinə görə, qız üçün ən yaxşı ərə getmək vaxtı on bir yaş hesab olunurdu. Onların arasında bəzəksiz, bilərziksiz və sırğasız olan yalnız Lakşmi idi. Onunla bir yaşda olan qızlar hamısı bir ucu çiyinlərindən sallanmış xəfif, gözəl, nazik və şəffaf kisəyi geydikləri halda, Lakşminin əynindən qara, kobud ayaqlarına qədər düşən cındır asmışdı. Lakşmi ürkəkcəsinə quyunu yanında yer boşalmasını gözləyirdi ki, öz batıq, biçimsiz səhəngini su ilə doldursun. Son vaxtlara qədər yoldaşı olan qızlar hər dəqiqə qışqırıqla onu qovurdular: - O yana çəkil!! uzaqlaş. - Ey, itxasiyyət, - deyə birdən kiminsə acıqlı səsi eşidildi. - Mən itxasiyyət deyiləm, mən yenə keçmişdə olduğum kimiyəm. Mən nə etmişəm ki, nə günahım var? – deyə Lakşmi əlini Saylaya uzadaraq hayqırdı. - Qara qarğa! Bura sənin yerin deyildir! Sənin Djotinin hələ səndən ötrü ölmədimi? Lakşmi güclə eşidilən səslə yalvardı: - Mən müqəssir deyiləm! Şayla, məni qovma. Lakin, ona heç jəs qulaq asmadı... Ən yaxşı dostu onun yanından keçəndə nifrətlə üzünü döndərib ona baxmadı da. Lakşmini evdə bir çox müxtəlif işlər gözləyirdi. Onun balası Nat-Çandrın sığınacaq yeri ən kənarda idi, çəpərdən oyana meşə başlanırdı. Sığınacaq yerinin divarları çay qamışından hörülmüşdü. Pambıq çubuqlarından qurulma damı isə xurma yarpaqları ilə döşənmişdi. Lakşmi inək peyinini samanla yoğurdu. O, talvarın altındakı sobanı bu təzəklə qaladı! Tezliklə qazanda mərcimək şorbası lağıldamağa başladı. Sığınacaq yerinin üzərindən göy tüstü və yanan peyin iyi qalxırdı. Bequmoya düzdən, tez, ərindən qabaq, acıqlı və əzgin bir halda qayıtdı. O, nəvəsindən soruşdu: - Cöngəni suladın, noxudu əl dəyirmanıyla üyütdünmü? Hər şey yerli yerindədirmi? - Hər iş öz qaydasınca görülmüşdür. Qarı yavaşcadan əlilə nəvəsinin hamar saçını oxşadı. ... Qürub uzun müddət al gün qızartısı ilə alovlandı. Sonra Hindistanda həmişə olan kimi, birdən-birə gecə düşdü. Qoca Nat düzdən ancaq indi qayıdırdı. O, ayağını kandara qoyduğu vaxt Bequmoya onu adətəmüvafiq bir tərzdə qarşıladı. O, döşəməyə sərilərək, ərinin ayağının tozlarını sildi və gözlərini qaldırmadan, çəkilmiş saxsı çubuğunu ona uzatdı. Sonra Bequmoya inləyə-inləyə, ah-ufla ayağa qalxdı. Ona bu yaşında köhnə qanun və adətlərə riayət etmək o qədər də asan gəlmirdi. Qoca yorğun bir tərzdə: - Uşaqları içəri çağır – dedi. Sığınacaq yerind sarımtıl adcığaz titrədi. Ortalığa boş bir sükut çökdü. Hava isti və durğundu. Lakşmi öz kiçik bədənilə qapıya sıxılaraq talvarın altında dururdu. O, isti və quru gözlərilə özü üçün girmək mümkün olmayan sığınacaq yerinin içərisinə baxırdı. - Bu geniş dünyada mənim artıq gərəksiz olmadığım, başqaları kimi yaşaya biləcəyim bir yer var? – deyə zavallı düşünürdü. Nat Çandra sığınacaq yerinin arxasında, döşəmə üzərində otururdu. Uşaqlar, Natın oğlu və nəvələri isə kənarda oturdular. Onlar susaraq biri digərindən üzünü çevirmiş olduğu halda yeriyirdilər. Bequmoya ayaq üstündə duraraq qulluq edirdi. Yaxşı təmizlənməmiş olan mərcimək hamısının dişi altında xırçıldayırdı. - Lakşmiyə də bir şey apar. – deyə Nat öz nəvəsinə olan istəyindən utanaraq dodaqaltı mızıldandı. Qarı da Lakşminin üzünə baxmayaraq qapınına arxasına Lakşminin mixəyi əlinə xörək qabını dürtdü. Bequmoya hamıdan sonra qab – qacağı yığışdıraraq sığınacaq yerinin küncündə çönbəlib şorbanın qalanını yedi. O, köhnə, qədim adətlərə çox ciddiyyətlə riayət edirdi. Ərini heç vaxt adı ilə çağırmazdı. Onunla bir vaxtda yox, həmişə ondan sonra yeyərdi. Heç vaxt, özəlliklə yad adamların yanında gündüzlər Nat ilə danışmazdı. Şamdan sonra qəndil işığında hər kəs öz işi ilə məşğul oldu. Cəhrə Bequmoyanın bacarıqlı əlində zıyıldadı. Nat oğulları ilə balıq torunu və yelkəni yamayırdı. Döşəmə üstündə qırıntı üçün yüyürüşən çevik kərtənkələrin xışıltısı səslənirdi. Bequmoya səbr etməyib nəhayət dilləndi: - Nə olsun, mən hələ cəhrənin arxasında oturub susacağam? Necə olacaq? Zəmindarın və dükançının borcunu nə ilə verəcəyik? Uşaqlar kiçik... Onların köməyi isə azdır. Bizim bataqlıq düzlərin öhdəsindən gəlmək də çətindir. Gah isitmə başlayır, gah da meşələrdən pələng çıxıb qoyunu aparır. Sap tez-tez qırılır, düzəldilməyən təkər cığırdayırdı... Qarı isə dodaqaltı mırıldanırdı: - Dünya genişdir! Bəla heç vaxt tək gəlmir. - Ana, dərdlənmək lazım deyil! Axı bizimki oğlumuz var... Bangeş hərbi qulluqdan dönər də, öz-özündən işimiz düzəlib gedər. – deyə qoca arvadına təsəlli verirdi. Böyük oğlunun sadəcə xatırlanması Bequmoyanın gözünü yaşartdı. Bangeş beşinci il idi ki, Benqal alayında qulluq edirdi. Hindistanın ağası olan ingilislər son illərdə alayı nə üçünsə, Çində saxlayırdı. Oradan Hindistana çox gec-gec məktub gəlirdi. Bir il əvvəl Bangeş ata-anasına yazmışdı ki: “Tezliklə gələcəyəm! Bir az da səbr edin, gözləyin.” Artıq bütün ailənin bir ümidi vardı: Bangeş gələcək və bütün ehtiyaclar nəhayət, ödəniləcək. Arıq, qaragöz balaca ciddi əda ilə: - Amma, Bangeş az bəxşiş gətirməyəcək, ha! – dedi. O biri oğlan da sevinclə ona qoşuldu: - Ana, eşidirsənmi? Hamı üçün ayrı-ayrı bəxşiş alacaq! - Bunlar hamısı boş şeylərdir! Özü gəlsin, hələ bəsdir! Artıq lağ-lağı etməyin. – deyə Bequmoya sapı bura-bura qışqırdı. - Ata, bəlkə də... Ola bilər ki, - deyə Lakşmi yuxu içərisində pıçıldayırdı. O, tamam eşikdə torpağın üstündə uzanmışdı. Natın ailəsi yatmamışdı, yağışqabağı gecələr gündüzlərdən daha müdhiş və boğucu olurdu. Sığınacaq yerinin açıq qapısından içəriyə boğucu, rütubətli bir hərarət axırdı. Balaca Rameş yavaş-yavaş sərinlikdən ötrü bir parça köhnə kətən çəkib tavandan asılan girdə çərçivəni sallayırdı. Bir an yuxu onun göz qapaqlarını qapadı, çərçivənin bağı əlində hərəkətsiz qaldı. O vaxt Natın, qarının və uşaqların bədəni bir an içində bol-bol buxarla örtüldü. Milyonlarla ağcaqanadlar, uzunburun milçəkləri sığınacaq yerinə girib çıxaraq bu gücdən düşmüş adamları dişləyirdi. Qədim cəhrə isə yenə də öz mahnısını oxuyurdu. Mişçarinin çəkici ahəngdar bir tərzdə taqqıldayırdı. Uşaqların çevik, qabıqdan çıxmış əllərində arpa xışıldayırdı. Kiçik ilan balası öz yuvasından çıxıb başını səhəngə salaraq südü içirdi. Ana öz özünə yavaşcadan: - Dərd-bəla hər yanlı, hər tərəflidir... Birtəhər dözə bilərik. Hələ bir az da iztirab çəkək. Bizim üçün bir ümid, bir xilas, bir qurtuluş var ki, o da: Bangeşdir! – sözlərini mırıldanırdı.







                                           Bangeşin qayıtması

Kənd qarovulçusu kənd küçələrindən öz balacı toxmağı ilə gecə yarısı zəngini çalaraq keçərkən, uzaq dənizdən ilıq, xəfif külək qopdu. İstidən zəif düşmüş Satpur kəndliləri bir dəqiqəlik yuxu unutqanlığına daldılar... O yan, bu yanda qəndillər söndü... Yalnız, yoxsulların evində işıqlar hələ də titrəyərək göz qırpırdılar. Heç kəsdə gizlincə Mişçarinin sığınacaq yerinə cır-cındır içində zavallı bir adamın yaxınlaşdığını görmədi. O, kölgə kimi səssiz-səssiz içəriyə girdi. Şişkin gözlərilə anasının qırışıq mehriban üzünə baxdı.. Göz yaşları arasından o, qocalmış atasının təkəri yamaya-yamaya mürgü ilə necə çarpışdığını gördü. - Ana, mən gəldim, - deyə o, pıçıldadı və yerə yıxılaraq başını isti ana dizləri üstünə qoydu. - Bangeş! Oğlum! Lampa söndü... Onu kimsə aşırmışdı. Sığınacaq yerində hay-küy və əlləşmə qalxdı. Bangeşin qardaş və uşaqları bir anda ayağa sıçradılar. Nat hamısını bir yana itələyib oğlunun üstünə atıldı. Bequmoya isə saxlanıla bilməyən göz yaşları tökürdü. Yalnız səs-küydən oyanmış olan Lakşmi içəri girməyə cürət etməyərək qapı kandarında durmuşdu. Suallar, nidalar hamısı bu gözlənilməyən həyəcanlı və şən görüşə qarışmışdı. Yenidən qəndili yandırdılar və Bequmoya ah çəkərək oxşayıcı səslə başladı: - Bangeş, sənin başına nə gəlmişdir? Sən xəstəmi, acmısan? Oğlum, sənə nə olmuşdur? Ax, o cəhənnəm olmuş ingilislər, insanı nə hallara salır, nə günlərə qoyurlar! O, Bangeşin zavallı, cır-cındır üst-başının şişkin gözlərinin və sısqalığının fərqinə yalnız indi varırdı. Nat: - Sən haradan gəlirsən? Bangeş, məgər sən öz vaxtını qulluq edib qurtardınmı? – deyə soruşdu. Hamı susdu... Bangeşin qorxunc, miskin və zavallı görkəmi bütün ailəni qorxutmuş, təəccübləndirmişdi. - Balaca, mənə su ver... Bəlkə də, evdə sudan başqa da bir şey tapılar – deyə fərari yavaşcadan mırıldandı. – Ana, doğrusunu demək lazım gəlirsə, mən çoxdandır ki, şey yeməmişəm. Kəndin dərinliklərindən xoruz banlaması səsi gəlir. Meşədə harda isə lap yaxınalrda, Natın sığınacaq yerinin arxasında çaqqal uladı. Ona cavab imiş kimi bir anda hər tərəfdən xırıltılı çaqqal ulaması eşidildi. Meşələrin dərinliyindən, düzlərdən, çəmənlərdən, bu yarı qurd, yarı köpək olan vəhşi heyvanların ortalığa kədər və ələm saçan qorxunc ulaması uçurdu. Boz çaqqallar tez-tez dəstə ilə kəndə yaxınlaşdılar. Bu vaxt analar yatmış yavrularını daha bərk-bərk qucaqlayır, kişilər isə hinlərin möhkəm qapanmalarını yoxlayıb quzuları qamış pəyələrə qovurdular. Səhər isə ziyanı sayardılar. Yalnız quşlar və quzular yox, çaqqalların, böyük buzovları da gəmirərək meşəyə apardıqları vaxtlar düşürdü. Bangeş Çandra istirahət edərkən öz hekayətinə başladı. Sıx bir yığın qurub toplanmış olan can-ciyərləri də ona qulaq asmağa başladılar. Onun gəlişi ailəyə sevinc gətirməyəcəkdi... Bangeş cani idi. Bangeş Çandra fərari olmuşdu. Bangeş bölüyünü öz böyükləri və amirlərinin razılığı ilə tərk etməmişdi. Yox, o, qulluq möhləti qurtamadan, qaçıb gəlmişdi. Gəmi ilə Çin dənizini keçmiş... Yollar, bataqlıqlar, meşələrlə gələrək gücdən düşmüşdü. Susuzluqdan əzab çəkmiş... ac qalmışdı. Oğlunu dinlədikdən sonra Nat ehtiyatla soruşdu: - Bangeş, anlaya bilmirəm ki, səni qaçmağa nə məcbur etmişdir. Axı, sahiblər səni hərbi qulluğa göndərməmişdilər?! Sən də, hamı kimi əsgərliyə könüllü olaraq yazılmışdın. - Yalnız sizimi alayda pis yedirdirdilər? Oğulcuğum, bəlkə də, sənə alayda əziyyət verirdilər, səni döyürdülər. – Anasının səsi titrəyirdi. - Döymürdülər, yox! Lakin, pis döyməkdən yüz dəfə pis işlər görürdülər. Bizi başqalarını döyməyə məcbur edirdilər. Həm də bu, müharibədə, düşmənlə çarpışmada olmurdu. Ata, yadındadırmı, iki il əvvəl mən yazmışdım ki, sahiblər bizim alayımızın dörd bölüyünü Çinə göndərdilər. Rameş, ey kiçik meymun, sən Çinin harada olduğunu bilmirsən! Çin şərqdə, inqilab yurdunda yoxsulların əzazil varlılara qarşı üsyan etdikləri yerdədir. Sahiblər biz hind əsgərlərini Şanxay küçələrinin bitişdiyi çarpazlaşıb ayrıldığı vaxtlarda yerləşdirdilər. Şanxay böyük, fabriklər şəhəridir. Çin işçiləri dözülməz bir vəziyyət içərisində qalanda işi buraxırlar, işin belə buraxılmasına tətil deyirlər. Fabriklər işləməyib dursalar, qazanc da az olar. İngilislər də çox qatılıq və zülmlə belələrinin öhdəsindən gəldilər. - Döyürdülər? Yoxsa, həbsəmi salırdılar? - Ana, həbsxanalar o qədər adamı saxlamazdı. Şanxayın bütün işçiləri küçələrdə idi. Sahiblərə tətilçilər üzərində mühakimə qurmaq, onları cəzalandırmaqla öz ağa əllərini zəhmətkeş qanı ilə ləkələmək istəmirdilər. Yox! Onlar Çin yoxsullarını güllələməyə bizi, biz hindliləri məcbur edirdilər. Həbslər, adamlar döymək və işgəncə etmək, güllələmək. Sahiblər bu işlərin hamısını hind ordusunun əli ilə görürdülər. Yox, ata, sən bir düşün, bir təsəvvür et ki, əliboş, yaraqsız işçini yoxsul qardaşı güllələmək nə deməkdir! Onu xatırlamaq belə o qədər ağır, o qədər dəhşətlidir ki... ... ... Bir il əvvəl bizə yeni polis nişanları verdilər, səliqə və qayda ilə geyinməyimizi əmr edib bütün bölüyü Şanxayın mühüm, baş küçəsi olan Nankin-Rada apardılar. Bu, 1925-ci il mayının 30-da idi... Minlərcə tələbə və talibə yürüyürdülər... Onların ardınca isə yun əyirmə və toxuculuq işində çalışanlar gəlirdilər. Biz onlara, bu hələ uşaq deyilə biləcək qədər kiçik olan silahsız yeniyetmələr dəstəsinə atmalı, bunları güllələməli idik! İverson – sahib ona komandanlıq edirdi: “Atəş! Qorxaq oğlanları qorxaqlar! Tabe olmamaq? Bunt etmək? Alın qarşılığını. Atəş! Atəş! Atəş!” Bütün dəstədən üç polis tüfəngləri endirdi... O üç nəfərdən biri də məndim... Lakin, mən komandana hamıdan yaxın dururdum. Düşməndən ölüm fəryadları və iniltilər eşidildiyi vaxt komandan mənim yanıma sıçrayıb qışqırdı: - Sən atmadın? Çaqqal, sən qulaqardına vurdun? Hələlik, payını at da, sonra səninlə yenə hesablaşarıq. O dəqiqə o, ağır tapança dəstəsi ilə çiynimə və sonra üzümə vurdu... - Lakin, mən vaxtında sol əlim ilə üzümü tutdum və tapançanın ağır dəstəsi iki orta barmağımı parçaladı, görürsənmi, ana? Müdhiş, dözülməyəcək olan ağrıdan özümü saxlaya bilmədim və qana boyanmış əlimlə hələ orada zabitin üzünə vurmaqla ona cavab verdim... Mən qaçmalı oldum. Dərhal çinli dəstəsinə qarışdım. Atəş davam etdi... Şanxayda hələ bu cür qan tökmə olmamışdı. Sabahı yeni gülləbaranlar oldu. Lakin, onlarda artıq mən müqəssir deyildim. Qatillərə qulluq etmək üçün pulsuz və şeysiz qaçdım. Bir cani və fərari kimi bir il ərzində gizlincə dolaşaraq, gəlib evə çıxdım. Buradan o qədər uzaq olmayan Assamada çay plantasiyasında işlədim. Lakin, bir ay əvvəl məni az qala tutmuşdular. Axı, amirin üstə əl qaldırmaq, əsgər üçün cinayətdən belə artıqdır. İndi nə qədər ki, mənim ardımca gəlməmişdirlər, mənə ata-anamın yanında, doğma yurdum və ocağımın başında yorğunluğumu çıxarmaq, dincimi almaq lazımdır.

    Ana, mən hər şeyi deyib qurtardım.

Fərarinin cavabı ağır bir sükutdu. Qocalar bu yeni v əağır bəladan sarsılaraq boyunları qısılmış kimi başlarını əymişdilər. - Hə, ola bilər ki, Bangeş haqlıdır. Belə ağıllı, mehriban, ədalətsevər Bangeş heç haqsız ola bilərdimi? Lakin... İngilislər hər şeyə qadirdirlər! Onlar yazıq kəndliləri məhv edəcək, bizi və oğul-qızları yerimizdən qovub çıxaracaq, xaraba qoyacaqlar. Sahiblər Mişçarinin evində fərarinin gizləndiyini bilsələr, kim bilər, daha nə edəcəklər... – deyə Nat düşünürdü. Ana oğlunun başını öz qurumuş köksü üstündə sıxaraq hıçqırırdı: - Bangeş, bizim ümidimiz sənə idi. Bangeş! Sən hələ indi də mənim istəkli və yaxşı oğlumsan! Lakin, başqa qardaşlarının xətrinə, qoca atanın xətrinə səni doğub yedirtdiyim, böyütdüyüm bu evi tərk et! Mənim quzum! Ananın iftixarı olan oğlum! İngilislər hələ izinə düşmədən get!Onsuz da mülkədar bizim əlimizdən qəzəblidir... Birdən polis müfəttişi özü kəndə gələrsə, o halda nə olar. Oğlum, bütün bir ailəni məhv etmə! Çıx get, mənim əzizim, Bangeş, buradan qaç! Xoruzlar təzədən banladı... Bir şeyə qərar verilməli idi... Bir-iki saat keçsə, dumanı qovaraq meşnin üstünə çöhrəyi şəfəqlər qonacaqdı. Əgər getsə, gərək hələ indicə vaxt itirmədən yola düşəydi. Lakin, Bangeş üçün bu ata yurdunu tərk etmək o qədər çətin, o qədər ağırdı ki! Bu beş il ərzində çox dəyişiklik olmuşdu. Bangeşin arvadı Kamala ölmüşdü. Qocalar onun uşaqlarını da özlərinki ilə bərabər tərbiyə etmiş, böyütmüşdülər. Ona görə də, Bangeş indi bu yarıçılpaq uşaq yığını arasında oğulları ilə kiçik qardaşlarını güclə ayırd edirdi. Bangeş uşaqları oxşadı və nəzərlərilə böyük, istəkli qızını axtarmağa başladı: - Bəs Lakşmi hardadır? Bu qədər vaxt keçdi... Yəqin yatır? O, Kamalaya bənzəyirmi, ana? Bangeş sığınacaq yerinin qaranlıq bucaqlarına nəzər yetirərək yavaşcadan çağırdı: - Lakşmi! - Bangeş, onun barəsində danışmağa dəyməz. - Nə? Nə olmuşdur? O, burada yoxdur? Harada, bəs Lakşmi haradadır? – deyə fərari qışqırdı – Onun başına nə gəlmişdir? Ana, de, uzatma, bir de görüm! - Ona nə olmuşdur. Oğlum, o duldur. Qabaq vaxtlar olsaydı, onu tonqalda yandırardılar. Lakin, indi tonqal qadağan edilmişdir, o da qalıb bizim evimizi ləkələyir. Lakşminin yaşı hələ altı olmamışdır ki, biz yuxuya qalmayıb onun üçün hallı-əhvallı bir ailədən nişanlı tapdıq. Toya nə qədər xərclənmişdi. Lakşmini Djotinlə onun ata-anası evində çayın o tayında nişanladıq. O zavallı uşağın yeddi yaşı da yoxdu. İkisi də brahmanın onları ağ şalilə örtməsinin səbəbini qətiyyən anlamırdılar. Lakşmi ağladı, biz mərasimdən sonra onu evə gətirdik. Belə qərar verildi ki, Djotin on bir yaşında olanda ata-anası ona yeni ev tikəcəklər, o vaxt da Lakşmi gedib öz ərinin yanında yaşayacaq. Lakin, Allahın əmri başqa cür imiş. İki il keçmədi ki, Djotin öldü, taun onu əlimizdən aldı. .. Görürsənmi, oğlum, yaxşı qadınların ərləri salamat olur! Təmiz və yaxşı arvadlar ərlərindən əvvəl ölürlər! - Mənim zavallı qızım! Siz də durub onunla... Köhnə qanunlar üzrə rəftar etdiniz, hə? - Belə olmasaydı, Bangeş, kənd camaatı bizi dağıdardı. Əlbəttə, necə ki, qaydadır, biz onu qara geyindirdik... Onu görməkdən, onunla danışmaqdan çəkinirik. Lakşminin boynunda böyük və ağır bir günah vardır. O, indi hamı üçün yabançıdır.

                                                 ***

Qarı bu ağır hökmlə sözünü bitirdi. Lakin, o, qəlbində nəvəsini sevir, ona acıyır və düşünürdü: “Yazıq! Bundan sonra heç vaxt özü üçün bir ocaq qura bilməyəcək... ona bir də təzədən ərə getmək mümkün deyildir və o, ömründə uşaq üzü görməyəcəkdir. Belə avara, evsiz, eşiksiz, dul olmaqdansa, tonqalda yanmaq yaxşıdır!” O, belə düşünür, nəvəsinə acıyırdısa da, bunu heç kəsin qarşısında boynuna almırdı. - Bu boş söz və sayıqlama! Lakşmi uşağın ölümünü istəmirdi ki... Qızım, Lakşmi, haradasan? – deyə Bangeş ayağını eşiyə qoyaraq, qaranlıqda səsləndi. Bu dəqiqə qızın isti göz yaşları atasının tozlu ayaqlarına boşandı. O, qara bir topa, bir yumaq kimi torpağın üstündə şikayət edərək için-için sızlayır, ağlaya-ağlaya Bangeşin ayaqları ucunda döyünür və çırpınırdı. . . . Görüş uzun çəkdi. Yığışma isə az sürdü. Ana göz yaşını duzla dəni toxumu göz yaşıyla qarışdıraraq, titrək əllərilə kətən kisəcikləri doldurdu. Sonra qarı oğlunu oxşadı: - Vaxt dəyişər! Bangeş, sən yenə yanımıza gələr, yenə ananın qəlbini sevindirərsən. Bu ara Lakşmi yavaşca sığınacaq yerinə gəlib anasından qalma mücrüyə yaxınlaşdı və heç kəs tərəfindən sezilmədiyi halda tezliklə geriyə, qapıdan bayıra çıxdı. Çaqqal ulaması sakitləşən kimi idi. Qoca Nat yazıq-yazıq gülərək: - Bangeş, sənin gedişini Allahlar təqdis edir – dedi. Bequmoya da oğlunu ürəkləndirməyə çalışaraq: - Oğulcuğum, səni müvəffəqiyyət gözləyir, - deyirdi – meşə yırtıcıları belə mənim Bangeşimə yol açırlar. - Hə, daha getmək vaxtıdır. Ana, salamat qal. Bangeş Çandra yorucu və boğucu gecə çəkilib bitmək üzrə ikən həmişəlik olaraq ata yurdunu tərk etdi... Meşə fərarinin üstünə budaqların qara sularını damcıladırdı. Bangeş yorulub və zəif düşərək tezliklə xurma ağacı köndəsi dibində olan yosunun üzərinə düşdü, - birdən onun əlini başqa mehriban bir əl sıxdı. - Bu, mənəm ata, qızın Lakşmidir! Mən də səninlə gedirəm! Anamın ağ paltarını geyərəm də, heç kəs məni dul bilməz! Sən də bunu yadından çıxardarsan, istəkli atam, yadından çıxardarsan! Gedək! - Körpəm, hara gedək ki? - Ağıldankəm kimi dolaşmağa yox, işləməyə, hara olur-olsun gedək. Ordan o yana onlar yanaşı, əl-ələ irəlilədilər. Meşə yavaş-yavaş işıqlanırdı. Ağac budaqlarının hörülmələri vəhşi, yırtıcı heyvanların bağırtıları üzülmüş fərariyə artıq qorxunc gəlmirdi.



                                        Məşəqqətli səfər

Fırtına və sürəkli yağışlar vaxtı olan iyun ayı gəlmişdi. Bangeş isə hələ də qızı ilə bərabər böyük Qanq çayı istiqamətini tutub meşələri dolaşırdı.Meşələrlə düzgün getməkdə artıq o qədər müdhiş deyildi. O yan – bu yanda ovçu və odunçu cığırları görünürdü. Bir yerdə hündür otlar əzilmişdi. Bir başqa yanda isə ağaclardakı yarıqlar yolu göstərirdi. Lakşmi tezliklə meşələrin yaşıl tutqunluğuna öyrəşdi. Onu meymunların xırıltılı qışqırıqları artıq ürkütmürdü. Hindistan meşələri çoxdan bəri meymunlarla dolu idi. Satpur kəndində olan sığınacaq yerlərinin damında və kənd məbədinin həyətində yaşayırdılar. Onlar tez-tez əsnəməkdə olan qadınların gözü qabağından meyvələr oğurlayır. Kiçik uşaqlara öcəşir, onlarla zarafatlaşır, bir-birlərinə qoz qabıqları tullayırdılar. Burda, bu meşələrdə isə meymunlar böyük sürülərlə dolaşırdılar. Onlar budaqların təpəsilə bir ağacdan o birinə sıçraya-sıçraya, qışqırıq sala-sala atılıb-düşürdülər. Çəmənliyin bəzi yerlərində vəhşi, sıx kolluqlara rast gəlinirdi. Lakin, buranın çox yerləri möhtəşəm, gözəl bir meşəlikdi. Sarmaşan göyərtilərin dalları havadan asılı imiş kimi dururdu. Onlar bir-birilə hörülüb dolaşaraq hava körpüsü mənzərəsi açırdı. Cəngəlliklərin adam ayağı görməmiş torpağını gərəksiz otlar və yosunlar bürümüşdü. Bu qalın və şirəli yaşıllığın içində milyonlarla həşərat, minlərlə iyrənc gürzə və bu kimi tükürpərdici sürünən heyvanlar və kiçik yırtıcılar qaynaşırdı. Bangeş: - Lakşmi, yolu dəyişdirək, - dedi. – Bura bataqlıqdır. - Ata, o tərəflər də bataqlıqdır. Görürsənmi, ayaq necə batır. - Belə yerdə titrətməyə tutulmaq çox asandır. Qızım, tez ol, - deyə Bangeş qızı tələsdirdi – yoxsa, biz bu cəngəllikdən çıxa bilmərik. Lakin, bataqlıq təbəxxüratından iy verən hava yolçuları gücdən salmışdı. Onların ayaqları güclə hərəkət edir... Başları gicəllənirdi... Gecələr cəngəlliklər daha qorxunc olurdu. Bangeş və Lakşmi dərin meşə qaranlığında qarşılarına nə çıxacağını bilmədən yüyürürdülər. Ağaclara toxunur, nahamar kələ-kötür mamırlar ayaqlarını didirdi. Onları qorxunc yırtıcılar böyürtüsü və ulaması müşayiət edirdi. Cəngəllikdə gecələmək qorxusu yolçuları insan məskənlərinə tərəf qovurdu. Lakşmi və Bangeş dəfələrlə meşə civarındakı kəndlərə yaxınlaşmış, gecələri kənd kənarlarında, anbarlar arxasında, bir qucaq quru ot üstə gecələmişdilər. Lakin, onlar daxmalara girmirdilər. Bununla belə onlar insanlarla görüşmək, bir ocaq başında oturub isti, dadlı kənd şorbası yeməyi o qədər istəyir, hələ arzu edirdilər ki... Bangeşin kəndə girməkdən boyun qaçırmasının ciddi səbəbləri vardı. Bəlkə, ingilislər burdan Benqaliyəyə, onun həbs edilməsinə dair əmr göndərmişdilər? Digər tərəfdən isə kəndlilərin əsil (alicənab) silkinə mənsub olan o, Bangeş Çandra, aşağı alçaq silkdən olan adamalrın evinə, komasına necə girə bilərdi? Alçaq silkə mənsub olan hindlinin çörəyin yemək, onu və qızını həmişəlik ləkələmirdimi? Bangeş kəndin civarında murdar dəriçilik sənətinin əlaməti olan çarmıxa çəkilmiş dərini görüncə nifrətlə: - Qızım, kənardan, kənardan keçək – dedi – Harada isə bir cəngəllikdə gecələyərik. Bu kənddə gönçülər, dəriçilər yaşayırlar. Lakşmi, ondan uzaq qaçmaq lazımdır. - Sən ingilislərin çinliləri incitməsindən danışanda özün deyirdin ki, bütün insanlar qardaşdır. Ata, gönçülər, dəriçilər nə üçün bizdən pis olur ki? Bangeş cavab vermədi. O, sadəcə, gönçülərin, paltaryuyan, dəllək, qazınmış xəndəkləri təmizləyən adamların natəmiz və pis olduqlarını düşünməyi adət etmişdi. Onlarınkiçik bir təması insanı həmişəlik ləkələyə və murdarlaya bilərdi. Gönçünün kölgəsi belə xörəyin üstünə düşsə, demək, xörək murdarlanmış olur. Gönçü bir evə girdisə, artıq o evi də tərk etmək lazımdır. Ta uşaqlardan bütün hindlilərin bir neçə silkə bölünmə bəzi fikrini Bangeşin başına doldurmuşdular. Güclü yağışlar çox gec başlandı. İlk müdhiş fırtına ancaq iyunun axırlarında özünü göstərdi. Göy gurultusu durmadan davam edirdi. Yağış bir gecə-gündüzdən daha artıq, tamam otuz saat qədər yağdı. Bangeş və Lakşmi kiçik meymunlar ailəsini qovaraq böyük bir tut ağacı koğuşunda oturdular. Yolçuların bütün düşüncə və kisəcikləri, yağışın ilk qamçıları altında yuyulub getmişdi. Yağış sakitləşməyə başladıqda, Lakşmi dəhşətlə aşağıya yuyularaq su içində qalan cığıra baxdı. - Bu, yol deyil ki, çaydır! Biz necə gedəcəyik? Yox, yaxşısı budur, hələ burada yurd salıb, quş kimi burada yaşayaq. - Bu oyuğa başqa sakinlər də göz tikmişdirlər. Lakşmi, bir yaxşı bax. Doğrudan da, ağacla yuxarı, gürzələr, qırxayaqlar, əqrəb və ilanlar dırmaşırdı. Yuvalarını basmış olan su onları çölə çıxarmışdı, ona görə də, bu iyrənc sürünənlər özlərinə uca yerlərdə, ağac oyuqlarında və ağac gövdəsinin çatlaq və yarıqlarında daldalanmaq sığınacaq yer axtarırdılar. Bunun üçün də, bizim qaçqınlara istər-istəməz aşağı enmək lazım gəldi. Dizə kimi suyun içində, palçığı qarışdıra-qarışdıra bataqlıqda, çıxa-bata Bangeşlə qızı birtəhər gəlib Padj kəndinə yetişə bildi. Kənd camaatı çobanlar silkinə mənsubdu. Buna görə də, Bangeş sığınacaq yerlərində sığınacaq yer axtarmayıb, Lakşmi ilə bərabər, tamam meydanın yanında bir pərdənin üstündə oturdu. Axşamüstülər adəta, həmişə yığışılan kimi meydan ortasında, bir ağac altında cürbəcür işlər barəsində laqqırtı etmək üçün kəndin bütün kişiləri toplanmışdı. Bir qədər o yanda isə, quyunun yanında, vedrəli, səhəngli qadınlar toplanmışdı. Onlar da hər şeydən bir azacıq olmaq üzrə qeybət edir, deyinirdilər: - Fırtına diənçiləri bizə sıxışdırdı. Qəriblərə yer vermək növbəsi kimindir? – deyə biri sordu. - Subaşini, onların qeydinə qalma – deyə bir başqası cavab verdi. – Onlar bizim qonaqpərvərliyimizi qəbul etməzlər. Sənin onlar üçün ayıracağın ən ləzzətli tikə onlara süfrə tullantısı kimi görünəcəkdir. Kəndin yüzbaşısı isə bu aralıq astadan danışırdı: - Hə, Şarat, işlər belədir! Mülkədara vergi verdikdə hələ bilərsən ki, təzə məhsula qədər ixtiyarımız öz əlimizdə azad adam olacağıq. Dostlar, qorxuram ki, iş özgə cür olsun. Kəndliləri qorxu bürüdü: - Nə, nə olmuşdur, yüzbaşı? – deyə sordular. - De görüm? Yoxsa yenə təzə bir pul yığmaq məsələsi var? Çal baş yüzbaşı dedi: - Mülkədarların keyfi kökdür. Yenə bir oğul doğulmuşdur. Gərək pul kisəmizi gen açaq. Sabah mirzə siyahi ilə evləri dolaşacaq, bizi yaxşıca sığallayacaqdır. Kimisindən qaz aparacaq, kimisindən quzu, xülasə, hər kəsin olanından. İslanan Bangeş bir az uzaqda oturub soyuqdan əsir, qulaq asaraq düşünürdü. - Yüzbaşı deyəsən, yaxşı adamdır. O biri kəndlilər də hələ mənim könlümə yatır. Mülkədar görünür ki, bunları bizim Muti Sinqxdən pis soymur. Sonra yüzbaşı üzünü mirzəyə çevirdi. - İşlərimiz yaxşı olmasa da, hər halda gərib yolçuun bayırda, açıq havada gecələməsi layiq deyil. Get əzizim, ona qız ilə bərabər Annadanın boş evində yaşaya biləcəyini təklif et. Qoy bu yaxınlıq ayları bizim yanımızda qalaraq gözləsinlər. - Yaxşı, yüzbaşı, bəs yemək məsələsi necə olacaq? - Bir təhər dolandırarıq! Növbə ilə... Ya da camaat malından mən bir az verərəm. Axı, görürsünüzmü, şikəst, barmaqsızdır da – deyə qoca əlavə etdi. Mirzə Bangeşə yaxınlaşıb, yüzbaşının təklifini ona bildirdi. Bangeş düşündü. Doğrudan dincəlmək yaxşı olar! Lakin, bu mümkündürmü? İsti ocaq başında sakit, toxluqla keçirilən bir həyat! Həm də biz necə gedəcəyik? Çaylar daşacaq, bütün ətrafı batıracaqdır. Burada qalıb gözləmək yaman olmazdı. - Ata, qalaq. Biz bu hal ilə hara gedə bilərik? – deyə Lakşmi ağlamsınırmışcasına rica etdi. Lakin, Bangeş aşağı təbəqələrdən yem və kömək qəbul etməklə murdar ola biləcəyinə möhkəm surətdə inanırdı. O, canını dişinə tutaraq quru səslə dedi: - Dostum, koxaya təşəkkür et. Biz getməyə tələsirik. Bu saat kəndi tərk edirik. Salamat qalın! Bunun üzərinə Bangeş qızının çiyninə söykənərə güclə qalxdı və suyun yaladığı yollarla Qanqa tərəf yönəldi.


                                                           ***

On beş dəqiqə keçmişdi ki, Padja yaxın nahiyədən bir çapar ingilis gəldi. O, atı quyunun yanında saxlayaraq: - Ey qara qullar, koxanız haradadır? – deyə bağırdı. - Koxa mənəm, əfəndimi dinləyirəm – deyə qoca aramla baş əydi. - Buradan qızla bərabər bir səfil keçdimi? Barmaqsız, sol əlində iki barmağı yoxdur. - O kimdir ki, əfəndimizi belə maraqlandırır? – Koxa ehtiyatla soruşdu. - Fəraridir! Qanırsanmı? Həm də zabiti təhqir etmişdir. Qısası, həbsxana onun yolunu gözləyir. Koxa, ağıllı danış, mənim cibimdə o fırıldaqçının barəsində çox şiddətlə və qəti əmr vardır! - Hə, əfəndim, bu günlərdə bura bir nəfər barmaqsız gəlmişdi. Lakin, o, buradan geri Satpura döndü. Əfəndim canini tapmaq istəyirsə, geri dönməlidir. – deyə koxa polisi inandırdı. Aldadılmış polis qorxu içində təzəcə meşə yoluna çıxmışdı ki, koxa mirzəyə əmr etdi: - Onlara yetiş... Xəbərdar et... O barmaqsız bizim köməyimizi rədd etsə də, onları ingilisə təslim etmək olmaz ki? Mirzə dərhal Bangeşə yetişmək üçün yola düşdü.

                                       ***

Təzədən yağış yağır... Gurultulu fırtınalar qopurdu... Yağış sakitləşəndə bu kəntdən o kəndə iki yolçu yüyürürdü. Vaxtdan vaxta onları sarsırdı. Arıqlamış Bangeş hələ susurdu. O, çobanlar tayfasının ona uzatdığı kömək əlini qəbul etməkdə haqlı olub-olmadığını düşünürdü. - Ata, biz nahaq yerə o kəndlilərin qəlbinə dəydik. Kəndlilər ürəkdən ürəkdən bizə kömək təklif edərək bizi təhlükədən qurtarmaq istəyirdilər. Ata, biz pis hərəkət etdik – deyə qız təkrar etdi. - Nə vaxtdan bəri builki cücə bildirki cücəyə şey öyrədir? Murdar adamların köməyi də cəhənnəm olsun! – deyə Bangeş qəzəblə əlavə etdi – Lakşmi, sus! Bununla belə, o, öz qəlbində haqsız olduğunu duyurdu.

                                                                   ***

Nəhayət, Bangeş və Lakşmi qaranlıq cəngəllikdən qurtularaq çaya çıxdılar. Yağışlar kəsilmişdi. Yolçuları titrətmə artıq gec-gec tutur, az incidirdi. Aydın sentyabr günlərinin munis istisində taxıllar yetişirdi. Dolğun sulu Qanqın sarı dalğaları isə tənbəl-tənbəl dığırlanır, axıb gedirdi. Bangeşlə Lakşmi sərin suya cumub, qumlu sahildə oturdular. - Lakşmi, biz Banarasın yaxınlığındayıq. Hindistanda bundan daha müqəddəs şəhər yoxdur. Orda yüzlərcə məbədlər çoxlu brahmanlar vardır. Sahillə nə qədər zəvvar getdiyini görürsənmi? Qızım, biz də ziyarətə gedək, brahmanlar inanan adamları doyurub, onlara yardım göstərirlər! Bununla da, Bangeş qızı ilə izdihama qarışaraq sahil boyu ilə getdilər. Bangeş zəvvarların həyatına təəccüblə baxırdı. Onların arasında cürbəcür insanlar vardı. Piyada bütün Qanq boyunu dolaşmaq, çayın mənbəyindən mənsəbinə gedərək yenə də mənbəyə qayıtmaq, əlbəttə, müqəddəs bir iş hesab edilir, göylərin yolunda böyük bir iş görmək kimi sayılırdı. Ziyarətə gələnlər ancaq dua etmək üçün gəlmirdilər. Kəlküttəli bir yoğun tacirin arvadı yol uzunu bu barədə Lakşmi ilə uzun danışdı. Onlar, uzun əl ağacına söykənərək gedirdilər. - Ax, əzizim, heç kəs ziyarətə inandığı yaxud göylərin qüvvəsinə ehtiram etdiyi üçün getmir. Mənim qaynatam ölənə yaxın tamam ağlını zay etmişdi. Təsəvvür et, onun vəsiyyətinə görə mən ərimlə bərabər indi dilimizi çıxararaq ləhləyə-ləhləyə bütün Hindistanın müqəddəs yerlərini gəzirik. Lakşmi yavaşcadan: - Ana, nə söylədiyinizi anlamıram, - dedi. - Qonşularımız indi doğrudan da bizə necə gülürlər! Vəsiyyətnamədə deyilir ki, irs üç ilin ərzində ən çox dua edərək xeyli müqəddəs yerlər ziyarət etməyə müvəffəq olan oğula yetişəcəkdir. İndi özün də qanırsan ki, ərimin qardaşları işlərini, güclərini, dükanlarını, qazanclarını atıb öz ailələrilə bu ziyarətgahdan o ziyarətgaha cumurlar. Bu nahaq deyil. Yüz min rupi çox zor puldur. Zəhmət çəkilməsinə dəyər. Bangeşsə heyrətlə bir dövlətinin tövbəsini dinləyirdi. - Hə, dostum, mən də günahımın bağışlanması üçün niyaz edirəm. Söz öz aramızda qalsın, mən o qədər də peşmanlıq edib canıma cəfa etmirəm. Rahat yatıram, iştahamsa iki qat artmışdır. Bilirsənmi, qonşuların yanında bir az yaxşı düşmür .. Yoxsa... - Əfəndim, sənə nə olmuşdur ki? - Mən sahil boyunda ev tikib qurtarırdım. Taxtapuşu qoyulan vaxt şalbanlar yıxılıb on bir nəfər rəngsaz və taxtapuş döşəyəni öldürdü. Doğrudur, usta, ağacların çürük olduğunu və bir bədbəxtlik törəyə biləcəyini öncədən xəbər vermidi. Bütün şəhərdə məni bədnam edən də Lələ o oldu. Belə ki, indi qotur, lüt rəngsazlar üzündən mənə müqəddəs yerlərə qaçmaq lazım gəlir... Onları görüm o dünyada da yursuz qalaraq əlləri başlarına çatmasın! ... Azacıq sonra qum və sərt daşlar əvəzində sahildə əyri pilləli, geniş pilləkənlər başlayırdı. Daşdan və ya bahalı mərmərdən yapılmış olan bu pilləkənlər çayın tamam bulanıq dalğaları içinə enirdi. Bangeş və Lakşmi yola çıxdıqlarının onuncu günü Banarasa yetişmişdilər.





                                        Banaras

Bangeş və Lakşmi qurtarmaq bilməyən pillələrlə gün çıxıncaya qədər Qanqa endilər. Banaras camaatının mömin və gəlmə zəvvar dəstələri dəstəmaz almaq üçün çaya enməyə tələsirdilər. Onlardan bir parası soyunaraq paltarını pillələrdə buraxırdı. Bəziləri isə suya paltarlı girib, sonra qızıl şəfəqlər islaq geyimi quruduncaya qədər gün altında otururdular. Bangeş və Lakşmi məbədin yanında dikilmiş olan böyük karvansaraya sığındılar. Yastı tava daşları üstündə duran, yatan, sürünmüş kimi can çəkişən yüzlərcə zəvvar yerləşmişdi. Bu yuxulu bədən sıraları arasında isə ağ, kök inəklər dolaşırdı. Onlar da müqəddəs hesab edilirdilər. Bangeş ilə Lakşminin nə dərəcədə aclıq çəkdiyini çox çətin təsəvvür etmək olar. Müqəddəs yerlərdə dua etmək lazım gəlirdi. Lakin, Bangeş indi heç də dua edəcək bir halda deyildi. O, yalnız özünə və qızına bir yemək, bir ovuc belə olsun arpa, yaxud meyvə və göyərti qırıntısı daş-baş fikrində idi! Lakin təcrübəli dilənçilər həmişə Bangeşin əlindən tapdığı şeyi qapıb alırdılar. Brahman tez-tez gəlib sütunun yanında dayanır, Bangeşlə söhbətə girişirdi. - Ay lüt, özünü günə verirsən? Bangeş ehtiramla qüsur göstərməməyə çalışaraq başını əydi: - Otururam. - Yedirməyə bir şeyin olmadığı halda qız nəyinə gərəkdir? - Məbəddə məgər bayrama sədəqə paylamayacaqlar? Müqəddəs ata, bizə kömək et! Biz çoxdan aclıq çəkir, çoxdan sərgərdan dolaşırıq. Sən ki, məbəd üçün çox gümüş alırsan, brahman zəvvarlara kömək əli uzat! - Ay əbləh adam! Pul mənim özümə gərəkdir! Qızcığazı bir saatlıq yanıma göndər. Ola bilsin ki... Əgər o, sözə baxandırsa və mənim xoşuma gəlsə, bir az pul üzü görər... - Getmirəm, ata, getmirəm! – qız ağlayaraq Bangeşə qısılıb dedi. - Qızım, arxayın ol. Heç kəs sənin qəlbinə dəyməz, - deyə fərari həzin-həzin qızını təskin etdi. Hər gün acından və yağmurlardan sonra adi olan gücsüzlər, zəiflər və titrəmədən yüzlərcə zəvvar qırılırdı. Bununla da, çay üzərində, daş pillələrdə yeni-yeni ocaqlar qalanırdı. Ölənlərin cəsədləri sonuncu dəfə olaraq Qanq suyuna daldırılır, sonra kəskin alovlarla tutuşan ocaqlarda yandırılırdı. Məbədlərin yanında isə xüsusi, şən və canlı bir həyat qaynayırdı. Lakin, gecə... Gecə məbədlər qarışıq təntənəli bir hal keçirərdi... Nə bayram kimi bayram olardı, nə də dua kimi dua. Qətran ağacı meşələri kəskin işıqla yanır, musiqi, təbillər, düdüklər, neylər və dəflər guruldayırdı... Belə vaxtlarda brahmanlar rəqqasələr də gətirərdilər. Qoca, çirkin brahman sərxoş bir halda yatmış olan zəvvarlarına rasında dolaşa-dolaşa Bangeşə yaxınlaşdı. - Ay lüt, mən gözləyirəm ki, görək, sən nə vaxt gəbərəcəksən! - Brahman, mən hələ ölməyəcəyəm. Hələ özümü saxlaya bilirəm. - Qızı mənə ver! Sat... hə? Mən bu yolda pulumdan keçməyə hazıram. Gülüm, gedək mənimlə... Mən səni qonaq edər və oxşaram... – Sərxoş sallana-sallana və ağzının suyunu axıda-axıda bu sözləri deyirdi. Lakşminin bir neçə qəpik qazanmağa müvəffəq olduğu vaxtlar da ittifaq düşürdü. Bu onlar üçün bir xoş gün olurdu. Lakşmi misgərlər mhəlləsində təbaşir və kül ilə ağır mis qazanları, badyaları və yağ dolçaları təmizləyir, qızıl kimi parlayana qədər iri padnosları sürtür və silirdi. Misgər fərasətli, yaxşı yamanı qanan adamdı. Ona görə də, malının, günəş altında necə parladığını və müştəri cəlb etdiyini görəndə Lakşmini tərifləyir silmək üçün ona paslanmış qabları verirdi. Lakşmi sürtür, təmizləyir, qaşıyır və qazıyırdı... Bangeş onu eşikdə gözləyirdi. Ətrafda isə adi küçə hay-küyü və mərəkəsi gedirdi. Xalçaların və döşəklərinin üzərində bardaş quraraq sıra ilə tövbə edənlər oturub mənasız və boş nəzərlərini qarşı tərəfə zilləmişdilər. Hər kəs bacardığı qədər özünəməxsus olan tərzilə izdihaın nəzərini cəlb etməyə çalışırdı. Biri, quru sümükdən ibarət qalmış olan əlini yuxarı qaldırırdı. Bir başqası isə tama iyirmi ildən bəri çarpazlanmış olduğu ayağını aça bilmirdi. Xüsusi yorğan-döşəkdə böyük, dəmir mıxların iti başı üstündə yatmış olan divanənin fincanına mis və xırda gümüş pullar atılırdı. Lakin, bu mıxların küt olduğu aydıncasına görünürdü. İri, sarı çətirlərin kölgəsində brahmanlar Allahlara nəzir verilmək üçün təsbeh, çiçək və yağ satırdılar. Hər zəvvar da, onlardan münasib qiymətə təmizlənmiş və bütün günahdan qurtarmış olduğuna dair vəsiqə ala bilirdi.

                                               ***

Günlər keçir... Bangeş və Lakşmi hələ də bu minlərcə zəvvarın arasında özlərini itirmiş kimi daldalanacaq bir yer tapmayaraq avara və ağıldankəm bir həyat keçirirdilər. Bangeşin qəlbinə bir ağırlıq çökmüşdü. O, bütün bu dəliliklərin nə üçün olduğunu düşünürdü. Bu yoxsul və zavallı adamlar kimdən imdad gözləyir, kimə ümid bəsləyirdilər? Brahmanlardan ötrü qızıl, bir də qazanc. - Məbədlər də bu məqsədə xidmət etmək üçün tikilir, müqəddəs şeylər brahmanlar və kahinlərin xeyri üçün təşrih edilir. . . . Qoca brahman isə qazanclı bir ov olan Lakşmini gözdən qaçırmırdı. Bir dəfə axşam Bangeş qızı ilə karvansaranın yastı tava daşları üstündə oturub, qovrulmuş arpa yeyirdi. Bu arpa dənələri o yan- bu yana səpələnmişdi – zəngin zəvvarlar arpa ilə müqəddəs meymunları bəsləyirdilər. Həddindən artıq yeyib doldurulmuş olan göy heyvanların, onlara gətirilən hər cür yeni yeməyə gücləri yetişmirdi. Brahman sezilməyəcək qədər üsulca yaxınlaşdı. Onu şişkin əli ağır-ağır Bangeşin çiyninə çökdü. - Mən artıq gözləməyəcəyəm! Al bu beş gümüş rupini, daha səsini çıxartma! Bu pul da elə sısqa qız üçün çox... çoxdur, eşidirsənmi? - Brahman, zarafatı burax! Mən qızımı satmıram! Bizi dinc qoy, - deyə Bangeş cavab verdi. - Hələ buna bax! Bu nə danışıqdır? Mən bu saat gözətçiləri səslərəm də, görürsən... Yaxşı, əzizim qoy bir yeri gəlmişkən soruşum. Sənin barmaqların harada düşmüşdür? Polis inspektoru əmrində sənin haqqında yazılmamışmıdır? - Ataaa!!.. - Hə, nə ata, hind toyuğu, sus görək! Atan polis idarəsinə gedər, orada hər şey məlum olar! Qızı da mən qoruyuram, qorxma, dostum! Ey Djagen Satiş, bura gəlin görək! Mən sol sütunun yanındayam, yanıma gəlin! – deyə brahman zingilti ilə qışqırdı. Ortalığa bir təlaş, bir qarışıqlıq düşdü. Karvansara gözətçiləri kahinin səsinə yüyürməyə başlamışdılar ki, qaranlıqda yatmış olan bir insan komasına toxundular. Hər yerdən səslər ucaldı. - Məşəlləri, məşəlləri yandırın! - Ay çaqqal, yavaş ol, uşaqları tapdaladın ki!? - Nə olmuşdur? Adam öldürüldü, yoxsa, tab gətirməyib? - Buraxın! Daha yolda niyə durursunuz, ay şeytan balaları?! - İşıq! Məşəlləri yandırın, məşəlləri! Brahman iki əli ilə Lakşmini qucaqlayaraq xırıltı ilə: - Ay qız, indi artıq mənim əlimdən qurtula bilməzsən! Mən səni gizləyərəm... Gülüm, mən sənin qeydinə qalar, qayğını çəkərəm. O hələ sözünü qurtarmamışdı ki, birdən Lakşmi güclü və daşqın bir itələmə ilə yekəqarını ayaqdan salaraq yerə aşırdı. Təəccüblənən brahman öz əsirini buraxdı. Brahman qışqırdı, əlinə ayağına dolaşan uzun ləbbadə içində çabalayırdı. O, özünü toplayana kimi Bangeş və Lakşmi uzaqlaşmışdı... Benqaliya alayı fərarilərinin tutulması əmri yarım ildəna rtıq bir müddət polis inspektorluğu divarında asılı idi... “Barmaqsız” haqqında da orada bəzi şeylər yazılmışdı. Bangeş və Lakşmi düşünərək Banarası tərk etməyə qərar verdilər. - Qızım, mən burada çox şeylər öyrəndim... Artıq mən o müqəddəs şeylərə inanmıram. Brahmanlar biə hər şeyi haram və nəhy edib, özləri isə istədiklərini edirlər. Bizi silklərə, təbəqələrə bölmüşlər, bilirsənmi, bu, nə üçündür? Bu, ancaq bizim birləşə bilməməyimizi üçündür! Lakşmi, işləmək lazımdır. Biz ikimiz də zəhmətə alışmışıq! Qərb tərəfdən guya Bombeydə bir çox yeni fabriklər açılmışdı. Orada iş tapmaq asandır kimi xəbərlər gəlirdi. Bangeş də qızı ilə Bombey yolunu tutdu.

                                              Bangeş Bombeydə

Yol kənarındakı kolların dibində də bir adam bayğın halda uzanıb can verirdi. Lakşmi atasının ölmək üzrə olduğunu aydınca görürdü. Doğrudan Lakşminin başı müdhiş bir hərarət içərisində yanırdı. Cəngəllikdə yaxalarından yapışan titrəmə Banarasda bir az yüngülləşən kimi olmuşdu. Yolda, bataqlıq yerlərdə isə titrətmə ata ilə qızı yenidən əldən saldı. Bədbəxt adam: - Su! Bir içim su! – deyə inləyirdi – Mərhəmət edin! Bir damcı su! Lakşmi son qüvvəsini toplayaraq akasiya kollarını aralayıb özünü yola salal bildi. Onun zəiflənmiş və gücdən düşmüş ayaqları sanki, qopmuş, sınmışdı. O, dirsək və dizlərini güclə tərpədərək iməkləyə-iməkləyə süründü. - Bizə rəhm edin! Halımıza yanın! – deyə Lakşmi qışqırdı – Allah xatirinə bir içim su! Bizi bir komaya, ən yaxın bir kəndə götürün! Kömək edin! – Qız inilti ilə yalvarıb yaxarırdı. Nəhayət, atasının otuz addım uzaqlığında yerə yıxıldı. İzdihamlı yolda uzun bir zəncir xəttilə süvarilər, piyadalar, təskirəli, faytonlu, arabalı dövlətlilərlə yüyürürdülr. Lakin, Lakşminin qışqırığı heç kəsi dayandırmırdı. Bir də, nə olmuşdu ki, dayansınlar? Çöldə, kol dibində dolaşan yarımcanmı? Hindistanda belə can çəkişmələr adi bir tamaşa, adi bir mənzərə idi. Yaxından bir polis məfrəzəsi keçirdi. İngilis zabit minmiş olduğu kəməri ayğırı öndə çapır, polis hindlilər isə hər yolçuya göz qoyur, yoxlayırdılar! - Aha, bax budur! İki barmağı düşmüş əl! Vaxmisdir (süvari baş çavuşu) görürsənmi? Özü kolda gizləndiyi halda, əli bayıra çıxmışdır! – deyə zabit qışqırdı. – İdrədəki əmr onun barəsində deyilmi? Qoçağı tutmaq lazımdır! Onu asacaqlar, çünki, o, zabiti az qala öldürəcəkmiş! Dur! – zabit əmr verərək, məfrəzəni saxladı. Gənc polis tələsərək çiçəklənmiş budaqları araladı və hərəkətsiz bədənin üstünə əyildi: - Hə, sahib, “barmaqsız” çoxdan ölmüşdür! Tez yanından uzaqlaşaq! Görəsən onu vəba tutmamışdır ki? – deyə polis tələsik atın belinə sıçradı. Bunun üzərinə məfrəzə Bangeşə toxunmadan tələsik yolda düzəldi. Gecə çökdü. Bangeş hələ də qolların içində sayıqlayırdı. Lakşmi yolun o biri tayında, yerdə yıxılıb qalmışdı. Heç kəsin nəzərinə çarpmayan o kiçik vücud dərin yuxuya dalmışa bənzəyirdi. - Sürücü, atı saxla! Burada deyəsən adam düşüb qalmışdır. Qaranlıq içində həyəcanlı bir qadın səsi bu sözləri dedikdən sonra Bangeşin yanında ikitəkərli bir araba durdu. Bu arabanın yanlarına dörd ağac vurulmuş, kətən pərdə çəkilmişdi. Arabadan yaşlı bir adam yerə endi. O, fənəri yandırdı və Bangeşin üstünə çıxıncaya qədər kolların arasında dolaşdı. - Sayıqlayır! Mən hələ zənn edirəm ki, onu titrəmə tutmuşdur. Cahan, sən onun çöhrəsinin nə qədər iztirab və əziyyət ifadəs daşıdığını görsəydin. O, Bombeyli, ipək parçalar üzərində zər toxuyan bir müsəlmandı. Adı Bahadırdı. Arabanın dərinliyində onun arvadı Cahan oturmuşdu. Onlar, həvalisi ipək parça toxumasilə şöhrət qazanan Allahabada getmişdilər. İndi Bahadır tikiş və parça nümunələri toplayaraq, arvadı ilə Bombeyə dönürdü. - Azarlını bu böyük yolda bıraxıb getməyəcəyik ki? Bahadır, arabacıqda geniş yer var. Onu özümüzlə bərabər götürüb gedək! - Bəs sonra? - Sağalar, sonra da nə etmək istədiyini özü bilər. - Doğru deyirsən Cahan! Axı, biz onun nə kar yeyəsi olduğunu bilmirik. Hə, arabaçı, mənə azarlını qaldırmağa kömək et, görüm! Dərhal Bangeşi qaldırdılar, pərdənin altına yerləşdirib üstünü örtdülər, içməyə də su verdilər. Araba tərpəndi. Arabaçı ayaqlarını atın quyruğuna tərəf sallayaraq əyləşdi. Bahadır və Cahan ayaqlarını qısaraq, sıxılıb oturdular. Araba çalxanırdı. Yer darısqallıq edirdi. Toxucu kiçik dəmiryolu stansiyasında bilet aldı, Bangeşi əlləri üstündə vaqona götürdülər. Bombeyə yxınlaşdıqda Bangeş gözlərini açdı. Xəstə güclə eşidilə biləcək halda inlədi: - Lakşmi! Hanı mənim qızım Lakşmi? Mən haradayam? Bahadır və Cahan keçən gecəki əhvalatı Bangeşə danışdılar. Lakin, Lakşmi haqqında onlar heç bir söz deyə bilmədilər. Onlar Lakşmini görməmişdilər. Yol indi tamam sakit və səssizdi. Bangeş isə yenə də özündən gedərək huşunu itirmişdi.

                                             ***

- Aşna, bu gün halın yaxşıya bənzəyir ha! Yorğan-döşəyini bağa daşısınlar? Dənizdən xəfif külək əsir, isti deyil – deyə Bahadır xəstənin üzərinə əyildi. Bangeş sözü çox ağız dolusu deyilmişdi. Bu bağ toxucunun palçıq evciyəzinin arxasında bitən bir neçə ağacdan ibarətdi. Lakin, hörülmüş çəpər arxasından o yana çiçəklikdi. Günlər keçir, Bangeşin gücü yenə qayıdırdı. Cahan xəstənin qeydinə qalıb, onun qayğısını çəkir, ən yaxşı, yağlı tikələri onun üçün ayırırdı. O, deyirdi: - Görünür, bizim qonaq illərlə aclıq çəkmişdir. Gör nə qədər də zəifdir, hələ gözləri! Necə çuxura düşmüşdür! Yenə Bangeşin titrəməsini də kəsdi. Toxucu ailəsinin qayğısı və mehribancasına qulluğu onu cana və qana gətirdi. Aydın, isti gündə birlikdə bağda oturub iş görürdülər. Tut ağacından, evin taxtapuşuna gillə sıx sıvanmış olan tər-təmiz kiçik həyətə yetişmiş və dəymiş tutlar tökülürdü. Toxucu dəzgahı işləyir, Bangeş Bahadırla ahəstə-ahəstə söhbət edirdi. Toxucu necə isə Bangeşə dedi: - Biz səndən üzr istəməliyik. - Dostum, sən zarafat edirsən! - Zarafat etmirəm! Biz razılığını sormadan səni oradan götürüb gəlmişik. Sən bizim evimizdə yatmışsan, yemisən, içmisən, sizin brahmanlar buna nə deyəcəklər, hə? Deyəcəklər ki, sən murdar olmusan, iş belədir əzizim! - Əh, sən nə deyirsən! Qoy nə qədər istəyirlər, özləri üçün çalışsınlar. - Məgər brahman məzhəbində olan bir hind müsəlmanın çörəyini yeyə bilər? Axı, sizin etiqadınıza görə biz natəmiz adamıq. - Dostum, Bahadır, burax! Mən artıq kor deyiləm. İndi mən silk, təbəqə tanımıram! - Bangeş, sən bu məsələləri ətraflı düşünüb araşdırmısanmı? - Bizim əməyimizdən istifadə edib qazananlar düşmənlərimizdir. Kim bizim kimi həm çalışır, həm də ac və çılpaq qalırsa, bizim qardaşımızdır. İstər brahman olsun, istər müsəlman, fərq etməz – deyə Bangeş möhkəm inamla cavab verdi. Bahadırın evi şəhərdən yarım saatlıq yol uzaqlığında bir kiçik təpədə idi. Bombeydən buralara dərin və boğuq gurultu gəlirdi. Böyük şəhərin üstündə minlərcə odlar və qığılcımlar titrəşirdi. Bəzən xəfif yel hardansa zərif, lətif qoxular gətirirdi. Toxucu işləyə-işləyə deyirdi: - Bangeş, Bombey varlıları dağda sərin, çox gözəl bağları olan mükəmməl saraylarda yaşayırlar. Səhərlər biz onların avtomobil və faytonlarda öz kantor və banklarına necə getdiklərini görürük. Lakin, Bangeş qulaq asmırdı. O, öz qızı haqqında düşünürdü: “Lakşmi! Kiçik və sevimli qızcığazım! Sən nə qədər mənim qayğıma qalırdın! Mehriban, əziz və zərif yavrum... Allahabad yolunda sənin başına nələr gəldi? Yoxsa... Yoxsa sən öldünmü? Bəlkə də, araba, fayton altında qalaraq əzildin. Tapdalandın, xırpalandın? Ya da, sənin o kiçik ciyərin titrətmə hərəkətinə davam gətirmədi. Bangeş belə ağrı və sızı ilə düşünür, içini yeyirdi.

                                                            ***

Bangeş özünü düzəltdikdən sonra iş axtarmağa getdi. Quraqlıq və aclıq Bombeydə minlərcə aclıq çəkən kəndlini qovurmuşdu. İşçi əməyinin qiyməti aşağı düşmüşdü. Kəndlilər fabrikə kontorlarını bürüyərək: - Qoy bizə qəpik-quruş versinlər, qoy iş gününü uzatsınlar, təki bizi fabrik qəbul etsinlər – deyirdilər. Bangeş hamballar artelinə daxil ola bilmək ümidi ilə günlərlə limanda süründü. Okeanda yüzlərcə buxar gücü ilə işləyən gəmilər vardı. Uzaq ölkələrə göndəriləcək mallar qalaqlarla Bombey sahillərində yığılmışdı. Yüz minlərlə qəhvə dolu yeşiklər, düyülü kisələr, pambıq tayları həmin gəmilərə yüklənəcəkdi. Bununla belə, Bangeş limanda iş tapa bilmədi. Yavaş-yavaş qəlbində acı bir qeyz və kin toplanırdı. O, xalqın bədbəxtliyini və dilənçiliyini get-gedə aydın görür, varlıların, zəngin və tacirlərin dəyərli, öyük adamların qayğısız dəbdəbə və təntəbəli həyatları qarşısında içində bir həyəcan və qiyam hissinin qalxdığını duyurdu. Bir həftə belə səmərəsiz axtarışlarla keçdi. Bangeş axşam düşəndə Bahadırın evinə gəlirdi. Orada hər gün onu şam və yatacaq gözləyirdi. Bir axşam Bangeş tam bir ümidsizlik və peşimanlıq içərisində toxucuya dedi: - İşə qəbul edənlər “Yaramazsan” deyə məni qaytarırlar. Fabrik kantoru pəncərəsinə yaxınlaşır yaıxınlaşmaz “Yaramazsan! Münasib iş yoxdur!” sözlərini eşidirəm. - Əh, qəribə adamsan! Sən hələ bunun səbəbini başa düşmədinmi? – deyə toxucu gülümsədi. - Sən özün Bahadır Bangeşlə bir fabrikin darvazasına getsənə, onun birtəhər tezliklə işi düzəlsəydi, qızının qüssəsini də az çəkərdi – Cahan əlavə etdi. “Kinqston və Kampaniyası”nın pambıq parça fabrikinə düzəlmək çox asan və sadə idi. Yalnız bir “sirr”ri bilmək lazımdır. Bahadır da ki, bunu bilirdi. Səhər o Bangeşlə fabrik hasarının yanındakı küçədə qəbuledici ingilisi gözləyib durdu. İngilis gəldikdə o: - Bu adam sizə məmnuniyyətlə bir həftəlik qazancını verər. Siz ancaq onun adını siyahıya keçirin. – deyə ingilisə Bangeşi göstərdi. - İki həftəliyə olar! - İki həftəliyəmi? Nə çarə, razıyıq. - Pəncərəyə gəl! Adın nədir? Bangeş adını birinci hissəsini gizlətmək qərarına gələrək: - Çandra – deyə cavab verdi. Yarım saat keçmədi ki, boyaqçılar sexi siyahilərinə yeni işçinin adı əlavə edildi.

                                          «Kinqston və Kampaniyası» fаbriki.

Şəhər yatırdı. Yalnız uzaqda, aşağılarda, təpələrin ətəyində, balıqçılar silahdaşları arasında balıq torlarını quraraq qurtdalanır, əlləşirdilər. Küçələrin gündüzlərə məxsus gurultusu altında boğulan, dəniz dalğalarının çarpıntısı güclə eşidilirdi. Hər yerdən şəhər ətraf və həvalisinin hər tərəfindən Bombeyin yuxulu küçələri ilə axın-axın əldən düşmüş, üzgün və əzgin insan dəstələri gəlirdi. Onlar hələ kirpiklərini güclə aralayır, bununla bərabər, ayaqlarını daş döşəməyə aydın və bərk-bərk döyərək irəliləyirdi. Bangeş də evdən tez çıxıb şəhər ətrafından fabrikə gedən toxucu qruppasına qoşuldu. Onun hər damarı gərginliklə iş gözləyir, işləmək həvəsilə tələsirdi. İşçi dəstələri fabrikin genişcəsinə açılmış darvazasından içəri girdilər. Hər kəs öz nömrəciyəzini götürdükdən sonra işçilər korpuslara dağıldılar. - Ey, qara! Sən mənə nə qədər verəcəksən? – deyə nəzarətçi ingilis Bangeşi saxladı. - Əfəndim, mən sizi anlamıram. Nə, nə qədər? - Hə, axmaq, özünü bilməzliyə qoyma! Sən məndən yaxşı iş istəyirsənsə - pul ver! Yoxsa, sənə zərər çıaran parça verərəm, bir də topa-topa rəng. Ondan sonra, qazan görüm! Bir rupi əlinə düşəcəkmi? - Yaxşı, bəs nə qədər vermək lazımdır? - Aybaaymı verəcəksən? Sənin kimi lütdən nə qədər almaq olar ki. Yaxşı də, səndən bir rupi 65 qəpik bəs elər, hə? Sabaha qədər gözləyirəm, eşidirsənmi? – Bu sözlərdən sonra ingilis ciddiyyətlə qışqırdı – Hə, balaca korpusa keç görüm! . . . Bangeşin “Kinqston və Kampaniyası” fabrikində işləməsi belə başladı. Pul vermək – hər kəsə hər şeydən ötrü pul vermək lazımdır. Anbarçılara, ustalara, nəzarətçilərə, özündən yuxarıda duranlara, sexdə işi düşdüyü hər kəs pul vermək lazım idi. Yeni işə girənlərə ilk maaşı isə ancaq altı həftə sonra verirdilər. Bangeş nə etməli idi? Axı o, hələ kontorda qəbul edən ingilisə də pul verməli idi. Yoxsa, o, asanlıqla Bangeşi siyahıdan pozub çıxarardı. Qəbul edənlə haq-hesablaşmaq üçün Bangeş borc pul tapmalı idi. Bahadır ona: - Maaş alıncaya qədər məndən bir az borc pul götür. – deyirdi. Lakin, Bangeş toxucunun ailəsinin necə ehtiyac içində olduğunu bildiyindən sadiq dostunu işinin düzgün getdiyinə inandırırdı. Beləliklə, Bangeşin yaxası sələmçi əlinə keçdi. Bombeyin yoxsul məhəllələri kiçik-kiçik dükanlarla qaynaşırdı. Hər işçi buradan, yaxında alacaq olduğu maaş vaxtına qədər on rupiyə qədəri faizlə pul borc götürə bilərdi. - Aşna, sənə on beş rupiyə (10 manat) verərəm. – Sələmçi çirkli kisədən Bangeşin ovucuna sürtük pulları saya-saya deyirdi – Amma... Bir ay sonra sən bu pulların üstündə bir quyruq artırmalısan. - Nə qədər quyruq artırılacaqdır? - On beş rupiyə götürürsən – iyirmi rupiyə qaytararsan – deyə sələmçi gözünü qırpmadan cavab verdi – hələ bir təşəkkür də edərsən ki, mən sənə pul verirəm. Bangeş pulu alaraq mənzil axtarmaq qeydinə düşdü. Kinqston fabrikindən iki saatlıq yolda, Bombeyin uzaq kənarında sıralarla işçi yerləri salınmışdır. Bu yerlərin pəncərəsiz, kiçik otaqcığazlarında işçi ailələri dolanırdı. Bangeş tələsə-tələsə bir işçiyə dedi: - Yaxşı, bəs burada necə yerləşmək olar ki? - İşə bax! Hələ bura darısqal imiş. Sən bir qonşu evə get. – orada hər otaqda otuz adam yerləşir. Sobalar tüstü, üfunət, südəmər uşaqlar gecələr səhərə kimi bağırırlar. Onların içində tez-tez ölən olur, xəstələnən isə demək olar ki, hər gün var. - Axı, burada da heç ayaq basmağa yer yoxdur... Hələ arvadlar nə qədərdir. - Bunun qarşılığında uşaqlar ki, azdır. Doğrudur, artır... Odur ha, iki işçi qadın da hamilədir... A kişi daha əlac nədir ki? Üst-üstə yatmaq lazım gələcəkdir. Bu nemətdir. Ayda üç rupiyə başa gələcəkdir. Bangeş açıq havada yaşamağa qərar verdi... Bombeyin bir çox işçiləri kimi o da öz həsirini palçıq divarın yanında, yerə döşədi. Bəzən onun başı yanına kərtənkələlər gətirdi. Hətta bir dəfə onun üstünə zəhərli, qorxunc bir ilan da çıxmışdı. Evdən qadınların bulaşıq suyu onun başı üstündən atdıqları vaxtlar da olurdu. Lakin, yorğun, son dərəcə yorğun olan bir adam üçün nə fərqi vardı. Yalnız saf və ulduzlu göy altında sakit uzanmaqda, Lakşmini o həmiəlik olaraq ayrılan qızını xatırlamaq bu qatı, zülmkar, ədalətsiz həyatı parçalayaraq onu yenidən qurmaq haqqında düşünmək mümkün olsaydı, bu da ona bəsdi.

                                                         ***

İşçilər səhər saat beşdə fabrikə çata bilmək üçün saat üçdə evlərdən çıxırdılar. Günbatana qədər saat yeddiyə kimi işləyərdilər. On dörd saatlıq, fasiləsiz yorucu bir zəhmət! Hələ bu işin nə qədər boğanaq və cəhənnəmi bir istilik içində getdiyini təsəvvür edin. Rəngsazlıq sexində əcaib bit isti hökmfərma id. İri qazanlarda rənglər məhlulu qaynayır, uğuldayırdı. Ağ buxar buludları qızğın dalğalarla yarıçılpaq işçiləri buğa basırdı. - Ox! Burada görəsən harada bir azacıq təmiz hava almaq olar? – deyə birdən təzə işə qəbul edilən qara kiçik bir əfqan Bangeşə müraciət etdi. - Nə qədər ki, üstə gəlməmişdir, istəyirsənmi, pəncərəyə yaxınlaşsın? – deyə Bangeş ona təklif etdi. Onlar daimi hərəkətdə olan pistonlar, oxlar, təkərlər arasından çıxıb açıq pənərəyə yanaşdılar. Lakin, pəncərədən çöldə də həmin amansız isti vardı. Ərgin günəş uca mavilikdən hərəkətsiz asılmış kimi dururdu. Dənizdən isə kiçicik bir küləkciyəz belə əsmirdi. Ustanın kəskin səsi eşidildi: - Çömçəçilər, yerlərinizə! Qazan başına! – Beləliklə, Bangeşə bu gün nəfəs almaq da mümkün olmadı. Yeri düşmüşkən onu da əlavə etməlidir ki, Kinqstonun fabrikində nə Bangeş, nə də başqa işçilər nəfəslərin almaq, azacıq dincəlməyə müvəffəq olmurdular! Küləksiz, bürkülü günlərdə, sexlərdə tez-tez ürəkgetmələr də ittifaq düşürdü. Qarqara sexində yenə bir bəla üz verdi. Hələ indicə iki ölən qadını çölə çıxardılar. - Ventilyatorlar hardadır? Niyə ventilyatorlar işləmir? Daha qüvvəmiz bitdi... Nəfəs almalı bir şey yoxdur! Hər tərəfdən qışqırırdılar: - Bizim heç olmasa ustaya deyin! Qorxaqlar! Uşaq huşsuz düşüb qalıbdır, əgər ona bir balaca toxunulsa, maşınların çarxları altına düşəcəkdir. Lakin, heç kəs öz dəzgahı ya da qazanından aralanmırdı. İşdən ayrılmaq qəti surətdə qadağandır. On beş dəqiqəliyə başlı-başına işdən ayrılmağın ardınca işdən qovulmaq gələcəkdi. Bir iş günü buraxılanda kontor bütün bir aylıq maaşı saxlayırdı. Cərimələr də fabrik sahibləri üçün az mədaxil əmələ gətirmirdi. Əgər böyük bir top içərisində bir dəsmal o birilərdən qısa olsa, demək iş bitdi. Fabrik bütün bu bir top parçanın muzdunu vermirdi. İsti gündən sonra fabrikin darvazası yorğunluqdan yarımcan olmuş ölümcül adamları çölə buraxırdı. İşçilərin mənzillərə geri qayıtması, onların daha çox vaxtını alırdı. Bununla da yenə saat üçdə ayaq üstündə olmaq üçün axşam saat onda uzanıb yatırdılar.

                                                      ***

Fabrikant Kinqston da çox az yatırdı. Onu yatmağa vaxtı yoxdu, yuxuya əli çatmırdı. O, gününü-gecəsini qumar oynamaqla keçirərdi. Qumarı gah öz evində, bəzən qumarxanalarda, hərdənbir də Bombey civarının şübhəli meyxanalarında oynayardı. Olduqca böyük – yarım milyon rupiyə uduzmaq ittifaqı düşəndə belə Kinqston heç də qüssələnməzdi. O, ancaq öz fabriklərinin direktorlarını yanına çağırıb qısa və qəti surətdə də elan edərdi: - Yanvarın birindən etibarən iş günü bir saat uzadılsın. Ayrı-ayrı işlərin qiyməti azaldılsın... Hə, əfəndilər buna qarşı bir sözünüz yoxdur ki? Direktorlardan ən gənci: - Cənab Kinqston, bu çox ağır və çox çətin olar – deyə etiraz edərdi – İşçilər az yatır, çox az və doyumsuz yeyirlər. - Boş, mənasız sözdür! Bir saat artıq işləyəndə ölməzlər ki. Bir də, siz işçinin maaşını toplu surətdə azaldacaqsınız. Məsələn, deyək ki, ayda on altı rupiyə alan işçinin maaşını azaldıb, on üç rupiyə etməlisiniz.

                                                               ***

- Eşitdinizmi? Səkkizə qədər işləyəcəyik! Əmək haqqını da verəcəklər! - Bu, ola bilməz! Biz buna yol verə bilmərik! Biz onsuz da dəzgah dalında yatırıq! - Eşitdinizmi? Eşitdinizmi? - Yoldaşlar, bu ola bilməz! Əbəs yerə qızışmayın. Biz onsuz da hər gün bütün bir ailənin bəslənməsinə üç anna (12 qəpik) güclə xərcləyə bilirik! Lakin, bundan da az xərcləmək olmaz ki. – deyə qoca işçilər səslərini ucaldırdılar. Lakin, lövhədə direktorun əmri asılanda fabrikdə elə bil fırtına qopdu: - İşi buraxmalı, tətil etməli, fabriki dayandırmalı! Yoldaşlar küçəyə, küçəyə, aşağı enin! Biz buna yol vermərik! Biz işləməyəcəyik! Tətil! Tətil edəcəyik! Əmr mıxdan çıxarılıb parça-parça cırıldı. İşçilər sıxışa-sıxışa itələşməklə pilləkənlərdən aşağı tökülərək böyük bir izdihamla fabrik həyətində devrilmiş yeşik ətrafında toplaşdılar. Əzgin, adəta çox az danışan işçilər indi tanınmaz olmuşdular. Onlar bir-birlərinin ardınca çıxışda bulunur, hərarət və işgüzarlıqla mübarizə planını müzakirə edirdilər. Bangeş və iplik əyirənlər ittifaqı sədri, elə oradaca tətil komitəsi təşkil etdilər. Onlar qərar vermişdilər. Aclıq çəkəcək, ən ağır əziyyət və məşəqqətlərə dözəcək, lakin, fabrikant iş gününü çoxaltmaq əmrini geri almayıncaya qədər iş başına gəlməyəcəkdilər. Boyaqçılar sexi bir ağızdan bağırdı: - Qoy yoldaş Çandra, sahibkarın yanına nümayəndə getsin. – Onlar ədalətpərvərliyi və mehribanlığına görə Bangeşə hörmət bəsləyirdilər. Beləliklə, tətil başlandı... Korpusların uzun, kərpic bacalarından artıq tüstü çıxmırdı. Dəzgahlar susurdu. Boş qalmış olan sexlərdə isə ocaqlar keçmiş, qazanlar soyumuşdu. Fabrikantlar polis idarəsi ilə məsləhətləşdilər - Bir ovuc üsyançı hinduların xatiri üçün mən iflasa çıxa bilmərəm ki. – deyə hələlik qumarı yadından ıxarmış olan Kinqston həyəcanla qışqırdı. Tətilin onuncu günü, iplik əyirən işçilərin ittifaqı yerləşən binanı polis məfrəzəsi tarümar etdi. On beş nəfər əzilmiş və qanına bulanmış tətilçi işçini qolu qandallı olduğu halda bütün Bombey küçələrini dolaşdırıb həbsxanaya götürdülər.

                                         Lakşmi

Bahadır zanbaq və maye rəngdə olan ipək parçaları seçib toxunma qutulara səliqə ilə yığırdı. - Oy, oy, nə yaxşı örtüklərdir. Nə qədər incə, zərli bəzəkləri var! Bahadır, bax, onlardan çox pul almağa çalış, onları Feyzullaya satmağa apar – Cahan burada dərin bir nəfəs aldı. – Axı bizim Bangeş həbsxanadadır. Ona yemək, şey-şüy aparmalı və yorğan almalıyıq. Deyirlər ki, həbsxana soyuq həm də rütubətlidir. Dənizdə böyük dalğalar olanda pəncərə barmaqlığından kameralara su dolur. Bahadır özünə işlənmiş şərf və şallardan da götür. Feyzullanın arvadları çox, hamısının da fikri-zikri bəzənməkdir. Yazıq dostunuz! Biz olmasaydıq Bangeşin qayğısını kim çəkəcəkdi? – deyə mehriban qarı onun qeydinə qalırdı. Feyzulla dürüst etiqadı müsəlman və zəngin bir tacirdi. Feyzullanın evi iri sarı çaxıl daşlarından yapılmışdı. Boş dalana baxan divarda bir dənə də olsun pəncərə yoxdu. Aşağıda kiçik qapının yanında daima tək gözlü nökər otururdu. Bahadır içəri girənə qədər dalandarla xeyli boğazlaşdı. Ev sahibi evin qadın bölməsində idi. Buna görə də, onun nəşəsinə xələl qatmaq heç də yaxşı deyildi. Toxucu balaqapıdan bağa keçdi. Al qızıl güllərin ətri ortalığı bürümşüşdü. Çarhovuzda isə gümüşü balıqlar üzüşürdü. Feyzulla toxucunu sərin bir otaqda qəbul etdi. O, tüklü bir xalaın üstündə ipək balış yığını arasında uzanmışdı. - Toxucu, gəl, gəl görək! Sən bu gün lap yerində gəlmişsən. Sənin bu örtülərin bir ceyran balasını ram etmək işində mənə yardım göstərəcəkdir. – deyə Feyzulla hənadan qızarmış saqqalını tumarlayırdı. İpək pərdə arxasından acıqlı qadın səsləri eşidilirdi. Orada Feyzullanın on bir arvadı saxlanırdı. - Ağa, mən qızıl kimi, yüngül, gözəl ipək qumaş gətirmişəm. - Adə, Abdulla, xanımı bura gətir görüm, eşidirsənmi? Bir də orda tapşır zingildəməsinlər, yoxsa sizi döyərəm ha! Nökər pərdəni qopardırmışcasına sərt bir hərəkətlə inci bir qızı sürüyüb otağa saldı. Qız acıqla nökəri oyana itələyib, gözəl gözlərinin, od qəzəb və kinlə dolu nəzərlərinni Feyzullaya dirədi: - Namussuz, üzünü ört, üzünü! – deyə Feyzullanın yaşlı arvadlarından bir yoğun və kiçiki pıçıldadı. Tacirin on bir arvadı maraqlı nəzərlərlə otağı süzürdü. Qız nifrət içərisində bağırdı: - Susun, mən üzümü örtmürəm, qoca qazlar! Siz özünüzü şirniyə tutun! - Gözümün işığı, niyə acıqlanırsan. Xoşluqla danışaq, yaxşı? Toxucu, bu quşa bir bax, insafla de görüm bu qız onu gətirən vasitəçiyə verdiyim yüz rupiyə dəyməzmi? - Qırmızı saqqal, pulu nahaq yerə vermisən! Mən səni mənə yaxınlaşmağa buraxmaram! Sənin gözlərini çıxardaram, evini odlar, sənin arvadlarını - o dörd divar arasına bağladığın heyvanları çölə buraxar, özüm də gedərəm – deyə qız çığırdı, gözlərində yaş damlaları parlayırdı. - Ceyran balası, bir bax gör ağan sənə necə ipəklər – şərflər bağışlayacaq!. Adə, toxucu, bir şalları aç görüm. Bax, elələrini seç ki, səlt zərlə toxunmuş olsun. Mən hər şeyi ala bilərəm, hər şeyi satın almağa gücüm çatır. - Tacir, sən ancaq məni ala bilməyəcəksən! İlahi! Bir nəfər belə harayıma yetən olmayacaqmı? Qız bu sözləri o qədər müzdərib və məyus bir səslə dedi ki, Bahadır qeyri-iradi olaraq təhlükəli bir addım atmaq qərarına gəldi. O, soruşdu: - Dayan görüm ağa, bazarlaşmağa hələ vaxtımız var. Qızım sənə nə olmuşdur? - Mən burada yaşamaq, bu qocanın arvadı olmaq istəmirəm. Toxucu, toxucu, mənə kömək et! Məni könlüm olmadan satmışlar. - Səni atan-anan satmışsa, heç bir cürə kömək etmək olmaz, əzizim – Bahadır dedi. - Sən ağlını itiribsən, nədir, - qırmızı saqqal tacir özündən çıxdı – Mənim arvadımla danışmağa sənə kim icazə verdi? - Yox! Ata-anam yox! Mən yetiməm! Anam ölüb, atamı da yolda itirdim. Bəlkə də, o, sağdır. Toxucu mən atamı axtarmalı, nə cür olsa, onu tapmalıyam. - A qız, dayan bir görüm... Mən bu baharda harada isə eşitmişəm. Sən Benqaliyalısan. - Hə? - Sənin adın Lakşmi deyil ki? Əzizim, sən bizim Bangeşin qızı deyilsən ki? Hə? Yavrum, sən həm atanı, həm də daldalanacaq və sığınacaq bir yurd tapdın. - Bu hərzə danışıq məni təngə gətirdi! Toxucu, cəhənnəm ol get! Abdulla! Toxucunun boynundan vur, bayıra çıxar! Arvadları da o yana çək! Bu hind toyuqlarını məgər qıfılsız saxlamaq olar? Qıfıl möhkəm qamçılar sərt olmalı – deyə tacir qudurmuş bir halda çığırdı. Bahadır fənd və hiylə ilə Lakşmini Feyzullanın evindən qurtarmağa qərar verdi. - Möhtərəm əfəndi, qulaq as, gör sənə nə deyirəm! Mən doğrusu sənə ürəkdən kömək etmək istəyirəm. Sən böyük bir bəlaya düşmüşsən – toxucu çox mühüm bir məsələdən bəhs edirmiş kimi əsrarəngizcəsinə pıçıldayırdı. - Bəlamı? Yoxsa sənin bir şeydən xəbərin var? – deyə tacir maraqlanaraq bir az arxayınlaşdı. - Bu qızın, yəni, Lakşminin atası Bombeydə çox böyük adamdır! Bilirsənmi, o kimdir? O, ingiliz valisinin baş katibidir. Anladınmı? Bilirsənmi, o, bu əhvalatı bilsə, sənə neçəyə oturar? Vali, sənin böyük bazardakı dükanlarını alar! Evini, bağlarını əxz edər. Zavodunun ikisini də bağlayar, ondan sonra get də validən zərərlərini istə! - Doğrudanmı elədir? Toxucu sən məni aldatmayırsan ki? – İflasa çıxmaqdan qorxan Feyzullanı təlaş bürümüşdü. Bir az da danışdılar, beş dəqiqə sonra Bahadırla Lakşmi Feyzullanın bağından çıxırdı. Toxucu yolda soruşdu: - Lakşmi, sən bu tacirin əlinə necə keçdin? - Məni yoldan götürdülər. Mən xeyli müddət titrətmə çəkdim... Bu yaxınlarda xəstəxanadan kimsəsiz, pulsuz olaraq çıxdım... Küçədə yaxşı geyinmiş bir qarıya rast gəldim! Aramızda söhbət başlandı. O, mənə: “Qulluq etmək istəyirsənmi, mənimlə Bombeyə gedək, oğlumun ipək əyirən fabriki var” – dedi. Qarı bu sözlərlə məni tovladı, inandım. Onunla bərabər Bombeyə gəldim. Axı bir tərəfdən də mən atamı axtarmaq istəyirdim! Qarı bilet aldı, bütün yol uzunu məni yedirib doyuzdurdu. Lakin, o, məndən başqa altı nəfər dilənçi qız da aparırdı. Biz onun qız alveri etdiyini duymurduq! Sən əfəndim, məni vaxtında qurtardın! Əgər Feyzulla mənə bir şey etmək istəsəydi, mən özümü bəlkə də, boğub öldürərdim. - Lakşmi, sən gəl bunları heç xatırlama. Yaxşısı budur Bangeş haqqında danışaq. - Yaxşı, bəs mənim atam haradadır? Sən onu haradan tanıyırsan? - Yavrum, Bangeş mənim yaxın dostumdur. - De, tez ol, məni atama yetir, tez-tez, səbr edə bilmirəm. - Lakşmi, sən atanı tez görə bilməyəcəksən. Ağıllı ol, səbrini bas... Qüssələnmə... Bizim Bangeş həbsxanadadır – dedi. Qızın gəlişi qoca Cahanın qəlbini nə qədər sevindirdi. - Zavallı yavrucuğum! Sən nə qədər iztirab çəkmisən! Hə, daha bundan sonra hər şey düzələcək. Görərsiniz, bizim Bangeşi tez, çox tez buraxarlar. Ay qız, sən nə qədər sevimli, nə qədər gözəlsən. – deyə qızı sevincindən nə edəcəyini bilmirdi. Axşam Bangeşin yoldaşları işçiləri çöldə qalanan ocaq başına yığışdılar. Tətil hələ də davam edirdi, başqa fabriklərin işçiləri də işlərini buraxmışdılar. Fabrikantlar isə özlərindən çıxırdılar. Qərara aldılar ki, Lakşmi atasının haqqında təşəbbüsdə olsun. Tutulmuş olanlardan bəziləri artıq buraxılmışdı. Bangeş isə bu tətilin başçısı yaxud səbəbkarı deyildi. Cahan Lakşmi üçün yumşaq, rahat və təmiz döşək saldı. . . . Bu, Lakşminin bir çox aylar ərzində ilk dəfə rahat, çox rahat keçirdiyi gecə idi, - ilk və son dəfə.

                                          Meydanda

Səhər Lakşmi müstəntiq tərəfindən qəbul edilməyə müvəffəq oldu. Cahan onu özünün ən yaxşı şalı ilə bəzəndirdiyindən, mühafizəçilər bu gözəl qızı asanlıqla məhkəməyə buraxdılar. İngilis müstəntiq səbirsizlik içərisində qızdan soruşdu: - Hə? Nə istəyirsən? Kimin barəsində rica edirsən? - Kinqstonun fabrikində mənim atamı tutmuşdular. Adı Çandradır... Özü də əlindən heç bir pis iş çıxmamışdır! - Çandra? Məgər o, hələ buraxılmamışdır? Qız, sən doğru deyirsən? O, elə böyük bir iş görməyib. Bir az saxlayar, sonra buraxarıq. Gözəl qadın, get evinə, özün də arxayın ol. - Çox sağ ol! Mehriban və insaflı əfəndi, çox sağ ol! Qız tamam qapıya yetişdiyi vaxt müstəntiq amiranə bir səslə onu dayandırdı: - Dayan! Quzum, bura gəl, səninlə bir az danışaq. – Müstəntiq öz-özünə düşünürdü. – “Yoxlayaq, görək qız başqa tutulmuşlar, başçılar haqqında bir şey bilmir ki?” Lakşmi ürkəkcəsinə yenidən masaya yaxınlaşdı. - Qulaq as, əzizim, axı sənin atan ki, ittifaqın sədri Çaterci ilə çox yaxın dostdur?! Onlar yəqin qabaqlarda daş ocaqlarında bərabər işləmişdirlər, hə? - Əfəndim, heç vaxt. İnanın ki, heç vaxt! - Bah! Bah! Sən indi lap qorxdun ki! Burada nə var ki? Bu ki, var – yox üç il bundan əvvəl olan işdir! Yaxşı, bəs sən o vaxt atanın daş ocaqlarında işlədiyini inkar etmirsən ki? - Əfəndim, bu, heç bir cür ola bilməzdi! O vaxt atam hələ hərbi qulluqda idi! Müstəntiq özlüyündə düşündü: “hə, belə, Çandra hərbi qulluqda olduğunu bizdən gizlədib. Bu izin dalınca getmək lazımdır?” Sonra katibə əmr verdi: - Bu saat Çandranın işini bura gətirin! - Əfəndim, atam daş ocaqlarda olmayıb! Düz deyirəm, cənab! - Çox gözəl, qız! Demək, Çandra hərbi qulluqda olmuşdur? Onun bütün adı nədir? Hə, hə, şıltaqlıq etmə! Yoxsa, səni də həbs edərəm! Müstəntiq hıçqırmaqda olan Lakşmini tezliklə buraxaraq, lolis idarəsi əmr və kağızları arasında eşələnməyə başladı. Yarım saat sonra isə o, fabrikant Kinqstona belə bir məlumat verdi: “Tutulmuş olanlardan biri təhlükəli bir cani və fəraridir!!!”

                                              ***  

Hərbi mühakimə axıra yetmək üzrə idi. Meydanda məhkəmə binası qabağında Bombeyin minlərcə tətil edən işçiləri yığışmışdı. İngilis əsgərləri sırası izdihamın təzyiqinin qarşısını güclə saxlayırdı. Zarafat deyildi, yoldaş Çandranı mühakimə edirdilər! Bütün toxucular Bangeşi tanıyır və sevirdilər. Ustalar işçi qadınları və yeniyetmələri hesabda aldadanda Bangeş onlarla mübarizə etməkdən qorxmurdu. O, öz yerində əlindən çıxaraq işsiz qala biləcəyini dərk etdiyi halda, hər incidilmiş, qəlbinə toxunulmuş işçinin tərəfini saxlayırdı. Günəş dözülməyəcək dərəcədə yaxır, yandırırdı. İzdihamın içində başlarında səbət gəzdirib meyvə satan uşaqlar dolaşırdı. Məhkəmə binasının tamam qarşısında yığıncaq divar qədər sıx və möhkəm durmuşdu. Lakşmi, Bahadır və Cahan, Bangeşin fabrik yoldaşları ilə əhatə olunmuşdular. Dəqiqəbədəqiqə yığıncağın içindən işçi natiqlərinin nitqi fışqırırdı. - İngilislər bununla bizə “Rəhbərləriniz cani olduqdan sonra tətilinizin iç üzü meydana çıxır!” demək istəyirlər. Lakin, onlar bizi aldada bilməzlər! Bizi soyub soğana çevirdikləri üçün biz tətil edirik. Yuxumuzu, istirahətimizi, yeməyimizi, hər şeyi əlimizdən alırlar. Qoy nə ilə istəyirlər qorxutsunlar, fərqi yoxdur, yenə tətilin arasını kəsməyəcəyik – deyə yanındakının çiyinləri üstünə qalxan gənc bir işçi hayqırırdı. Bir başqası da qızğın sözlə başladı: - Çandra dözə bilməyib, zərbəyə zərbə ilə cavab vermişdir. Qardaşlar, biz belələrinin dalınca getməliyik. - Tss... Üsul... Sən nə qayırırsan? – deyə yığıncaqdan onun üstünə düşdülər. - Dostum, vaxtı deyil... Ehtiyatlı ol! – deyə bir yaşlı işçi natiqə yavaşcadan dedi.

                                            ***

İngilislər məhkəmə qapısında görünən kimi izdiham göz qulaq kəsilərək bir-birlərinə sıxılmış bir halda tərpəndi. Ortalığa bir ölüm sükutu enmişdi. Zəhmətkeşlər qayğısız və qeydsizcəsinə mərmər pilləkənlərdən enən ingilislərin ağızlarından çıxan hər sözü havadan qapırdılar. - Empşayr, belə hara gedirsiniz? - Evə gedirəm. Dik, hələ qəhvəaltı etməmişəm. - Empşayr, mən məhkəmənin belə qərar çıxaracağını gözləmirdim! - Niyə ki? Belə bir işdən ötrü durub onun başını tumarlamayacaqdılar ki, bir alçağın haqqından gəlmək lazımdır ki, başqalarına da ibrət olsun. - Onu aramızdan çıxaracaqlar! Asacaqlar! Nə, nə? Ola bilməz! Kim dedi? Asacaqlar! – hər tərəfdən nidalar və qışqırıqlar qalxdı. Meydan üzərində çox səsli bir gurultu uçuşurdu. Mühafizə dəstəsi pilləkəndə sıraya durdu. Həbsxana avtomobili irəliyə gəldi. Bangeş Çandra da mühafizlərlə əhatə olunmuş bir halda ağ mərmər pilləkənlərdən enməyə başladı. Günəş ortalığı qamaşdırıcı surətdə işıqlandırırdı. Minlərcə dost və aşnanın nəzərləri Bangeşə çevrilmişdi. Bangeş vida əlaməti olaraq poladla buxavlanmış əlini yuxarı qaldırdı. İzdiham “Çandra! Çandramz!” deyə həyəcanlanaraq irəli hərəkət etdi... Sonra yenə sükut, yenə durğun bir donuqluq... - Ata! Ata, bir mənə sarı da baxsana, ataa! – deyə bir qadın səsi hıçqırırdı. - Lakşmi! Qızım! Bangeşin bu qışqırığında nə isə sarsıdıcı bir heyrət, bir sevinc və iztirab ifadəsi vardı. Artıq işçilərin həyəcanının qarşısını heç nə ala bilməzdi. İzdiham hərəkət edərək irəli atıldı. Mühafizlər sırası parçalandı. Əsgərlər geri çəkildilər... Bir dəqiqə yenə Bangeş onların əlindən alınmış və qaçırılmış olacaqdı. Lakin, ingilislər öz ovlarından asanlıqla əl çəkmirlər... Məhkəmə qapısından açılan ilk yaylım atəş düz olmamışdı... Lakin, bir uğursuz güllə hədəfə dəydi... Bangeş başı parçalanmış olaraq yerə düşdü. Yaylım – yaylım atəşini təqib etdi. Tüfəng parıltıları ortalıqdan qalxan fəryad, inilti, lənət və nifrin hayqırtılarını boğdu. Qaçıb dağılan izdiham meydanda yüzlərlə qana boyanmış cəsəd buraxmışdı...