Məzmuna keç

Bar gəli

Vikimənbə saytından
Bar gəli
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Payız olcaq bağlar tökər xəzəli,
Bahar olcaq bağçalara bar gəli.
Bir igidin olsa baxtı, iqbalı,
Cənnət bağçasından ona nar gəli.

Ölkənizdə nə aşnayam, nə yadam,
Dost yanında nə qəmginəm, nə şadam,
Ay camaat, nə bəlalı səyyadam,
Tor qururam tərlan üçün, sar gəli.

Abbas deyər: gəncin üstü bədəndi,
Qara bağrım dəlik, zədən-zədəndi,
Ay həzarat, heç bilmirəm nədəndi,
Aləmə gen dünya, mənə dar gəli.