Məzmuna keç

Barxudarın baxtı

Vikimənbə saytından
Barxudarın
Müəllif: Şifahi xalq ədəbiyyatı


Biri var idi, biri yox idi. Yaradan bir idi, bəndəsi çox idi. Barxudar adlı bir balıqçı var idi. Barxudar dəryadan balıq dutar, bazarda satıb dolanar idi. Barxudar bir gün axşam tərəfi dəryaya tor atdı. Çoxlu balıq dutuf bazara gətirdi, satdı. Çayçıya getdi, yedi, işdi, tanış-bilişnən görüşdü. Başı söhbətə qızışdı, bir də baxdı gecə-gecədən keçif. Qalxdı getdi. Barxudar qaranlıq çarşı ilən fikirləşə-fikirləşə gedir idi. Getdi, bir bala boylu dəvrişə rast gəldi yolda. Dərviş Barxudara dedi:

– Niyə fikirlisən? Al, bu qızıl pıçağı, apar ver paçcahın qızı Ülkərə, muradına çatarsan.

Dərviş bu sözü deyif qeyıba çəkildi. Barxudar pıçağı götürüf gəldi paçcah qızı Ülkərin yanına. Pıcağı verdi Ülkərə. Ülkər dedi:

– Xalaoğlu Barxudar, gəldinmi?

– Gəldim, paçcah qızı, gəldim.

– Barxudar, daha durmaq vaqtı döyüldür, hazırlaş gedək.

Barxudar getdi, paçcahın toylasından iki at çəkdi yəhərlədi. Atdarı minib gecə vaxtı yola düşdülər. O gecə sabaha kimi at sürdülər, gedib bir bulaq başına çatdılar. Gördülər suynan bir qiymətli daş axır. Barxudar atdan düşüb daşı götürdü, genə yola düşdülər. Az getdilər, çox getdilər, getdilər bir şəhərə çıxdılar. Paçcah qızı atasının qızıl-gümüşündən çoxlu götürmüşdü. Verdilər, üç mərtəbəli bir imarət tutdular, orda yaşamağa başladılar.

Bir gün Barxudar ilə Ülkər eyvanda oturmuşdular. Çay içib, söhbət eləyirdilər. Söhbət sudan, daşdan düşdü. Barxudar dedi:

– Paçcah qızı, gətir o daşa bir baxım.

Paçcah qızı daşı gətirdi əlində tutdu. Barxudar baxdı ki, daş ay, gün kimi işıq salmağa başladı. O yannan o şəhərin paçcahı Ayvaz, vəzir, vəkil ilən ordan gəlir idi. İmarətin qabağından keçəndə gözü əlində ləl daşını oynadan Ülkərə düşdü. Gözəlliyini görüf ona aşıq oldu. Ürəgi pərişan, qəlbi yaralı gəldi divanxanaya. Al qırmızı geyinif taxta çıxdı. Vəziri çağırtdırıb dedi:

– Aman vəzir, bu dərdimə bir çarə elə.

Vəzir dedi:

– Şah sağ olsun, nədən qəm yeyirsən, güc səndə, mal-pul səndə, nə cürə istəsən, o cürə qızı ələ gətirə bilərsən.

Paçcah dedi:

– Vəzir, mən qızı güc ilən o oğlanın əlindən ala bilmərəm. El məni qınar, tədbir tökmək lazımdır.

Vəzir dedi:

– Onda ləl daşını mahna eləyib, qızı almaq olar. Sən hökm elə oğlanı gətirt, deyinən o daşı mənim xəzinəmdən oğurlayıbsan. Onda söz tapa bilməz, boynuna oğurluq qoyub öldürdərsən, qız sana qalar. Paçcah vəzirin tədbirini bəyəndi. Hökm elədi Barxudarı gətirtdi. Dedi:

– O səndəki ləl daşını mənim xəzinəmdən oğurlayıbsan, boynuna al, yoxsa öldürtdürəcəyəm.

Barxudar dedi:

– Sah sağ olsun, belə qırmızı böhtan olmaz. Mən bu daşı döylər torpağında bir bulaqdan tapmışam. İnanmayırsan, mən gedim o daşdan yenə gətirrəm.

Paçcah Barxudara on gün möhlət verib azad elədi ki, getsin o daşdan genə gətirsin. Paçcahın fikri bu idi ki, oğlan getsin, devlər tələf eləsin, qız buna qalsın. Barxudar evlərinə gəldi. Əhvalatı Ülkərə söylədi.

Ülkər dedi:

– Barxudar, ayrılıqdır sən getməmiş qulaq as, mən əhvalatı sana söyləyim. Mən öz torpağımızın paçcahının qızıyam. Öz xalam oğluna nişanlı idim. Bu yaxınlarda toyun olacaxdı. Amma mənim onda könlüm yox idi. O gecə sən qızıl pıcaq əlində gəldin, mən də gecə sənin yuxumda görmüşdüm. Gördüm ki, öz elimizdə sana getsəm hamı məni qınayar, qoşuluf bu yerə gəldim. İndi mən səninəm, sən də mənim. İndi paçcah mana aşıq olufdur, ləl daşını bəhanə eləyif səni öldürmək istəyir. Sən get, Tanrı yar olsun. Daşı tapıb gətirərsən, canımız qurtarar. Bir də devlərin əlində mənim bir bacım var, on beş yaşında, onu dev götürüf aparıb. Bəlkə ona rast gəldin. Özün ilə gətir. O, bizi paçcahın cəngəlindən qurtarar.

Barxudar baş üstə deyif qıznan halal-hümmət elədi. Yola düşdü. Az getdi, çox getdi, getdi suya çatdı. Axtardı o ləl daşından beşini tafdı götürdü, sora öz-özünə dedi ki, gəl bu suyun başına tərəf get. Hər nə var, bu suyun başındadır. Barxudar suyuxarı getdi, getdi, dərənin boğazında bir mağaraya çatdı. İçəri girdi, gördü bir qızıl taxt qoyuluf. Üstə bir gözəl qız yatıf. Barxudar dedi:

– Yəqın bu qız Ülkərin bacısıdır. Suyundan da ona bənzəyir. Gərək aparım.

Barxudar ha çığırdı ki, qız oyansın, qızdan cavab çıxmadı. Əliynən itələdi, yenə də qız oyanmadı. Bildi ki, qız tilsimə düşüf. Yuxarı baxdı bir ləl daşı gördü, asılıf qızın başının üstündən. İstədi əl atıf ləli duta. Ləl yuxarı çəkildi. Bildi qızı huşa aparan daşdır.

Dedi:

– Gözləmək lazımdır, bunu huşa aparan bir gün gələr.

Barxudar bir yana çəkilib gizləndi. Çox keçmədi göy guruldadı, ıldırım çaxdı, bir dev yerə düşdü, mağaraya girdi. Qız yatan taxtın baş ucunnan bir qamçı götürdü, ləl daşına vurdu. Daş göyə çəkildi, qız huşa gəldi. Dev dedi:

– Ay qız, ray ver ki, canın bu tilsimdən qurtarsın.

Qız dedi ki, sənin pis üzünü görməkdən bu tilsim yaxşıdır. Dev acıqlanıb bir qamçı qıza vurdu, qız özündən getdi. Ləl daş üstünə gəldi. Dev çıxıb getdi. Barxudar devin bütün işdəhlərini görmüş idi. Mağaraya girdi, taxtın başınnan qamçını götürdü, lələ vurdu. Ləl göyə çəkildi, qız ayıldı. Dedi:

– Ey oğlan, sən kimsən, buraya niyə gəlifsən? Buraya bəni-adəm gələ bilməz.

Barxudar özünün, Ülkərin əhvalatını ona söylədi. Sora dedi ki, səni aparmağa gəlmişəm. Qız dedi:

– Məni aparmaq üçün bu devi öldürmək lazımdır. Mən devdən xəbər aldım: sənin canın haradadır. O acıqlanıb dedi: mənim canım şüşə içərisində bir quşdur. Hər kimdə Süleyman peyğəmbərin üzüyü olsa, o gedib üzüyü suya salsa, mənim canımı ələ gətirə bilər.

Barxudar dedi:

– Bacın gələndə o üzüyü mana verif. Dur gedək.

Getdilər su kənarına, üzüyü suya saldılar. Bir şüşə gəldi. Şüşəni qırdılar, bir quş çıxdı. Barxudar quşun boğazını üzüb atdı. O saat dev göydən düşüb öldü. Bir qatır tapıf iki xurcun dolusu ləl daşı yükləyib yola düşdülər. Mənzil eyləyə-eyləyə gəlif Ülkərə çatdılar. Hər iki bacı görüşdülər. Başlarına gələnləri bir-birlərinə söylədilər. Barxudar gətirdi beş ləl daşı paçcaha verdi. Paçcah dedi:

– Get, canını yaxşı qurtardın.

Barxudar gəldi evlərinə.

Paçcahı gecə sancı tutdu. Dedi ki, vəzir çarə elə öldüm. Vəzir dedi:

– Paçcah, oğlanı çağır, deyinən mən naxoşdamışam, həkimlər ceyran südü buyurur, gərək gedif gətirəsən. Gedər, gətirə bilməz, boynunu vurdurarsan. Qıza sahib olarsan.

Paçcah Barxudarı gətirtdi, vəzir dediyi kimi dedi. Barxudar gəldi əhvalatı qızdara söylədi. Dev aparan qız dedi:

– Devin məndə bir müşkü var. Apar meşəyə səp, ceyranlar bihuş olar, sağıb gətir südünü ver şaha.

Barxudar qız diyən kimi eləyib, gətirdi südü paçcaha verdi. Paçcahın munnan da əli üzüldü. Çarasız Barxudarı azad elədi. Barxudar evə gəldi. Dev aparan qız dedi:

– Paçcah bizdən əl çəkməz, görək çarəsini eləyək. İndi Barxudar, sən get paçcahı vəzir-vəkilinnən qonax çağır.

Barxudar getdi paçcahı başının adamınnan qonaq çağırdı. Paçcah dedi:

– Gedərəm, mana layiq qonaqlıq verəmməz, boynunu vurduruf qıza sahib ollam.

Bu fikir ilən paçcah başının adamınnan Barxudarın evinə gəldi. Dev aparan qız məclis açdı, hamısı əyləşdi. Birdən devin ləl daşını atdı paçcah başının adamları behuş oldular. Barxudar qızlar ilə bərabər onların başlarını kəsib sinələrinin üstə qoydu. Camahata xəbər verdi. Hamı gəldi, Barxudar əhvalatı başdan-başa nağıl elədi. Camahat sülmünə qarşı şaha nəhlət oxudu. Barxudarı onun yerinə paçcah elədilər. Barxudar camahat ilə yaxşı rəftar eləyif dövran sürməgə, gün keçirməgə başladı.