Batalı qanə oxun dideyi-giryan içrə
Görünüş
Batalı qanə oxun dideyi-giryan içrə Müəllif: Məhəmməd Füzuli |
Batalı qanə oxun dideyi-giryan içrə,
Bir əlifdir sanasan kim, yazılar qan içrə.
Yeridir, sineyi-suzanıma gülxən desələr,
Bəs ki, yanmışdır oxun sineyi-suzan içrə.
Canı tən içrə nə saxlardım əgər bilsə idim
Ki, deyil gizli qəmi-ləli-ləbin can içrə.
Ala gör oxlarını didələrimdən, ey dil,
Heyfdir, olmaya nagəh itə müjgan içrə.
Çak könlüm arasında yaraşır peykanın,
İqdi-şəbnəm xoş olur qönçeyi-xəndan içrə.
Qəddinə sərv demiş, qönçələrin tənindən
Duramaz badi-səba hiç gülüstan içrə.
Ey Füzuli, kimə suzi-dilimi şərh qılım,
Yox mənim kimi yanan atəşi-hicran içrə.