Bax-bax (Aşıq Heydər)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Bax-bax (Aşıq Heydər) Müəllif: Aşıq Heydər |
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər) |
Bir küncə qısnayıb sıxırlar məni,
Nə betər gəlibdi zamana, bax - bax!
Ümidsiz, köməksiz ortadayam mən,
Dağları bürüyən dumana bax - bax!
Gəzdim, dolandım mən bu boş dünyanı,
Nə çoxdu boş lafı, vədi, hədyanı.
Müxənnət artıbdı - bilinmir sanı,
Göylərə yüksələn amana bax - bax!
Bizimki gətirmir - belə görmüşəm,
Mal - mülkü vermişəm yelə, görmüşəm.
Göz yaşım dönübdü selə, görmüşəm,
Məndəki xəyala, gumana bax - bax!
Hanı mərd kişilər, meydan boş qalıb?!
Səxavət yox olub, mürvət azalıb.
Bucaqlar boşalıb, ocaq sozalıb,
Kef çəkən namərdə, yamana bax - bax!
Dərd - bəla azalmır nə qədər desəm,
Fələk durma deyir elə qəm yesəm.
Heydər, mən də axı soylu bir kəsəm,
Gəlmişəm həm dinə, imana bax - bax!