Bax-bax (qoşma, Aşıq Heydər)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Bax-bax (qoşma, Aşıq Heydər) Müəllif: Aşıq Heydər |
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər) |
Hanı Ağbabanın uca dağları,
Bir başımdan qalxan dumana bax – bax!
Vətəndi kiridən mən tək ağları,
Sən mənim qəlbimdə gümana bax - bax!
Vətən həsrətindən yanıb gül oldum,
Özüm öz dərdimə qara qul oldum.
Mərənd qucaq açdı, buna gül oldum,
Ürəyimdə qopan amana, bax - bax!
Dar gündə dadıma yetdi yetənlər,
Amma ki, beynimdən çıxmır ötənlər.
Ölən öldü getdi, qaldı itənlər,
Bizləri yandıran zamana bax - bax!
Ürəyim yaralı, sinəmdə od var,
Yurdun qucağında bir ayrı dad var.
İllər ayrısıyıq, qohum var, yad var,
O qaçaqaç salan yamana bax - bax!
Ağbaba deyəndə qəm gəlir gözə,
Vətən həsrətindən gəlmişəm dizə.
Yenə Yetim Heydər güc verir sözə,
Bəlkə gələ bir az imana bax - bax!