Məzmuna keç

Bax (Abdulla Padarlı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bax
Müəllif: Abdulla Padarlı
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06.

Ey sevdiyim, məni asitanəndən
Ayrı saldı səg sifətli, Qara bax.
Dedim: qəmə qərqəm, gəl əlimdən tut
Demədim ki, gəl başıma qara, bax!

Gəştə çıxıb süsən, sünbül dərin də,
Gül üzünə inci düzmüş tərin də,
Kəlbin olub bağlanmışam dərində,
İnanmırsan, sal boynuma qara bağ.

Görün, dövran bizi aya tən eylər,
Alim olan oxur, aya tən eylər,
Münəvvər camalm aya tən eylər,
Ağ sinən istisna qılar qara, bax!

Sərrafam, istərəm gərək dür mənə,
Lütf eylə bürqəni, gərəkdir mənə.
Yar səndən ayrılsam gərəkdir mənə
Bir molla, bir tabut, bir də qara, bax!

Eşqin mənə verər hey, ağlar gözüm,
Dərdü-qəmin gəlib ayaqlar gözüm,
Abdullah der: durmaz, ay ağlar gözüm,
Xəyalıma hər düşəndə Qarabağ.