Bax fələk Şamdə bir zümreyi-kafər yerinə
Bax fələk Şamdə bir zümreyi-kafər yerinə Müəllif: Əbülhəsən Raci |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Bax fələk Şamdə bir zümreyi-kafər yerinə,
Künci-viranədə həm Ali-Peyəmbər yerinə.
Qəsri-alidə Yezidün qızı yatsun rahət,
Künci-viranədə çəksün o Səkinə möhnət,
O sala məcəri-zərduz-başə ba şövkət,
Bu sala zülfini rüxsarinə məcər yerinə.
Şəhri-Yəsribdən olan vəqtə müsafir Zeynəb,
Yeddi qardaşinə eylərdi təfaxür Zeynəb,
İndi qan ağlamasun, neyləsün axir Zeynəb,
Bircə Bimari qalub yeddi bəradər yerinə.
Nə rəvadur üsəra şivənü əfğanə gələ,
Şamun övrətləri tən ilə təmaşayə gələ,
“Tuf” belə gərdişə, lənət belə dünyaya gələ
Ali-Süfyani qoyar zadəyi-Heydər yerinə.
Çün gəlürdi görələr Zeynəbi ol əhli-tərəb,
Üsəra dövrin alırdı o məhin çün kövkəb.
Zeynəb ol firqəni gördükcə deyirdi: - Yarəb,
Olmasun kimsə cəhanda məni-müztər yerinə.
Möhnəti-qürbət əsər etdi o dəm Leylayə,
Verdi viranədə əl qüssəvü qəra Leylayə,
Dedi: - Ey çərx, elədün yaxşi sitəm Leylayə,
Pasiban Şümr olub indi mənə Əkbər yerinə.
Həmnəfəs olmadi bir dəm dəmi-dəmsazə ərus,
Gəldi viranədə bülbül kimi avazə ərus.
Dedi: - Aya görülüb indiyətən tazə ərus,
Ey fələk, qarə sala başinə zivər yerinə?
Dedi: - Az qaldi-Səkinə ki, - bu canim çıxsun,
Nə qədər boynumi zənciri-düşaxə sıxsun?
Təngə gəldüm bu Yəzidün evini həq yıxsun,
Gedəcəkdür bəs haçan Ali-Peyəmbər, yerinə.
Gördü Gülsum üsəra oxşadi hər nakami,
Ney kimi dərdə gəlübdür dili-biarami,
Dedi: - Qardaş, görüsən bir bu güruhi-Şami,
İtrəti-Heydərə zülm eylədi kafər yerinə.
Bir gecə gəldi genə dərdi-Səkinə cuşə,
Ağladi, qoydi yüzin torpağa, getdi huşə,
Gördi röyadə alubdur babasi ağuşə,
Çəkər əl sili vuran Şümri-bədəxtər yerinə.
Ərz qıldi: - Baba, viranə olub gör, vətənim,
Şümrdən imdi varımdur sənə yüz şikvə mənim.
Vurub, əzbəs göyərüb, başda-ayağə bədənim,
Taziyanə yeridür, baxsan əgər hər yerinə.
Qalmeyub tabü təvana, baba, mən bidildə,
Gətdilər Şamə məni naqeyi-biməhmildə,
Yeridüb Şümr piyadə bizi hər mənzildə,
Yetirüb zülmini bu şumi-bədəxtər yerinə.
Verdi arami-təsəlli mənə hər dəm Zeynəb,
Razi olmaz yetişə könlümə bir qəm Zeynəb,
Çox çəküb zəhmətimi, ey baba, əmməm Zeynəb,
Hörmət eylüb mənə viranədə madər yerinə.
Raci, tovlanma bu bimehrü vəfa dünyayə,
Əldə bir tuşə gərək çün səfəri-üqbayə,
Nəqdi-əşk ilə bu gün cəm elə bir sərmayə,
Göz yaşı xərc olu məhşər güni gövhər yerinə.