Baxdı, yara bağladı
Görünüş
Baxdı, yara bağladı Müəllif: Aşıq Alı |
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.261 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman) |
Qövr eləyir canda zəxmi müttəsil,
Çeşmim çeşmə baxdı, yara bağladı.
Aşıq deyər, bağladı,
Kari-bağban bağladı.
Koma qurdum, dər saldım,
Fələk nə tez bağladı?!
Məftun oldum, canan məlhəm qıymadı,
Nə baxdı, nə də ki, yara bağladı.
Nainsafa müsaidin yan aram,
Mahcamallar mehribansa, yanaram.
Aşıq deyər, yan aram,
Yavuqlaşma, ya naram!
Əbəs gəl atəşləmə,
Öz-özümə yanaram.
Qaibana dildar sevdim - yanaram,
Aqil baxdı, baxdı, ya rəbb, ağladı.
Mələk misal, gəl Alını yarıdağ,
Etmə qəlbin yarı möhnət, yarı dağ.
Aşıq deyər, yarıdağ,
Yarı dəşti, yarı dağ.
Cəhdim səri kuyindi,
Qət eylədim yarı dağ.
Nakam Fərhad fəraqından yarı, dağ,
Əbəs baxtın baxtıyara bağladı.