Bayatılar/A
Bayatılar. A hərfi ilə başlayan bayatılar Müəllif: Şifahi xalq ədəbiyyatı |
B→ |
Həmçinin baxın: Haqqında • Mənbə: Bayatılar. Bakı, 1995 |
A dağlar, bizim dağlar,
Sizə var sözüm dağlar.
Qurbanam qara gözlü,
Yarıma özüm, dağlar.
A dağlar, bizim dağlar,
Sizə var sözüm dağlar.
Ala gözli ceyrana,
Vurğunam özüm dağlar.
A dağlar, qarlı dağlar,
Ətəyi barlı dağlar.
Yar yadıma düşəndə,
Ürəyim yara bağlar.
A dağlar, qarlı dağlar,
Meyvəli, barlı dağlar.
Yarıma yol göstərin,
Gözəl, ilqarlı dağlar.
A dağlar, qaşlı dağlar,
Qaşı sal daşlı dağlar.
Biri tək dayanıbdı,
Biri qardaşlı-dağlar.
A dağlar, daşdı dağlar,
Səndən kim aşdı dağlar?
Gözlərim yuxu tutdu,
Ceyranım qaçdı dağlar.
A dağlar, sona dağlar,
Söz yetməz sona dağlar.
Yaz fəsli göllərində,
Çalxanar sona, dağlar.
A dağlar, uca dağlar,
Dərdbilən qoca dağlar.
Qoy axtarım yarımı,
Verərəm bac a dağlar.
A dağlar, uca dağlar,
Hamıdan qoca dağlar.
Ayrılıqdan üzüldüm,
Mən dözüm necə dağlar?
A dağlar, uca dağlar,
Qar belin quca, dağlar.
Ovçusu cavan ölmüş,
Maralı qoca dağlar.
A qaratikan kolları,
Tutma keçid yolları.
Gəlin uşaqlı gedir,
Çirməklidi qolları.
A quşlar, ağa quşlar,
Qonubdu bağa quşlar.
Kəsdilər ağacları,
Uçuşdu dağa quşlar.
A mənim turac könlüm,
Qırğı gəldi, qaç könlüm.
Çəkil dağlar başına,
Qəm kitabın aç könlüm.
A yel baba, dur gedək,
Madyanını sür gedək.
Bir qapının qıfılın,
Min qapıya vur gedək.
Açdım, açdım gül oldum,
Boy atdım, sünbül oldum.
Bir dil bilməz quşuydum,
Oxudum, bülbül oldum.
Açılaram gün kimi,
Oxuram bülbül kimi.
Gönlümə dəyən olsa,
Sarallam sünbül kimi.
Axar sular axmasın,
Quş qanadın çaxmasın.
Gedin, deyin yarıma,
Öldüm, yola baxmasın.
Axşamlar, ay axşamlar,
Şamlar yanar axşamlar.
Evli evinə gedər,
Qərib harda axşamlar?
Ağ alma xallanıbdı,
Ağacdan sallanıbdı.
Almanı göndərən yar,
Kimlərə aldanıbdı?
Ağ alma, qızıl alma,
Nimçəyə düzül alma?
Çirkin al nəcib olsun,
Bəd əsil gözəl alma.
Ağ almanı dişlədim,
Dişlədim, gümüşlədim.
Qardaş gəldi qıymadım,
Yar gəldi bağışladım.
Ağ at, yalın qurusun,
Xəttü xalın qurusun,
Apardın gətirmədin,
Görüm nalın qurusun.
Ağ çuxan ağlı qalsın,
Boxçada bağlı qalsın.
Bizi ayıran yağı,
Ciyərin dağlı qalsın.
Ağ maya düzdə qaldı,
Yükü Təbrizdə qaldı.
Oğlanı dərd apardı,
Dərmanı qızda qaldı.
Ağac başında Vəli
Altında yaşıl xəli,
Allah muradın versin,
Ya Məhəmməd, ya Əli!
Ağac əkili qaldı,
Yaxam söküli qaldı.
Hamı murada çatdı,
Boynum büküli qaldı.
Ağacdan quş tutaram,
Qanadın boş tutaram.
Desələr yarın gəlir,
Bir ay oruc tutaram.
Ağlaram özüm Allah,
Kor oldu gözüm Allah.
İl gəldi başa çatdı,
Mən necə dözüm Allah.
Ağlasa anam ağlar,
Birisi yalan ağlar,
Sən ağlama, anacıyım.
Səsin yürəgim dağlar.
Ağlayarlar, gülərlər,
Göz yaşını silərlər,
Keçən yurdun qədrini,
Düşən yurdda bilərlər.
Ağrıdağı ağrımdı,
Hər yarama sarğımdı,
İrəvanın bağları
Mənim qara bağrımdı.
Ağrıdır yara məni,
Təbib yox, yara məni.
Burda bir kimsənəm yox,
Yetirin yara məni.
Allah məni xar eləmə,
Qulağımı kar eləmə.
İnkir-Minkir gələndə,
Dilimi lal eləmə.
Alma atdım qızlara,
Dığırlandı düzlərə.
Bir gün peşman olarsan,
Danışdığın sözlərə.
Alma versəm almazsan,
Sən almadan qalmazsan.
Hansı bağın gülüsən?
Açılarsan solmazsan.
Aman, aman ayrılıq,
Olur yaman ayrılıq.
Eşidəndə başımdan,
Qalxır duman ayrılıq.
Aman amana qaldı,
Halım yamana qaldı.
Yarın gül üzün görmək,
Axır zamana qaldı.
Aman fələk, ax fələk.
Çıx bacadan bax, fələk.
Mənə elçi gəlməsə
Get evini yıx, fələk!
Aman fələk, dad fələk,
Heç olmadın şad fələk.
İçirdigin şərabdan,
Özün də bir dad, fələk.
Ana başa tac imiş,
Hər dərdə əlac imiş.
Bir övlad qocalsa da,
Anaya möhtac imiş.
Apardılar gülümü,
Eylədilər zülümü.
Nə qoydular danışam,
Nə kəsdilər dilimi.
Araqçını yan qoydum,
İçinə biyan qoydum.
Vətənə keç baxanın
Ürəyinə qan qoydum.
Araz axar, yan gedər,
Üstündə min can gedər.
Yaramı yar bağlasın,
Yoxsa axar, qan gedər.
Araz axar yan verər,
Səsi mənə jan verər.
Yaramı möhkəm bağla,
Bağlamasan qan verər.
Araz, Araz, xan Araz.
Dağlardan axan Araz,
Yardan bir xəbər gətir,
Evimi yıxan Araz.
Araz, Araz, xan Araz,
Dəryaya baxan Araz.
Nişanlım gəmidədi,
Gəl, eyləmə qan Araz.
Araz başdan lil gələr,
Dəstə-dəstə gül gələr,
Neylərəm belə yarı,
Ayda-ildə bir gələr.
Araz buruldu, getdi,
Suyu duruldu, getdi.
Mən dedim yar incidi,
Demə yoruldu, getdi.
Araz daşanda bilər,
Kür qarışanda bilər.
Yar yarının qədrini,
Ayrı düşəndə bilər.
Araz daşanda mələr,
Kür qarışanda mələr.
Bala öz anasından,
Ayrı düşəndə mələr.
Araz gəlir, lillənir,
Suyu gəlir, güllənir.
Yarı xəlvətdə görcək,
Mənim qəlbim dillənir.
Araz qırağı meşə,
Gəti dəsmalın döşə.
Arasına gül düzüm,
Dövrəsinə bənövşə.
Araz üstə, buz üstə,
Kabab yanar köz üstə.
Qoy məni öldürsünlər,
Bir ala göz qız üstə.
Araz üstə nanəyəm,
Yel, əsmə, pərvanəyəm.
Yarım gedib Tiflisə,
Dəliyəm, divanəyəm.
Arif odu söz qana,
Söz anlaya, söz qana.
Sənə süd verən ana,
Olsun mənə qaynana.
Armud daldan süzülər,
Yerə düşər büzülər.
Bir dana bizə verin,
Xəstəmiz var, üzülər.
Arzım aça bilmirəm,
Yoldan keçə bilmirəm.
Belimdə hicran yükü,
Atıb qaça bilmirəm.
Asmada üzüm qaldı,
Dərmədim, gözüm qaldı.
Yarım getdi, gəlmədi,
Ürəkdə sözüm qaldı.
Aşiq arada qaldı,
Peykan yarada qaldı.
Qohum uzaq, yar iraq,
Nəşim arada qaldı.
Aşiq aranı dağlar,
Peykan yaranı dağlar.
Könül istər, əl çatmaz,
Kəsib aranı dağlar.
Aşiq gəzər mahalı,
Sözlə bəzər mahalı.
Çox gəzib, çox dolanan,
Hər işdən olar halı.
Aşiq naçar ağlama,
Pis gün keçər ağlama.
Fələk bağlı qapını,
Bir gün açar ağlama.
Aşiq süzgün gözlərim,
Qəmdən üzgün gözlərim.
Gözəldən doya bilməz,
Baxsa yüz gün gözlərim.
Aşiqin çoxdi sənin,
Kiprigin oxdi sənin.
Yolunda can qoymuşam,
Xəbərin yoxdi sənin.
Aşıq gəzər dağ-daşı,
Axtarar yaşılbaşı.
Can alan bir gözəlin,
Sürməni neylər qaşı?
Aşıq neylər yad aşı,
Çaxçaq döyər ha daşı.
Yukun hicran yukudu.
Kirəkeşsən ha daşı.
Aşıq sözə gəlməsin,
Ceyran düzə gəlməsin.
Getsin qara buludlar,
Bir də bizə gəlməsin.
Aşıq sözün gizlədi,
Sözün düzün gizlədi.
Sən baxçaya çıxanda,
Lalə üzün gizlədi.
Aşığam can burada,
Ləli-mərcan burada.
Yarı burada gördüm,
Qoy verim can burada.
Aşığam, o yan yeri,
Yuxudan oyan, yeri.
Yüz il sel oya bilməz,
Bir gün qəm oyan yeri.
Atım-tutum alma, yar,
Evdə yalqız qalma, yar,
Əl mənim, ətək sənin,
Nəzərindən salma, yar.
Atladım bağdan-bağa,
Əlim dəgdi çardağa.
Dünyadan kam almamış,
Necə girim torpağa.
Ay batdı, qaş qaraldı,
Bu gün rəngim saraldı.
Yardan ayrı düşəli,
Dünya mənə daraldı.
Ay çıxdı düzə düşdü,
Qıvrım tel üzə düşdü.
Fələk bir iş işlədi,
Ayrılıq bizə düşdü.
Ay çıxdı, qadir Allah,
Təqsirim nədir, Allah?
Ya mənim sevgilimi,
Ya mənə səbir Allah.
Ay dolandı, il aşdı,
Bağım, bağçam gül aşdı.
Yalvardım danışmadı,
Küsən kimi dil aşdı.
Ay dönüb ilə dağlar,
Gəlibdir dilə dağlar.
Bülbül qonub oxuyur,
Bürünüb gülə dağlar.
Ay gədikdən doğanda,
Soğan qabıq qoyanda.
Mən alnına yazıldım,
Sən anadan doğanda.
Ay gəlin, çiçək gəlin,
Gözləri göyçək gəlin.
Sən mənə bax, mən sənə,
Bu yoldan keçək gəlin.
Ay gəlin, gözüm gəlin.
İşlərəm özüm gəlin.
Neyləsin qaynanası,
Tənbəldir bizim gəlin.
Ay gəlin, sənə qurban,
Dolan gəl dərə, qurban.
Qardaş evi yaxşıdır,
Yenə də ərə qurban.
Ay niyə güldü getdi?
Gecəni böldü getdi.
Yarım elə gözəldi,
Əzrayıl aldı getdi.
Ay oğlan çıraqlısan,
Əsli Qarabağlısan.
Bir gözəl yar ucundan,
Sən də sinədağlısan.
Ay ordan tək-tək doğar,
Gün burdan tək-tək doğar.
Sənin kimi oğlanı,
Analar tək-tək doğar.
Aylar keçdi, il oldu,
Su bulandı lil oldu.
Məni bu dərdə salan,
Ağzımdakı dil oldu.
Aypara tək üzə bax,
Qələm qaşa, gözə bax,
Deyirsən, sevim səni
Anam deyən sözə bax!