Bayatılar/Y

Vikimənbə saytından
V Bayatılar. Y hərfi ilə başlayan bayatılar
Müəllif: Şifahi xalq ədəbiyyatı
Z
Sister Projects. Həmçinin baxın: Haqqında • Mənbə: Bayatılar. Bakı, 1995



Yad gəldi, doldu dağlar,
Saraldı, soldu dağlar.
Ürəyimin odundan,
Yandı, kül oldu dağlar.

Yağı gəldi yanıma,
Susamışdı qanıma,
Döndüm qürbət ellərdən,
Qüvvət gəldi canıma.

Yağıbdır qar a tellər,
Ağardı qara tellər.
Namərd gəlib ellərin,
Ömrünü qarət eylər;

Yar arxanda bir dağam,
Yatmamışam, oyağam.
Dola qolun boynuma,
Bir saatlıq qonağam.

Yar başa qara bağlar,
Ürəyi yara bağlar.
Vətəndən ayrı düşsə
Ümidin hara bağlar?

Yar geyinib tamam al,
Tamam yaşıl, tamam al.
Bu yarımçıq canımı,
Rəhmin yoxsa, tamam al.

Yar, gül taxım telinə,
Əlin vurub belinə.
Qoy sağ olsun qaynata,
Hörmət elər gəlinə.

Yar gülü telə bağlar,
Kəmərin belə bağlar.
Bülbül uçub, gül solub,
Virandır yenə bağlar,

Yar mənə baxdı, getdi,
Qəlbimi yaxdı, getdi.
Ağlamaqdan göz yaşım,
Sel kimi axdı getdi.

Yar məni dərdə saldı,
Qəmdən bənzim saraldı.
Mənim ağlar gözlərim,
Viran bağa su saldı.

Yaradan,
Yuxum gəlməz yaradan.
Ya məni yara yetir,
Ya al canım, yaradan!

Yaraqları düzdülər,
Hər tərəfi süzdülər.
Mənim nə vaxtım idi,
Əlim səndən üzdülər?

Yaralıyam yatmaram,
Güni günə satmaram.
Yardan gələn bu dərdi,
Ayrı dərdə qatmaram.

Yarı yola salmışam,
Qayğısına qalmışam.
Mən yarımın iyini,
Bacısından almışam.

Yarı yolladım yola,
Gözlərim dola-dola.
Buluda çox yalvardım,
Üstünə kölgə sala.

Yarım iraq gedibdir,
Cibdə daraq gedibdir.
Fikrim ilə xəyalım,
Ondan qabaq gedibdir.

Yaşildi başın, ördək,
Qələmdi qaşın, ördək.
Həmişə cüt gəzərdin,
Hanı yoldaşın ördək.

Yatıbsan, oyan dağlar
Al-yaşıl boyan dağlar.
Bura zülmətxanadı,
Necədi o yan, dağlar?!

Yatmış idim oyandım,
Dərdə, qəmə boyandım.
Daş olsaydım, ərirdim,
Torpaq oldum, dayandım.

Yaşım üzümdən gedər,
Axar, gözümdən gedər,
Çəkməyin oğlan adı
Ağlım özümdən gedər.

Yaylığı ağ saxlaram,
Yuyaram, ağ saxlaram.
Dolanıb bizə gəlsən,
Səni qonaq saxlaram.

Yaylığın mili yansın,
Od tutsun gülü yansın.
Sənə "sürün" deyənin,
Ağzında dili yansın.

Yaz günü qara məni,
Çəkdirmə dara məni.
Zalım-imansız anam,
Satdı kafdara məni.

Yeri, dam üstə yeri,
Qızıl cam üstə yeri.
Ayaqların incisə,
Çıx sinəm üstə yeri.

Yersiz söz danışmanam,
Hər işə qarışmanam.
Çəkil, dindirmə məni,
Küsmüşəm barışmanam.

Yetdi arxa dolandı,
Sular çarxa dolandı,
Düşmən elin gücündən,
Qorxa-qorxa dolandı.

Yetiməm, atam yoxdur,
Qəribəm, butam yoxdur.
Düşdüm qəm dəryasına,
Qolumdan tutan yoxdur.

Yol kəsib haramılar,
Dərd çəkir yaralılar.
Siz Allah, yar cavandı,
Dəyməyin, haramılar.

Yol üstündə var çinar,
Yarpağı dinar-dinar.
Çətin işə düşmüşəm,
Qutarsın pərvərdigar.

Yol vermə yada, Təbriz,
El gedər bada, Təbriz,
Sənin həsrətindəyəm,
Can sənə fəda, Təbriz.

Yolların başı ilə,
Üstünün daşı ilə.
Sənə bir kağız yazdım,
Gözümün yaşı ilə.

Yolum daşlı-qayalı,
Hər işdən olum halı.
Görəsən heç tapılar,
Mən tək başı bəlalı.