Məzmuna keç

Bayatılar (Aşıq Bəsti)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bayatılar (Aşıq Bəsti)
Müəllif: Aşıq Bəsti
Mənbə: Aşıq Bəsti. "Bənövşələr" (PDF) (az.). Gəncə. 2013. 2018-09-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-14.

Əzizinəm oy dərdim,
Oy dərmanım, oy dərdim.
Girdim yarın bağına,
Gül yerinə, oy dərdim.


A Bəsti, bulud ağlar,
Göy kişnər, bulud ağlar.
Səni qəhər boğanda,
Gözündə bulud ağlar.


Ağlamasın neyləsin,
Dərdin kimə söyləsin.
Bəsti xəstə ha deyil,
Loğman çarə eyləsin.


Bəstini qəmi üzər,
Dərdi-ələmi üzər.
Gözün yaşı göllənsə,
İçində gəmi üzər.


İçimdəki dağımdı,
Sinəm xəzan bağımdı.
Ahım əsən küləyim,
Gözlərim bulağımdı.


A Bəsti, baxar doymaz,
Yandırar, yaxar doymaz.
Baxdıqca gözlərimdən,
Qanlı yaş axar doymaz.


Xançoban, el götürər,
Torpağı bel götürər.
De, Bəsti, ağlamasın,
Qəbrini sel götürər.


Dağların daşı mənəm,
Bulağın başı mənəm.
Yar deyib, kim ağlasa,
Gözünün yaşı mənəm.


Bəsti deyər: dəryada,
Gəmim qalıb dəryada.
Qağladım, göz yaşımdan,
Doldu, daşdı dərya da.