Bayatılar (Aşıq Mirzə Bilal)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Bayatılar Müəllif: Aşıq Mirzə Bilal |
Mən aşıq, ləngə bizi,
Qəşədi, Ləngəbizi.
Qobunun tozlu yolu,
Salıbdır ləngə bizi.
Mən aşığam Qobuda,
Qobustanda, Qobuda.
Dönəydim sal daşlara,
Qalaydım o Qobuda.
Mən aşığam hər saat,
Yağsa, yağar bir saat,
Su götürər aləmi,
Aşıb-daşsa Pirsaat.
Mən aşığam, bu dağlar,
Bu dərələr, bu dağlar.
Yar busəsin görməsəm,
Getməz məndən bu dağlar.
Mən aşığam yazım var,
Baharım var, yazım var.
Sənin varın-dövlətn,
Mənim isə sazım var.
Aşığam, qaravəlli,
Qonşumuz Qaravəlli.
Sevirəm mən o yarı,
Çal gəlsin Qaravəlli.
Mixək əkdim, açıldı,
Zülf gərdəndən saçıldı.
Cürə sazım çalanda
Bütün qəlblər açıldı.
Yağış yağar Şirvana,
Gün doğar hər bir yana,
O deyilmi yar gəlir,
Şam kimi yana-yana.
Şirvan çiçəkdi-güldü,
Yağış yağdı, kəsildi,
Yarım yola çıxacaq,
Hələ gülüzəndədi.
Gəl dayanaq yan-yana,
Oxuyaq qana-qana,
Açıq söz qəlbi qırar,
Keçmə həcvü-hədyana.
Yetirdim yara zəndi,
Gülün bağrı zədəndi ,
Sən gülsən, mənsə bülbül,
Bülbül ki gül üzəndi.
Çək mizrabı sazına,
Simlər, qoy, gəlsin cana,
Görən cavab verərmi,
Səsinə-avazına.
Xanım xalın dən-dəndi,
Pərişanlıq nədəndi,
Səsin ağlım apardı,
Sözlərinsə üzdəndi.
Sənəm qəsd edər cana,
Dost yolunda qurbana,
Tale qismət edəydi,
Bir gələydim Şirvana.
Bilal əhli-düzdəndi,
Şirvan gülü bizdəndi,
Sən Qəşədə qədəm qoy,
Qulluq etmək bizdəndi.