Bayatılar (Dəmirçi Aşıq Hüseyn)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Bayatılar Müəllif: Dəmirçi Aşıq Hüseyn |
Nə dərdim,
Nə həsrətim, nə dərdim,
Girdim yarın bağına,
Bilən yoxdu nə dərdim.
Əzizim dərdi məndə,
Yar güldü dərdiməndə,
Mən dərdli, Yarımın da
Böyüyür dərdi məndə.
Əzizim, güləmmərəm,
Gül dərib gül əmmərəm,
Yar üzün görməmişəm,
Danışıb güləmmərəm.
Gözdə məni,
Ölüncə gözdə məni,
Axtarsan tez taparsan,
O qara gözdə məni.
Gül arada,
Bir danış, gül arada,
Xoşbəxətəm yarım ilə,
Bitibdi gül arada.
Əzizim, baxanda gəl,
Gün keçib yaxanda gəl,
Gəlmədin xoş günümdə,
Göz yaşım axanda gəl.
Bu dağlar o dağlardan,
Küsmüşəm bulaqlardan,
Dünya gidi dünyadı,
Gəl öpüm dodaqlardan.
Sular yaman çağlayıb,
Ahı məni dağlayıb,
Qar üçün dağa getməm,
Yar qəlbi buz bağlayıb.
Sözüm yox, yar o yardı,
Hər işə yarıyardı.
Bir zaman yar bizi də,
Axtarıb arıyardı.
Taleyim kəmdi mənim,
Gözlərim nəmdi mənim,
Bir üzüm sevincdirsə,
Bir üzüm qəmdi mənim.
Güləm mən,
Bağrı qanlı güləm mən,
Bu günəcən gülmədim,
Daha çətin güləm mən.
Yar qaladı,
Sanardım yar qaladı,
Sinəm üstə ocağı,
Yar çatdı, yar qaladı.
Özgə dərdi,
Gül əkdim, özgə dərdi,
Öz dərdim azmış kimi,
Çəkirəm özgə dərdi.
Daş qaladı,
Zülmətdi, daş qaladı,
Neylədim bu fələyə,
Başıma daş qaladı.
El köçüb, kimim qalıb,
Saz sınıb simim qalıb,
Dəniz çəkilib gedib,
Quruda gəmim qalıb.
Səndə nə var,
Dumanda, çəndə nə var.
Şeirdən, sözdən başqa,
Bilmirsən məndə nə var.
Yar baxdı yana döndü,
Kirpik kamana döndü,
Keçirdiyim xoş günlər,
Qan oldu, qana döndü.
Yazda məni,
Yaz da sən, poz da məni,
Allahın rəhmi olsa,
Öldürər yazda məni.
Mənbə
[redaktə]- Maşallah Xudubəyli. "Mənim sazlı-sözlü dünyam". Bakı, "Elm və təhsil", 2010. səh.79-91