Məzmuna keç

Bayatılar (Məlikballı Qurban)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bayatılar
Müəllif: Məlikballı Qurban
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06.

Bağrım başı ağ yara,
Tiğ alıban ağ yara,
Məhşəridi Qurbanın,
Yar qalanda ağ yara.

Tərlan avın sar alı,
Mənzil gedən sar alı,
Qəm çəkməkdən Qurbanın,
Rəngi-ruyi saralı.

Qurban, mənzil ox alı,
Döşənibdi o xalı,
Zülfün əcəb xaindi,
Gizliyibdi o xalı.

Dərsim gəldi üqb ayə,
Fəqir çatmaz üq bayə,
Qan-yaş tökübən ağlar,
Qurban, getmə üqbayə.

Aşıq, Məlikballıdır,
Üzdə xalı bəllidir.
Gördüm gözəl çöhrəsin,
Bildim Məlikballıdır.

Mən aşiq, Məlikballı,
Gözümdü Məlikballı.
Gözəl bir yar sevmişəm,
Özü də Məlikballı.

Mən aşiqəm, qan olar,
Ağlasa göz, qan olar.
Tuti yar yada getsə,
Məlikballa qan olar.