Məzmuna keç

Bayat kəndi tarix boyunca

Vikimənbə saytından
Bayat kəndi tarix boyunca
Müəllif: Ənvər Çingizoğlu
Mənbə: Ədalət.- 2010.- 29 dekabr.- S. 5. Ədalət.- 2010.- 30 dekabr.- S. 5.


Hazırda Azərbaycan ərazisində bir neçə Bayat kəndi var. Onlardan biri də Ağcabədi bölgəsində qərar tutur. Rus üsul-idarəsi dönəmində Şuşa qəzasına, xanlıq çağında Kəbirli mahalına bağlı idi. Bəylərbəylik zamanında isə özü nahiyə mərkəzi olmuşdu. Bayat kəndi Bayat elinin bir oymağının yerləşməsindən yaranıb. Əvvəlcə el haqqında bilgi verək. Bayat eli haqqında "Kitabi-Dədə Qorqud" abidəsində məlumat var. "Bayat boyundan Qorqud ata derlər bir ər qopdu. Oğuzun ol kişi bilicisiydi". Xalqımızın qədim və möhtəşəm abidəsi, məhəbbət və qəhrəmanlıq dastanı "Kitabi-Dədə Qorqud" bu sözlərlə başlanır. Eradan əvvəl "boy"-qəbilə, tayfa, orta əsrlərdə isə el, mahal, yurd mənasında işlənib. Dədə Qorqud Bayatlı-Bayat soylu, Bayat elli, qopuz çalıb boy boylayan, söz söyləyən ozanlar ozanı olub. Zaman keçdikcə onun məclislər açıb ozanlıq etməsi ilə dastandakı qəhrəmanların, yerlərin, nəhayət oğuz tayfalarının ünvanları, inamları və adətləri ilə bağlı çoxlu adlar yaranmışdır. Bayat etnotoponiminin çox geniş arealda yayıldığı da bəllidir. Orta çağ tarixçiləri öz əsərlərində bugünkü bəşərin Nuh əleyhüssəlam övladları olduğu fikrini təsdiqləyirlər. Tufanda Nuh gəmisində Nuhun Ham, Sam, Yasəf adlı 3 oğlu varmış. Yasəfin nəvəsi Alınca xanın nəvəsi Qara xanın oğludur. Oğuz xanın da 6 oğlu olmuşdur. Onlardan üçü (Günxan, Ayxan, Ulduzxan) -"Boz ox" adı ilə hakimiyyəti idarə etmiş üçü (Məngli xan, Dağ xan, Dəniz xan) - "Üç ox"-lar isə onlara tabe olmuşdur. Əldə olan qaynaqlara görə nəinki Azərbaycanın hətta bir çox türk xalqlarının kökü oğuzlarla bağlıdır. Məlum məsələdir ki, oğuzlar da ayrı-ayrı türk uruqlarının, oymaqlarının birləşməsindən yaranmışdır. Bayat bu uruqlar bu qəbilələr içərisində özünəməxsus yer tutan - təpərli ərənləri, ərdəmli igidləri, düşüncəli ağsaqqalları ilə ad çıxarmışdır. Bayat uruğu öz adını tanınmış bir şəxsdən-"Bayat"-dan götürmüşdür. Bayat Oğuz xanın nəvəsi Gün xanın oğludur. Böyük tarixçi və döyüşçü Əbülqazi Bahadur xan Xivəli (1602-1664) özünün məşhur "Şəcəreyi-Tərakemə" əsərində yazmışdır ki, Bayat Oğuz xanın oğlu Gün xanın ikinci oğludur. Gün xan oğlu Bayat oğuz uruqlarının toplantılarında xanın sağ yanında oturar, oğuz ordusunun sağ qoluna başçılıq edərmiş. Oğuz kübarlarına məxsus "Bəy şülən" deyilən məclislərdə o, xan ilə birlikdə qoçun sağ budunu yeyərdi. Bayatların bir çox ölkələrə dağılmaları və Dış oğuzların aparıcı qolunu təşkil etmələrini göstərən prof. Z.V.Toğan yazır: "Şimaldan qalxıb Cənuba yerləşən Uyrat-Uyğurlar, Qayat-Qayalar, Qanıqlıyut-Qanıqlılar və Bayaut-Bayatlar ismini daşıyan qəbilələr əslən türk olub, bir qismi Cingizin zuhuru zamanına qədər moğollaşmış idilər. Cozef Dögün isə bu haqda belə yazır: "Bayatlar Cingiz xana kölə deyil, onun ətrafında toplaşan bir çox qəbilələrdən biridir. Asiyanın geniş ölkələrindən Azərbaycana, Anadoluya, İraqa, Volqa boylarına qədər izləri görünən bayatların tarixi varlığı haqqında çeşidli qaynaqlarda geniş bilgilər vardır." Bahadur xan Bayatların ana yurdundan danışarkən qeyd edir: "Bayatların qəbilələri çoxdur. Mühümləri "Cidayin nəhri kənarında yaşayan "Cidayin Bayatlar" və Məkrin nəhri kənarında yaşayanlar isə "Məkrin Bayatlar"dır. Bu haqda geniş məlumat "Türk ensiklopediyası"ndadır. Oradakı məlumata görə, Bayatlar XI yüzildən öncə Sır-Dərya sahillərində və onun şimalındakı bozqırlarda yaşayırdılar. Onların bir qismi sonradan səlcuq (yaxud türkmən) fəthlərinə qatılaraq Sır-Dəryadan Adalar dənizinə (Egey dənizi) qədər uzanan böyük imperiyaların qurulmasında mühüm rol oynamışdır. XIX yüzilliyin ortalarında Mərəş bölgəsində Zülqədər bəyliyini quran və Sivas ətrafında yurd salmağa çalışan Şam və ya Özoğlu türkləri arasında mühüm bir mövqeyə sahib olan və əksəri bugünkü Yozqad məntəqəsində yerləşən bu bayatlar Şam bayatı adı ilə tanınmışdır. XV yüzilin başlanğıcında Əyntab ilə Hələb arasında yaşayan bayatlar XVI yüzildə digər türkmənlərlə birlikdə Hələb türkmənlərini meydana gətirmiş, XVI yüzilin əvvəllərində "Bayadi" adı ilə tanınmışlar. Anadolu və Antakyada isə onlar ən məşhur oymaqlar olan Xəfərli, Şərəfli, Qızıldonlu, Ökdənli, Qaracaqoyunlu, Mancanıq, Qanqal və Yeni Eldə yurd salmışlar. XVI yüzildə bunların bir qismi Qaraman, bir qismi də Adana bölgələrinə köçmüşlər. M.Kalankaytlının "Alban tarixi" əsərində Boqayat adlı yaşayış yerindən - qaladan danışılır və onun Bərdə həndəvərində yerləşdiyi göstərilir. "Alban tarixi"ndəki Boqayat qalası Bərdə ətrafındadır. Boyat//Bayat//Bayatlılar//Sincan-Boyat//Qızıltəpə-Boyat// Boyatansüxtə//Bayatlı//Keşlakbayat//Əlbayat//Boqayat (Tanrı odu) və s. paralelləri olan bu adın müxtəlif ərazilərdə, o cümlədən Azərbaycanda da arealları vardır. Azərbaycanda məskun yerlərin siyahısı Kitabında isə Bayat adı ilə bağlı aşağıdakı kənd sovetlikləri, kəndlər və onların əhalisinin milli tərkibi göstərilmişdir. 1) Ağcabədi -Bayat kənd sovetliyi, əhalisi 57,9% türklər; 2) Göyçay -Bayat - 146 təsərrüfat, əhalisi 98,2% türk, 3)Şabran, Sincan Bayat b) Uzun Bayat kəndləri 27,150 təsərrüfat, əhalisi 99,9% türk 4) Şamaxı- Bayat 22 təsərrüfat, 88% türk. Hələ XIX yüzildə Azərbaycanın topoqraf alimi İbrahim ağa Vəkilov Azərbaycanda "Bayat" adlı 5 kənd göstərir. Onlardan biri əvvəlki Şuşa, o biri Göyçay, biri Salyan, biri Quba, o biri isə Şamaxı qəzalarında idi. Mütəxəssislərdən Qiyasəddin Qeybullayev, Tofiq Əhmədov, Afat Qurbanov da bayat/boyat tayfalarının Azərbaycandakı yaşayış ərazilərini göstərib onların Azərbaycana gəlmə tarixini qeyd etmişlər. B.Budaqov bayat tayfası haqqında danışarkən qeyd edir ki, onlar XIV-XV yüzillərdə Səfəvilər dövlətinin yaranmasında fəal iştirak etmişlər. A.Axundov isə bayatların Azərbaycana gəlişini IX yüzilin ikinci yarısına aid edir. Bu tayfanın adı ilə bağlı Türkmənistandakı yaşayış məskənlərinin (Darqanata, Dənev, Xocambaz və Carcou) adlarını çəkir, onların Boyat toponimi adı ilə adlandığını qeyd edir. Məhəmmədhəsən bəy Vəliyev-Baharlı Bayat tayfalarının Azərbaycana gəlişindən söz açmış, onların Səfəvilər tərəfindən indiki Quba qəzasında ləzgiləri tabe etmək və yerli hökmdarların qüvvətlənməsi üçün yerləşdirilməsini qeyd etmişdir. O, həmçinin Bayatların öz adlarını verdiyi kəndlərin adını da göstərmişdir. Göyçay qəzasında -Boyat-Məlik Umud, Bayat-Nadir, Cavad qəzasında -Sincan Bayat, Uzun Bayat, Şamaxı qəzasında -Bayat Şuşa qəzasında -Bayat. Beləliklə, Azərbaycan ərazisində Ağcabədi rayonunda Boyat kənd adı, Ucar, Neftçala və Şamaxı rayonlarında eyni adlı Boyat kəndi, Dəvəçi rayonunda Boyat və Sincan Boyat kəndləri, Dərbənddə Boyatlar məhəlləsi var. Qərbi Azərbaycanın Quqark (Qara kilsə) rayonunda Bayatlar kəndi olmuşdur. Tədqiqatçılarımız Bayat adının mənşəyini və mənasını müxtəlif baxımdan açıqlayırlar. XII yüzil dünyanın ən böyük dilçilərindən olan Mahmud Qaşğarlı özünün "Türk dilinin lüğəti" əsərində Bayat boyunun adını çəkir və onu Oğuz tayfasının bir qolu kimi göstərmişdir. O, bu sözün "ulu tanrı" mənası verdiyini qeyd etmişdir. XV yüzil türk -uyğur şairi, alim Yusif Balasaqunlu özünün məşhur "Kutadqu biliq" əsərində Bayat adını qeyd edir. O, Bayat tanrı adını çəkir və "Bayat adlı ilə sözüm başladım"-deyə onu yad edir. Bəzi tədqiqatçılar Bayatın su ilə bağlı ərən-tanrı olduğunu göstərməkdədir. Bu barədə L.N.Qumilyov öz əsərində qeyd etmişdir ki, qədim türklər (o sıradan da azərbaycanlılar) təbiətin sahibləri sayılan və Yer-Su adlandırılan ərən-tanrılara inam bəsləmişlər.

Əbülqazi xan Xivəli isə "Bayat"ın mənasını "dövlətli" kimi izah etmişdir. Əjdər Fərzəli Boyat adının mənasını açarkən yazır: "Boyatla bağlı köhnəlmək mənasında boyat, boyatımaq isə boqu - Tanrıya qalmaq məzmunundadır. Necə ki, andıra qalmaq da elə tanrıya qalmaqdır. Və "tanrı"dakı səslərin yerdəyişməsindən yaranmış "andır" (antır) sözü dünya dillərinin bir qismində - ən çox hind-Avropa dillərində "tanrı" məzmununda işlənir. Əslində "Bayat" tanrı adı da "Bayat" qəbilə adından asılı olmayaraq mövcud olub. Dindar qocalar tanrını belə səciyyələndirərdilər: "Ey bu dünyanın sahibi!" Bəy-bay da odlu-sulu yerin - dünyanın sahibinə deyilib. Və belə imtiyaz sahibi "ibtidai oğuzun təsəvvüründə" yalnız tanrı ola bilərdi. "Bay"dan törənmiş "Baq" hələ 5 min il əvvəl Şumer mənbələrində tanrı mənasındadır. "Boqoy at" variantında da "boq" komponenti məhz tanrını təmsil edir. Boqoyat-Boq ata-Tanrı ata, Boq-od-Tanrı-od Boyat-Bəy ata, həm də Bəy odu, Tanrı odu" kimi açıqlanmışdır. Bayat soyunun dünyada məşhur həmişə yaşar, ad-san qazanmış nümayəndələri var. Harada doğulmasından asılı olmayaraq Füzuli də Bayat boyundandır. Qarabağın - Ağcabədinin Bayat kəndindən olan Süleyman kişinin oğludur və Iraqa da məhz həmin mahaldan köçüb getmişlər. Ağcabədi bölgəsi XVIII yüzilin ortalarınadək Bayad nahiyəsi adlanırdı. M.P.Vaqif, XV yüzildə yaşamış məşhur tarixçi, "Cami-cəmayin" əsərinin müəllifi Həsən Bayati, XII əsrdə yaşayıb-yaratmış Bayat Abbas, türk şairi Yəhya Kamal Bayatlı, Səməd Vurğun da bu boya mənsubdur.

  • * *

Bayat eli əski çağlardan Qarabağda butalanmışdı. Öncə köçəri yaşam sürsələr də, sonradan əyləşib kənd biçiminə düşüb əkinçiliklə məşğul olmuşlar. Qarabağ bəylərbəyliyinin tərkibində Bayat adlı nahiyyə vardı. Bu nahiyyənin mərkəzi Bayat kəndi idi. Orta çağlarda Bayat kəndində məscid, hamam və bazar qərar tuturdu. XVIII yüzildə Bayat kəndində 8 dəyirman işləyirdi. Kəndin əhalisi dənli bitkilərdən burda, arpa, darı və çəltik əkirdi. İpəkçilik geniş inkişaf etmişdi. Bayat kəndinin 10 dönüm bostanı vardı. 1723-cü ildə Osmanlı ordusunun Qarabağa yürüşü zamanı kənd camaatı Arazı adlayıb Güney Azərbaycana gedir. Osmanlıların hakimiyyəti zamanı kənddə dövlətə vergi ödəyən 30 ailə qalmışdı. Kəndin kəndxudası Qoca ağa Qurbanəli ağa oğlu idi. Qoca ağa kənd əhlindən osmanlılar üçün 55.000 ağça vergi toplayırdı. Osmanlıları Qarabağdan çıxarmış Nadir şah Qırxlı-Avşar Bayat kəndinin əhalisini geri qaytardı. Bayat kəndinin yiyəsi Məhəmmədxan sultan idi. Məhəmmədxan sultan XVII yüzilliyin ikinci yarısında yaşam sürmüşdü. Məhəmmədxan sultanın Sədrəddin bəy adlı oğlu vardı. Sədrəddin bəy XVII yüzilliyin ikinci yarısında yaşamışdır. Üstün xidmətlərinə görə Süleyman şah Səfəvidən sultanlıq ünvanı almışdı. Sədrəddin sultanın Pənahəli bəy və Behbudəli bəy adlı oğulları vardı. Pənahəli bəy XVIII yüzilliyin birinci yarısında dövran sürmüşdü. Bayat kəndinin torpaq və rəiyyətlərinin yiyəsi idi. Pənahəli xan Sarıcalı-Cavanşir xanlıq quranda Bayat kəndini adaşından pulla satın aldı. O, burda qala tikmək fikrinə düşdü. Pənahəli xan Bayat qalasını qaynı Hacı Səhliyalı bəy Hacı Əli bəy oğlu Kəbirlinin məsləhəti ilə tikmişdir. Tarixçi Mirzə Camal bəy yazır: "Məşvərətdən sonra, indi Kəbirli mahalının içində olan Bayat qalasının binası qoyuldu. Qısa bir zamanda möhkəm hasar çəkilib ətrafında xəndək qazıldı. Bazar, hamam və məscid tikildi. Xan, bütün ailəsinin, qohumlarının və el böyüklərinin əhl-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, yaxşı, məhəbbətamiz rəftarını eşidən Təbriz, Ərdəbil vilayətinin bir çox əhalisi və sənətkarları belə öz ailələri ilə gəlib Bayat qalasında yerləşdilər. Bayat qalası müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə tikilmişdir. (Qarabağnamələr, 1-ci kitab, Bakı, 1989, səh. 111-112). Bayat kəndi Qarabağ xanlığının ilk paytaxtıdır. Pənahəli xan Bayat qalasına sığınıb daxili və xarici yağılara qarşı vuruşmuşdu.


  • * *

Bayat kəndində ulu-uduq bir soy yaşayıb. Bu soy Kərimbəylilər adlanır. Soyun ad daşıyıcısı Kərim bəy XVIII yüzilin ikinci yarısında ömür sürüb. İbrahimxəlil xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. Kərim bəyin Rəhim bəy, Əmiralı bəy adlı oğulları vardı. Rəhim bəy XIX yüzilin birinci yarısında dövran keçirmişdi. Mədrəsə təhsili alıb. Mehdiqulu xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. Rəhim bəyin Rzaqulu bəy, Ağakişi bəy adlı oğulları vardı. Rzaqulu bəy 1833-cü ildə Kəbirli mahalının Bayat kəndində anadan olmuşdu. Molla yanındad oxumuşdu. Özəl təsərrüfatını idarə etmişdi. Rzaqulu bəy Şərəf xanımla ailə qurmuşdu. Sadiq bəy (1857), Sarı bəy (1863) adlı oğulları, Sərəncam xanım adlı qızı vardı. Rəhim bəyin ikinci oğlu Ağakişi bəy 1838-ci ildə, üçüncü oğlu Mehdi bəy 1843-cü ildə doğulmuşdu. Ağakişi bəy Səlimə xanımla, Mehdi bəy Əsmət xanımla dünya evinə girmişdi.

  • * *

Kərim bəyin ikinci oğlu Əmiralı bəy XIX yüzilin birinci yarısında yaşam sürmüşdü. Özəl təsərrüfatını idarə etməklə güzəran keçirmişdi. Əmiralı bəyin Zeynalabdin bəy adlı oğlu vardı. Zeynalabdin bəy 1835-ci ildə Kəbirli mahalının Bayat kəndində dünyaya gəlib. Molla yanında oxuyub. Özəl təsərrüfatını idarə etməklə güzəran keçirib. Zeynalabdin bəy Xırda xanımla dünya evinə girib. Əmrah bəy, Qasıməli bəy, Kərim bəy adlı oğulları, Cahan xanım və Sayad xanım adlı qızları vardı...


  • * *

Xanlıq dönəmində Bayat kəndi xas-xalisə mülkü olduğundan xəzinəyə, divana bağlı idi. İbrahimxəlil xan sonra bu kəndi kiçik oğlu Fətəli ağaya verdi, Fətəli ağanın oğul övladı olmadığından cehiz yolu ilə Behbudovların əlinə keçdi. Behbudovlar Pənahəli xanın kiçik qardaşı Behbudəli ağanın törəmələri idilər. Kəndi Rüstəm bəy Behbudov idarə edirdi. Rüstəm bəyin Mənzər bəyim adlı qızı vardı, Mənzər bəyim Mirzəli bəy Rəhim bəy oğlu Behbudovla ailə qurmuşdu. Cavan və varissiz vəfat etdiyindən kənd həyat yoldaşına və əmisi oğullarına qaldı.


  • * *

Bayat eli adını verdiyi dördguşə bayatılarda əks olunur:

 
Aşığam o Bayadı,
El yadı, oba yadı.
Siz olun el-obalı,
Biz olaq oba yadı.
 
Əzizim Bayatlardan,
Xəbər ver, Bayatlardan.
Aşiqin dərdinə dərman
Tapılır bəy əttardan.
 
Aşıq, Bayat elləri,
Yarım saya telləri.
Çək ağzım, bas gözümü,
Qayıt, oyat elləri...