Məzmuna keç

Bayrağım və istiqlalım

Vikimənbə saytından
Bayrağım və istiqlalım
Müəllif: Əmin Abid Gültəkin
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Hər dedim kəndimə, zəncir qıraraq,
Get də kəməndini cəhənnəmdə yax.
Yurdumun müəbbəd nigahbanıdır,
Əsrlər altından yüksələn bayraq.
Bayrağım öləməz, ölürsə əgər,
Torpağın altına keçər ölkələr...
Azəri qanıyla yıxandın yetər,
Yapdığın Neronun zülmündən betər,
Bir zəhər sunsa da, əməl doğurdu
Türklüyün qəlbinə vurduğun neştər.
Qaldıqca ruslarda diyarım mənim
İntiqam olacaq şüarım mənim.
Azəri oğluyam, adımda şan var,
Damarımda zülmə hayqıran qan var.
Məni öksüz sanıb kükrəmə düşmən
Bax arxamda haqqı sevən cahan var.
Paçavra bayrağın əlbət solacaq
Azərbaycan yenə mənim olacaq.
Qurtuluş, ey nazlı, sevimli pəri!
Vurğundur könüldən sənə Azəri.
Dişimlə qıraram bir gün gəlib də
Bağrına sancılan qanlı xəncəri.
Yaşa ey həsrətlə doğan istiqlal!
Yaşa ey Türk, yaşa ey gözəl hilal!