Məzmuna keç

Bayram yetişdi, sübh ikən mey müjdəsi aldı xumar

Vikimənbə saytından
Bayram yetişdi, sübh ikən mey müjdəsi aldı xumar
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: Ələkbər Ziyatay


Bayram yetişdi, sübh ikən mey müjdəsi aldı xumar:
Cami-Cəmin göydə dünən bir nisfı olmuş aşikar.

Tərk etdi bayram cənnəti, dünyanın oldu darğası,
Möhrü hilaldır, fərmanı tapdı bu gündən etibar.

O göy çəməndə hökmdar xeyli maral etmiş şikar;
Aydır maralın buynuzu, göydən başüstə sallanar.

Zülmət, gecə bayrağıdır, Ay bayrağın sancağıdır,
Aydın səhər rövnağıdır, gündüz sipəhdan olar,

Qurdu fələkdə pusqu, bax, sağrısına dağ basdı, dağ;
Baş hərfıdir eydin hilal, olmuş fələkdə bərqərar*.

Bax, bayrama bu xoş günə, zərrin qanad Simürğünə;
Əyri qaşı Zalın yenə dağlar başında parlayar*.

Qaldırdığı tozdan, budur, burnu qıçıqlanmış göyün,
Asqırmasıyla aləmi müşk ətri ilə doldurar.

Toz qaldıranda ləşkəri süslər tavus tək hər yeri;
Məşriqdədirsə şəhpəri, məğribdə dimdik oynadar.

Otuz gecə iz azdırıb, zahid gözündən gizlənib,
Oğrun Muğan kuyundakı meyxanədə tutmuş qərar...

Saqi sənəm əndamdır, badə içənlər xaç vurar,
Qəndili sağər eyləmiş, təsbihi zünnar, bağlayar.

Kuyində toz ənbər çıxar, arxında mey kövsər suyu,
Alnında hər tər qətrəsi şehdir, gül üstünə qonar.

Mey ətri ruhu şən edər, rəngi cana qüvvət verər,
Mey süfrədə olsa səhər, məclis behiştə oxşayar.

Xoşdur, mey aşiq tək sola, dərd əhlinə həmrəng ola;
Saf, xıltsız camə dola, olsa acı, şəkkər dadar.

Parlaq Günəşdir mey, tam, rəngi sarı, hey titrəyər,
Hər qətrəsi can cövhəri, dünya qədər təsiri var.

Küp bəsləyən gövhər hanı? Altunyanaq dilbər hanı?
Hər dərdliyə İsa kimi dərman olar, can qaytarar.

Mey bir Günəşdir - nursaçan, büllur camı - asiman,
Saqi əlisə şərqdir, yarın dodağı qərb olar.

Sağərdə, gəl, səhbanı gör, udmuş gəmi dəryanı, gör,
Sonsuz quru səhranı gör, onda gəmi yelkən açar.

Mütrüb olub tutisayaq, düşmüş işə barmaq dodaq,
Bərbət fəğanı sinədən, mizmar boğazından çıxar*.

Bax bir o qara buynuza, qarnı deşilmiş gürzədir,
Ovsunçu qorxmaz heç nədən, gürzə dodağından sorar*.

Bərbət də oxşar Məryəmə, sanki olubdur hamilə,
Doğmaq cəfasından o da eylər dəmadəm ahü-zar.

Mey aşiqi nalan rübab, salmış qola dar qolbağı,
Qolbağ sıxan qoldan, odur, çıxmış üzə çoxlu damar.

Çənk oxşayır bildirçinə, var dimdiyində zərli tel,
Zülfü qulaclar eşqidir, vurmuş ayağından cidar.

Bir dəfvuran ustanı gör, dəfdə şikaristanı gör,
Səf-səf duran heyvanı gör, bir-birlərilə çarpışar*.

Mütrüb enər zildən bəmə, kəklik kimi qaqqıldayar,
Nazik boğazdan nəğmələr axdıqca, sinə dağlanar.

Ruhani quş xanəndədən dinlə Süleyman sirrini,
Xaqani şeri nəğmədə tər incilər tək parlayar..

  • * *


Eşqi hər aşiq qəlbinə atəş salan, ey gülüzar!
Yüz min könül bir qəmzənə can bəxş edib, ağuş açar.

Al güzgünü, sal bir özün qəmzəndəki sehrə nəzər,
Oxla, kamanla pusquda qan tökmək istər, ey nigar!

Mən torpağam, sən güclü yel, mən çör-çöpəm, sən güclü sel,
Salmış oda xasiyyətin, nə səbr qalmış, nə qərar.

Hərçənd ki, çatmazsan dada, bir gün də salmazsan yada,
Dinlə gecə fəryadımı, ahım odu zülmət yarar.

Gec-gec yada salmaqla sən saldın qanımı boynuna,
Tez inciyib, çox küsməyin etmiş məni dərdə düçar.

Sən çox məni aldatmısan, bağrıma sancdın min tikan
Səndən qucağım boş qalıb, gəlməz yuxum, can odlanar.

Xaqani gizli dərd ilə bağrı dolu qan hər zaman;
Dırnaq sancar rüxsarına, qəlbi qam üzdən axar.

Qəlb ovlayan bülbüldür o, təbi gülüstan şaxəsi,
Şah məclisinə şerdən ləlü göhər eylər nisar.

  • * *


Altun sədəfdir, ya Günəş, xərçəngə böylə yar olub,
Xərçəng isə pərvanətək qorxmaz, od ilə oynayar..*

Çöllər yanır, sal bir nəzər, gün dəhrəvari nur səpər,
Əfi başında möhrələr nar danəsin xatırladar.

Çənbər şəkilli bu fələk çulğanmış ənbər rənginə,
İskəndərin aynasına ənbər dolu gül yağdırar...

Cəhcəh vuran bülbül əgər susmuş fərağında gülün,
Gül rəngli mey tək guzədəh, bülbül kimi cəhcəh vurar.

Saqi, süzülmüş mey gətir, mey saf olarsa, xoş gələr,
Qatsan gülab ilə əgər, göz yaşı tək saflıq tapar.

Al yaş söyüd, kafur ilə sazla katandan bir çadır,
Gül üzlü saqilə otur, mey iç onunla bəxtiyar.

Bostanı gah-gah sal yada, onda san üzlü Günəş,
Dörd bir yanı on aypara, hər il üzə bir yol çıxar*.

Şah mədhini nəzmə çəkən təbim yenə tüğyan edir,
Dövlət mənə "gəl-gəl" deyir, olmuş mənə bəxtim də yar.

Mədh eyləyib candan səni, sözdən yaratdım bir dəmət,
Şənində hər beytim mənim zər kanıdır, ey şəhriyar!

Azadə söz sərrafları bilmiş mənəm söz sahiri,
Qarşımda yüz-yüz Ünsüri şagirdlik etmək arzular