Məzmuna keç

Betər (Şair Məhəmməd)

Vikimənbə saytından
Betər (Şair Məhəmməd)
Müəllif: Çoban Məhəmməd
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 55-56

Bir gözəl gördüm bu gün,
Yusifi-Kənandan betər;
Gül yanaq, ayna qabaq,
Huriyü qılmandan betər;
Göz görüb gül camalın,
Bağrım olub qandan betər;
Dərdlərə dərman edər
Həkimi-loğmandan betər;
Yandırır eşqi məni
Atəşi-suzandan betər.

Ay gözəl, mürvət elə.
Eşq oduna yandı Kərəm;
Səhrada Məcnun kimi,
Leyli deyib, ah çəkərəm;
Şirinin Fərhadı tək
Sahibi-səngi-güsərəm;
Şeyx Sənan şövqdən
Söylədi: billah, kafərəm;
Həsrətindən olmuşam
Mən Şeyx Sənandan betər.

Hüsnün ərşin zinəti,
Qaşın hilala vermərəm;
Süleyman həşəmətin
Şənü cəlala vermərəm;
Ləblərin şəhdi-şəkər.
Ləzzətdə bala vermərəm;
Telinin bir muyunu
Külli mahala vermərəm;
Ay qabağın şöləsi
Mehri-dirəxşandan betər.

Görmədim mən bir belə
Gözəllər şahı, müxtəsər;
Bir görüb, ayrı düşən
Çox çəkər ahı, müxtəsər;
Camalı xəcil eylər,
Şəms ilə mahı, müxtəsər;
Bilmirəm, mən xəstənin
Nədir günahı, müxtəsər;
Başımdan aşan dərdim
Eyləyir tüğyandan betər.

Məhəmməd, bir fəhm elə,
Gözəllər sərdarıdı bu;
Hüsndə Züleyxa tək,
Firiştə kirdarıdı bu;
Yer üzündə varmı tayı,
Görən, kimin yarıdı bu?
Dahanı gül qönçəsi,
Dişləri mirvarıdı bu;
Ləblərin ləzzəti var
Kövsəri-Rizvandan betər.