Məzmuna keç

Bilə (Usta Abdulla)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bilə (Usta Abdulla)
Müəllif: Usta Abdulla
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.

Hər yetən gözələ gözəl demərəm,
Gözəl odur, yar qədrini yar bilə.
Bülbül güldən ötrü bağı dolanır,
İnsaf deyil, ləzzətini xar bilə.

Şeyda bülbül yuvasından çaşanda,
Eynim yaşı mövcə gəlib coşanda.
Sevgi sevgisindən ayrı düşəndə
Sağlığı canına ahü zar bilə.

Hər kəs özü çəkər xəcalətini,
Görmədim namərdin ədalətini.
Dost gərək dostunun əmanətini
Saxlaya yanında, yadigar bilə.

Bil, Abdulla dəryalara dalıbdı,
Şikəstə könlünü zülmə salıbdı.
Aşıq qardaş, əlac sənə qalıbdı,
Dost gərək dostunu ümidvar bilə.