Bilənlər
Görünüş
Bilənlər (28.02.2021) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
Yarı əğyar bilibdir ki, mənə yar olmaz,
Mən dəxi anı kim əğyar bilibdir, bilirəm... Məhəmməd Fuzuli |
Hamını özüntək bilməyən bilmə;
Bəzi mətləbləri bilənlər də var.
Bilməyən dağ olsa, sakın, əyilmə;
Dünyada hər nə var, bilənlərdə var...
Vicdanın qulu ol, sözün ağası,
“Ağa” dediyinə olma ağ, asi.
Hər kəsdə olmaz ki Hatəm səxası –
Pay verib dərdinnən ölənlər də var...
Kinli tayfaların olmaz dinləri,
Qatil doğuracaq qatil genləri.
Deyirdin, qan tutar qaniçənləri –
Qandan sərxoş olub gülənlər də var.
Fələk yorulmaz ki, gərdişindədir,
Canlı ölülər var – gor dışındadır.
Dünya köhnə dünya! Öz işindədir –
Zəhəri dişində ilanlar da var...
Teymur, bu, həyatdı, hənək deyil ki!
Bezi də kəfəndi, bələk deyil ki!
Dünya başdan-başa mələk deyil ki –
Filan filan oğlu filanlar da var...