Bilənlərə

Vikimənbə saytından
Jump to navigation Jump to search
Bilənlərə
Müəllif: Cəfər Cabbarlı
Mənbə: Cabbarlı, Cəfər (2005). Əsərləri. Dörd cilddə. I cild. (az). "Şərq-Qərb". ISBN 9952-418-87-3. 2017-05-10 tarixində arxivləşdirilib.

Ey dil, baxırmısan gölü dərya bilənlərə,
Zaği-siyahi bülbüli-şeyda bilənlərə.

Bir aşiqi-həqiqi demək heç rəvamıdır
Daim məkani-aşiqi səhra bilənlərə?

Səhrayə düşsə də yenə Məcnunmu söylənir
Hər bir səfilə düxtəri Leyla bilənlərə?

Olsun həram nuri-bəsər, əsri zövqdə
Şəmi-zəifi bir yədi-beyza bilənlərə.

Olmaz nəsib şagüli-qönçeyi-həyat
Hər bir təbibi həzrəti İsa bilənlərə.

Varkən həyati guşeyi-zindan məkan olur
Hər zövceyi-əzizi Züleyxa bilənlərə.

Həsrətkeşi-təkəllüm olur, daima nəsib
Sina misali hər dağı guya bilənlərə.

Zövqi-həyati anlamayıbdır demək gərək
Qəsdi-həyati cifeyi-dünya bilənlərə.

Cəfər, həmişə hikməti-xilqət nihan olur
Zatın zəkavü əqlə mübərra bilənlərə.