Məzmuna keç

Bildim

Vikimənbə saytından
Bildim
Müəllif: Aşıq Mürsəl
Mənbə: Tariyel Qəni, Şirvan mahalının Kolanı elatının ustad aşıqları, "Ozan dünyası" jurnalı, №3(24), 2015. səh.58-62.

Saz qurşayıb məclislərə varandan,
Sözün qüdrətini deyəndə bildim.
Əsdi başım üsdən səmum yelləri,
Ömür pəncərəmi döyəndə bildim.

Yaşadım, yaratdım tuti dil ilə,
Həmrəy oldum ulus ilə, el ilə.
Həyatın mənasın duydum yol ilə,
Başım daşdan-daşa dəyəndə bildim.

Cavanlıq, qocalıq yarışdı bir-bir,
Demə tənəzzülçün çəkirmiş tədbir.
Tərəqqimi aldı ehtiyac əsir,
Fələk qamətimi əyəndə bildim.

Kolanı Mürsələm, kamalım duru,
Bir vaxt oldum el-obanın məşhuru.
O vaxt ki, azaldı çeşminin nuru,
Düşürəm əlacsız kəməndə, bildim.