Billah, ey sərvi rəvan, durgil səhər, gül şən degül
Görünüş
Billah, ey sərvi rəvan, durgil səhər, gül şən degül Müəllif: Həbibi |
Mənbə: Həbibi. "Şeirlər" (PDF) (az.). "Şərq-Qərb". 2006. 2017-04-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-27. |
Billah, ey sərvi rəvan, durgil səhər, gül şən degül,
Gün yüzün şəmi önündə ta gülə gülşəndə gül.
Cümlə aləm gülşən olsa, gülsə hər dəm yüzümə,
Çün gülər yüzün mənə gəlmiyə, ol gülşən degül.
Rövzəyi-hüsnü cəmalın ərz edəldən, ey sənəm,
Güldü bağü lalə, nəsrin, süsənü gülşəndə gül.
Bitirəldən gülsitam, bağbani-kainat,
Bitmədi bir gül yüzün misli dəxi gülşən degül.
Lalə yüzün həsrətindən oda yaxar içini,
Qönçə ləlün qeyrətindən su olar gül şən degül.
Sünbülün vəsfin səbadən eşidübdürür məgər,
Anın üçün yelə verür xirmənin gülşəndə gül.
Bu Həbibi irişəldən növbahari-vəslünə,
Aləm ana cənnət oldu, yalnız gülşən degül.