Bilmədim (Şair Məmmədhüseyn)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bilmədim (Şair Məmmədhüseyn)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn (2018). Nur çeşməsi (az). Elm və təhsil. Yoxlanılıb 2018-09-20.

Ömrümə yaraşıq, könlümə həmdəm,
Bir gözəl aradım, tapa bilmədim.
Bir sevinc istədim hazır oldu qəm,
Uçdu könül quşu tuta bilmədim.

Dedim həsrət əlim çatsın əlinə,
Dolansın qollarım incə belinə.
Danışdıqca qurban deyim dilinə,
Əfsus, istəyimə çata bilmədim.

Dedim sultanım ol, gülsün taleyim,
Gül aça sinəmdə azad istəyim.
Məmmədhüseyn, qara bəxtə nə deyim,
Sevinci sevincə qata bilmədim.