Bilmərəm (Şair Məmmədhüseyn)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Bilmərəm (Şair Məmmədhüseyn) Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Hiyləgər gözünlə aşiqə baxma,
Eşqin kamanını ata bilmərəm.
Qocalıqda məni odlara yaxma,
Günüm keçib, sənə çata bilmərəm.
Vaxt var idi havalanıb uçardım,
Ürək sirrim gözəllərə açardım.
Xoşa gəlsə götürərdim, qaçardım,
Qədd əyilib sənə bata bilmərəm.
Məmmədhüseynəm, saç ağarıb neyləyim,
Xəncər alıb qara bağrım teyləyim.
Könül istər təzə gülü iyləyim,
Əlim əsir, əfsus, tuta bilmərəm.